Yaponiya hökuməti parlamentin aşağı palatasını buraxıb

Yaponiya hökuməti parlamentin aşağı palatasının buraxılması və vaxtından əvvəl ümumi seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

 
Maide.Az xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin oktyabrın 14-də səhər saatlarında keçirilən iclasında qəbul edilib.
 
Parlamentin aşağı palatasının buraxılması barədə təklif Baş nazir Fumio Kişida tərəfindən irəli sürülüb. Bu təklif hökumət üzvləri tərəfindən qəbul olunub. Yaponiya Konstitusiyasına əsasən, parlamentin aşağı palatasının buraxılması barədə təklif İmperator Naruhito tərəfindən də təsdiq edilməlidir.
 
Bundan bir neçə saat sonra toplanacaq aşağı palata buraxılmış elan olunacaq. Həmin elandan sonra yenidən toplanan Nazirlər Kabineti parlament seçkilərinin tarixini elan edəcək.
 
Qeyd edək ki, Yaponiya parlamentinin aşağı palatasına əvvəlki seçkilər 2017-ci il oktyabrın 22-də keçirilib. Buna görə də deputatların dörd il davam edən səlahiyyət müddəti oktyabrın 21-də başa çatır. Bu ərəfədə F.Kişida seçkilərin oktyabrın 31-də keçiriləcəyini, seçkiöncəsi kampaniyanın isə oktyabrın 19-da başlanacağını elan edib. Hazırda parlamentin aşağı palatasındakı 465 yerdən 305-i hakim Liberal Demokratik Partiyaya (LDP) və onun koalisiya tərəfdaşı Komey-to Partiyasına məxsusdur.
 
Xatırladaq ki, Yaponiya parlamenti oktyabrın 4-də LDP-nin sentyabrın 29-da seçilən yeni lideri Fumio Kişidanı böyük səs çoxluğu ilə ölkənin Baş naziri vəzifəsinə təsdiq edib.