Yaşamağı öyrən, onun kimi...

Əhli-Beytin (ə) həyat tərzi, əməlləri, hərəkətləri eyni Qurani-Kərimin buyurduğu kimidir. Onlar Quran aynasıdırlar. İnsanlar həyatın bütün sahələrində o dahi şəxsiyyətlərdən nümunə götürə bilər.  Əgər onların həyatını yaxşı mütaliə edib, öz həyatımıza tətbiq edə bilsək həm maddi və həm də mənəvi cəhətdən səadətə çata bilərik.  Bu yazıda beşinci imam  Məhəmməd Baqirin (ə) bizlərə verdiyi həyat dərslərini araşdırmağa çalışacağıq.
 
İmam Baqir əleyhissəlamın həyatı barədə qısa məlumat
 
İmam Baqir (ə) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cə’fər, ləqəbləri Baqir, Baqirül-ülum olub. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olub. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olub. İmam Baqir (ə) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat edib, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunub. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olub.
 
Ən çox bağışlayan
 
İbni Şəhr Aşub özünün “Mənaqib” kitabında İmam Baqir (ə) barədə deyir: "O ən doğru danışan, əliaçıq və ən çox bağışlayan şəxs idi. O məsumlar arasında ən az sərvəti olan lakin ən çox xərcləyən idi. Hər cümə bir dinar sədəqə verərdi və deyərdi ki, cümə günün sədəqəsinin bu günün fəzilətinə görə digər günlərdən iki qat artıqdır."
 
İmam Məhəmməd Baqirin (ə) ailə üzvlərin çox olmasına və maddi vəziyyətinin orta olmasına baxmayaraq camaat onu çox bağışlayan kimi tanıyırdı.  O, həzrət heç zaman fəqirləri "Ey fəqir bura gəl" - deyə səsləmirdi. Ətrafındakılara da nəsihət edərdi ki, fəqirləri ən gözəl adlarla çağırın.
 
Güzəşt
 
Həzrət İmam Baqir (ə) insanlarla davranışında çox mülayim idi. Başqalarınəın səhvlərini mümkün olduğu qədər görməməzlikdən gələrdi. 
Bir gün məsihi bir kişi O həzrətə dedi:  - Sənə bəqərsən? (İnək)
- İmam buyurdu: Yox mən Baqirəm. Yenə kişi qəsdən təkrar etdi: Sən aşpazın oğlusan?
- İmam buyurdu: Aşbazlıq anamın ixtisası olub.
- Kişi yenə dedi: Sən o qarabuğdayı pis əxlaqlı qadının oğlusan? 
- Həzrət buyurdu: Əgər sən düz deyirsənsə Allah onu bağışlasın, yox əgər sən yalan deyirsənsə Allah səni bağışlasın.
Məsihi kişi İmamın bu əxlaqına heyran oldu və elə orada İmam Baqirin (ə) vasitəsi İslamı qəbul etdi. (Hilyətul Övliya, səh. 289)
 
Mehribançılıq
 
İmam Məhəmməd Baqir (ə) insanlara xüsusi ilə zəif insanlara qarşı həmişə mehriban davranıb. İmam Sadiq (ə) buyurur: Atam öz xidmətçilərinə bir iş tapşıranda və onlara bu iş çətin gələndə özü onlara kömək edərdi.  (Hilyətul Övliya, səh 303)
 
Mahir oxatan
 
Hişam elmi məclislərdə İmam Baqiri (ə) alimlərin qarşısında gözdən salmaq istəsə də, Şamda imamın səviyyəsində kifayət qədər alimlərin olmaması onun məqsədinə çatmasına mane olurdu. Bu məqsədlə Hişam günlərin biri öz sarayında oxatma müsabiqəsi keçirir və İmam Baqiri (ə) də oraya dəvət edir.
Yarış başlandıqda İmam Baqirə (ə) də ox atmağı təklif edir. Amma İmam Baqir (ə) bu iş üçün qoca olduğunu söyləyib tamaşa etməklə kifayətlənmək istədiyini bildirir. İmam Baqiri (ə) pərt etdiyini güman edən Hişam israrla oxla kamanı ona verir. İmam Baqir (ə) təklifi qəbul edib oxu hədəfə atır və düz ortasından vurur. Daha sonra o, ikinci oxu atır və onunla birinci oxu iki yerə bölür. Beləcə, doqquz ox atır və hamısını bir nöqtəyə sancır. Oxların bir-birini iki yerə böldüyünü görən Hişam, İmam Baqiri (ə) tərifləyərək belə məharətlə ox atmağı harada öyrəndiyini soruşur. İmam Baqir (ə) buyurur: "Mədinə cavanlarının ən sevimli məşğuliyyəti ox atmaqdır. Bir vaxtlar mən də bununla məşğul olurdum".
 
İbadət
 
İmam Baqir (ə) həmişə Allahı yad edərdi. Camaatla birgə yaşayırdı, amma bu onu Allahın zikrindən ayırmırdı. Böyük oğlu İmam Sadiq (ə) atasından danışarkən deyərdi ki, atam Allahı çox zikr edərdi. Mən onunla gedirdim və O Allahı zikr edirdi. Onunla yemək yeyirdim, O Allahı zikr edirdi. Camaatla danışırdı amma bu onu Allahın zikrindən saxlamırdı.  (Hilyətul Övliya, səh 298)
İmam Baqir (ə) nəinki dövrünün dahi şəxsiyyəti idi, o həmdə bütün dövrlərdə yaşayan insanlar üçün nümunə olacaq bir şəxsiyyətdir.