Xərcləri açıqlanmayan Formula 1 qazanc gətirəcəkmi?

Xərcləri açıqlanmayan Formula 1 qazanc gətirəcəkmi?

Bakıda keçiriləcək Formula 1 yarışlarına artıq sayılı günlər qalıb. Demək olar ki, yarışın keçirilməsi üçün bütün hazırlıqlar görülüb və son tamamlama işləri aparılır. Qeyd edək ki, Formula 1 üç gün -17-18-19 iyun tarixlərində keçiriləcək. Uzunluğu 6 km-dən bir qədər artıq olan Bakı Şəhər Halqası trekin uzunluğuna görə dünyada ikincidir. Start meydançası, əsas tribuna və pit-stop nöqtəsi Bakının Azadlıq meydanıdır. Yarışlar Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərimizin əsas mərkəzi hissələrini əhatə edəcək. Məşhur yarış 190 ölkədə 500 milyondan artıq azarkeş tərəfindən izlənəcək. Məlumat üçün bildirək ki, Formula 1 Avropa Qrand Prisi ilə bağlı imzalanan müqavilə 10 illikdir. Azərbaycan 5 il ərzində bu yarışı keçirmək istəmədiyini açıqlayarsa, o zaman  cərimə ödəməli olacaq.  Yarışın büdcəsinə gəldikdə isə, yolların çəkilişinə 12 milyon dollar xərcləndiyi açıqlanıb.  Kommersiya sirri əsas gətirilərək ümumi büdcə sirr saxlanılır. Lakin gənclər və idman naziri Azad Rəhimov  bu il olmasa da, gələn il yarışa xərclənən vəsaiti ölkəyə qaytarmaq mümkün ola bilər.
 
Bəs görəsən Formula 1 yarışlarına xərclənən vəsaitin yarışın keçiriləcəyi növbəti illər ərzində ölkəyə bu və ya digər formada qaytarılması mümkündürmü?
 
İslaminSesinin suallarını iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb. İqtisadçı qeyd edib ki, yarışlardan Azərbaycanın nə qədər qazanc götürəcəyini öyrənmək və bu vəsaitin Formula 1 -ə sərf olunan  pulu konpensasiya edib-etməyəcəyini bilmək üçün, ilk öncə çəkilən xərclərin miqdarını müəyyənləşdirmək lazımdır: “ Təəssüflər olsun ki, hələlik Gənclər və İdman Nazirliyi Formula 1-ə xərclənən ümumi məbləği sirr olaraq saxlayır.  Buna görə də, nə qədər xərc çəkildiyini bilmədən maliyyə analizi aparmaq mümkün deyil”.  
 
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan hökumətinin bu yarışlara xərclədiyi ümumi vəsait elə də böyük rəqəm deyilsə, o zaman qısa müddətdə gəlir əldə etmək imkanı ola bilər. Əksinə Formula 1-ə böyük miqdarda büdcə vəsaiti ayrılıbsa və xərclər kifayət qədər ciddi rəqəmləri özündə əks etdirirsə, o zaman mənfəət əldə etmək xeyli zaman aparacaq.  Bu baxımdan yarışın ümumi büdcəsinin rəsmi olaraq elan edilməsinə ehtiyac var.  Yalnız bundan sonra Formula 1-in iqtisadi və maliyyə əsaslandırması mümkündür”.
 

Google+ WhatsApp ok.ru