Yediyimiz çörək bu yolları keçərək süfrəmizə gəlir

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.  Bu qərara əsasən çörək-bulka məmulatlarının satışının qaydaları müəyyən edilib:
 
- Məmulatların arabalara, yeşiklərə açıq şəkildə və əlcəksiz boşaldılması yolverilməzdir.
 
- Polimer materiallardan olan örtüklər hər gün havaya verilməli və qurudulmalıdır. 
 
- Onların təmiz şəkildə saxlanılmasına riayət olunmalıdır.
- Məmulatlar sobadan çıxdıqdan sonra ticarət şəbəkələrində yalnız normativ-texniki sənədlərdə göstərilən müddətdə satılmalıdır. Bu müddət başa çatdıqdan sonra məmulatlar dərhal satışdan götürülməlidir.
 
Nazirlər Kabinetinin qəbul etdiyi qərarın icra olunub-olunmamasını aydınlaşdırmaq qərarına gəldik. Axı marketlərə satışa verilən bu çörəklər hər gün süfrəmizdə istifadə edilir.
 
Araşdırmamız böyük və kiçik marketlərdə, həmçinin çörək və şirniyyat sexlərində həyata keçirildi.
 
İlk olaraq şəhərin müxtəlif məntəqələrində fəaliyyət göstərən “Favorit Market”ə baş çəkdik. Marketə baxış zamanı çörəklər paketli və paketsiz hada satış rəflərinə qoyulduğunun şahidi olduq. Çəkiliş üçün mağazaya məsul olan şəxsə müraciət etdik. Özünü təqdim etməyən şəxs çəkilişə imkan vermədi.
 
 
Daha sonra 9-cu mikrorayonda “BolMart” super marketinə yollandıq. Burda da eyni vəziyyəti müşahidə etdik.  Həmin müəssisədə məsul şəxsə çörəyin paketsiz satışının qadağan olduğunu bildirdik. Çəkilişə icazə verməyən market nümayəndəsi əməkdaşımızla söhbət zamanı satıcılardan çörəyin paketlənməsini tələb etdi. 
 
 
 
 
 
 
Nəsimi metrosunun yaxınlığında yerləşən “Sarı Super Market”də də çörəklərin həm paketli, həm də paketsiz satışda olduğunu müşahidə etdik.
 
Onu da deyim ki, hər üç super market qəbul edilən qərardan məlumatsız idi. 
 
 
 
 
Daha sonra çörəklərin durumu ilə bağlı kiçik marketlərə də baş çəkdik.
 
Super marketlərə nisbətən kiçik olan bu müəssisələrdə  çörəklərin vəziyyəti daha acınacaqlı idi: Alıcılar paketsiz məhsulu əlləri ilə bir-bir yoxlayır,  seçir, daha sonra alırdılar. Satıcı da həmin çörəyi öz “təmiz” əlləri ilə paketləyərək müştərini yola salırdı.
Belə marketlərdə araşdırmamızı lentə almaq istəsək də, satıcılar buna imkan yaratmadı. Birində isə satıcı çörəyin qarşısını kəsərək, ancaq paketli məhsulu çəkməyə icazə verdi. Biz də bu xanım satıcının  “nəzakət”ini və göstərişini qiymətləndirib, ancaq paketli çörəklərin şəkillərini çəkə bildik.
 
 
 
Nəsimi bazarının yaxınlığında yerləşən “Ruzi” marketdə çörəyin necə satışa çıxarıldığına baxdıq. Burada satıcı çörəyi hara gəldi düzmüşdü. Hətta tərəzinin üstündə də paketsiz çörəklər qoyulmuşdu. 
 
 
 
 
Marketlərdən kifayətlənib iki çörək sexlərində araşdırma apardıq. Qeyd edək ki, hər iki müəssisə 6-cı mikrorayonda bir-birlərinə yaxın məsafədə yerləşir.
 
Birinci çörək sexində gigiyenik qaydalara əməl olumurdu və buna əmin olun ki, bişirilən çörəklərin saxlandığı yeri  görən istənilən insan həmin məhsuldan istifadə etməzdi. Digər sexdə vəziyyət nisbətən normal görünsə də, şirniyyatlar və çörəklərin bişirilməsi, düzülməsi, həmçinin paketlənməsi zamanı işçilərin əlcəkdən istifadə etmədiklərinin şahidi olduq.
 
 
 
 
 
 
FaktXəbər olaraq etdiyimiz bu araşdırmanın nəticəsində bizlərə aydın oldu ki, istər böyük, istərsə də kiçik marketlər, həmçinin çörək sexləri qəbul edilən yeni qaydalardan məlumatlı deyil. Bununla belə, düşünürük ki, istənilən halda, hətta uyğun qanun qəbul edilməsə belə, gigiyenik qaydalar gözlənilməlidir.