XƏZAN HƏYAT

Rza Şükürlü

XƏZAN HƏYAT


Qurani-Kərimin “Kəhf” surəsinin 45-46-cı ayələrində buyurulur:

وَاضْرِبْ لَهُمْ مَثَلَ الْحَیاةِ الدُّنْیا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِیمًا تَذْرُوهُ الرِّیاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَیءٍ مُقْتَدِرًا

“Onlara dünya həyatını məsəl çək ki, (o,) göydən endirdiyimiz su kimidir. Belə ki, yerin bitkiləri onun vasitəsilə (bitir və) bir-birinə qarışırlar (və gözəl bir mənzərə yaranır, sonra (az bir zamanda) quruyur. Nəhayət, küləklər onları (hara gəldi) səpələyir. Allah həmişə hər bir şeyə qadirdir.”

الْمَالُ وَالْبَنُونَ زِینَةُ الْحَیاةِ الدُّنْیا وَالْبَاقِیاتُ الصَّالِحَاتُ خَیرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَیرٌ أَمَلًا

“Mal və övladlar dünya həyatının zinət və bəzəyidirlər. Daimi qalacaq yaxşı əməllər isə sənin Rəbbinin yanında mükafat baxımından daha qiymətli və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir.”

Hər zaman gözəl yaşıllıq və bağ-bağat insanın gözlərini heyran edir. Amma payızın ilk günlərindən bu gülüstanlıqlar öz təravətini get-gedə əldən verir, yarpaq və gül-çiçəkləri saralıb-solaraq küləklər vasitəsilə o tərəf-bu tərəfə səpələnir. İnsanlar hər il təbiətin bu ölümünü müşahidə edirlər.

Dünya həyatı da eynilə belədir və onun da ömrü qısadır. Nadan insan yaşadığı müddət ərzində həyatın əbədi olduğunu güman edir. Çox çəkmir ki, ölüm onun həyatına son qoyur, ev-eşiyi ona-buna qalır, sərvəti əldən-ələ ötürülür və ondan əsər-əlamət qalmır. Həqiqətdə, insan, mal-dövlət və övlad yaşıl yarpaqlar və gül-çiçəkləri xatırladır, ötəri təravətdən sonra məhv olurlar. Dünya həyatı və onun zər-zivəri – sərvət və övladı ötəridir. Qurani-Kərim bu həqiqəti məsəllə aydınlaşdırır. Dünya həyatının məsəli belədir:

O, göydən yağdırdığımız yağmur və suya bənzəyir, yerdəki bitkilər onunla yetişərək gözəl bir mənzərəni yaradır, bu mənzərə bir müddət beləcə qalır, nəhayət, xəzana dönərək payız və qış küləkləri ilə sovrulub gedir.

Mal və övlad da dünya həyatının zinət, bəzəyidir və əbədi qalası deyil!

الْمَالُ وَالْبَنُونَ زِینَةُ الْحَیاةِ الدُّنْیا...

“Mal və övlad dünya həyatının zinət və bəzəyidirlər.”

Əbədi həyat yaxşı və xeyirxah işlər üzərində qurulur:

... وَالْبَاقِیاتُ الصَّالِحَاتُ خَیرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَیرٌ أَمَلًا

Əbədiyyət qazanan isə yaxşı əməllərdir. Onlara görə Rəbbin dərgahında savab veriləcək və onlara ümid bəsləmək daha yaxşıdır.

Google+ WhatsApp ok.ru