Xanımı Əfqan Sadıqovun həyatından narahatdır

Xanımı Əfqan Sadıqovun həyatından narahatdır

Ailəsi Azel TV saytının rəhbəri, noyabrın 4-dən həbsdə aclıq aksiyasına başladığını açıqlayan Əfqan Sadıqovdan narahatdır. Onun həyat yoldaşı Sevinc Sadıqova AzadlıqRadiosuna deyib ki, Ə.Sadıqovu artıq iki həftədir görə bilmir: "Hələ onda özü gəzə bilmirdi, araba ilə gətirmişdilər".
 
Xanımının deməsinə görə, Ə.Sadıqov artıq 37 gündür ki, aclıq edir: "25 kiloqrama yaxın çəki itirib. Həkimlər analiz üçün ondan qan götürə bilmirlər. Artıq gəzə bilmir, ayağa durmaq istəyəndə müvazinətini itirib yıxılır...".
 
S.Sadıqovanın sözlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi müxtəlif səbəblər gətirərək ona həyat yoldaşı ilə görüş vermir: "Təcridxanaya gedirəm. Mənə deyirlər ki, xəstəxanadadır. Xəstəxanaya gedirəm, deyirlər ki, orada yoxdur. Həyat yoldaşımın yerini müəyyən etmək üçün Ombudsman Aparatına müraciət edirəm. Ombudsman Aparatı xəstəxanaya müraciət edir, xəstəxanadan isə deyirlər ki, Əfqan Sadıqov ora aparılmayıb".
 
Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma bir müddət öncə bu qurumun mətbuat xidmətindən Ə.Sadıqovun aclıq aksiyası keçirdiyi ilə bağlı məlumatı təsdiqləməmişdilər.
 
Lakin dekabrın 3-də Ombudsman Aparatının yaydığı məlumatda Ə.Sadıqovun aclıq aksiyası keçirdiyini bildirdiyi qeyd olunmuşdu. "Qəbulda Əfqan Sadıqov barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. MPQ-nin (Milli Preventiv Qrupunun) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib", - Ombudsman Aparatının məlumatında vurğulanırdı.
 
Azel TV saytının rəhbəri Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.
 

Google+ WhatsApp ok.ru