YAŞLI TƏLƏBƏ 21 İyul 2018 01:00 İbrətamiz hekayələr Səkkaki misdən bəzək əşyaları düzəldən bir sənətkar idi. O, tam məharət və diqqətlə padşaha təqdim etməyə layiq bir açar düzəltdi. Öz sənəti müqabilində ona təşəkkür edilməsini gözləyirdi. Elə bu ümidlə onu padşaha təqdim etdi. Əvvəlcə, gözlədiyi kimi gördüyü iş şahın diqqətini cəlb etsə də, həmin an qarşıya çıxan bir hadisə Səkkakinin həyat yolunu tamamilə dəyişdi. Şah sənət əsərinə tamaşa edərkən, Səkkaki də öz xəyallarına dalmışkən, bir alimin məclisə daxil olması haqda məlumat verdilər. Alim içəri daxil olduqda, şah onu ehtiramla qarşıladı və onunla elə söhbətə məşğul oldu ki, Səkkaki və onun sənəti unuduldu. Bu mənzərəni müşahidə etmək Səkkakinin ruhunda dərin bir dəyişiklik yaratdı. Gördüyü bu işin müqabilində qədərincə tərif və təqdir olunmayacağını bildikdə, bütün ümid və arzuları puç oldu. Düşündü ki, sənətini dəyişsin, ayrı bir sənətlə məşğul olsun; düşündü ki, kitabla, elmlə məşğul olsun, itirmiş arzu və ümidlərini həmin yolda əldə etsin. Lakin gənclik dövrünü arxada qoymuş bir kişi üçün yeniyetmə uşaqlarla birgə dərs oxumaq və ibtidai təhsilə başlamaq o qədər də asan iş deyildi. Çarə yoxdur, balığı nə vaxt sudan tutsan, yenə təzədir. Ən pis isə bu idi ki, dərs oxumağa başladıqda, özündə heç bir zövq, maraq və istedad görmədi. Bəlkə də, onun uzun illər başqa bir sənətlə məşğul olması elmi və ədəbi zövqünü məhv etmişdi. Lakin nə yaşının keçməsi, nə də istedadının sönməsi, onu qəbul etdiyi qərardan döndərə bilmədi. Tam ciddiyyətlə dərsə başladı. Ustad ona Şafeinin hökmlərini (fiqhini) öyrətməyi qərara aldı və ona bu məsələni təlim keçdi: “Ustadın nəzəri budur ki, itin dərisi aşılanmaqla paklanır.” Səkkaki bu cümləni dəfələrlə təkrar edirdi ki, sabah ustadın hüzurunda bu cümlənin öhdəsindən yaxşı gəlsin. Ancaq ertəsi gün ustadın hüzurunda ikən, həmin cümləni bu cür bəyan etdi: “İtin nəzəri budur ki, ustadın dərsi aşılanmaqla paklanır.” Sinifdəkilər gülüşməyə başladılar. Hamıya məlum oldu ki, bu yaşlı kişinin dərs oxuması bir nəticə verməz. Səkkaki daha məktəbdə və şəhərdə qala bilmədi. Vətənə dönmək qərarına gəldi. Geniş dünya ona dar olmuşdu. Vətənə qayıdarkən, təsadüfən, bir dağın ətəyinə çatdıqda gördü ki, hündür bir yerdən su damcı-damcı bir daşın üzərinə tökülür və davamlı şəkildə tökülən damcılar daşı dəlmişdir. Bir anlıq fikrə daldı və zehnindən yeni bir fikir keçdi. Öz-özünə dedi: “Mənim qəlbim nə qədər bərk və istedadsız olsa da, bu daşdan bərk deyil. Səy və çalışmaq səmərəsiz qala bilməz.” Yenidən təhsilini davam etdirmək üçün məktəbə qayıtdı, sonda ərəb ədibləri və alimlərdən birinə çevrildi. Onun təlif etdiyi “Miftahul-ulum” kitabı dəyərli elmi-ədəbi əsərlərdəndir. (“Rovzatul-cənnat”, səh.747; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.325. Maide.Az ) Teqlər : #YAŞLI TƏLƏBƏ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AĞIRLIQQALDIRANLAR VƏ PEYĞƏMBƏRİN (S) ONLARA NƏSİHƏTİ KİÇİK GÜNAHLAR TƏKRARLANARSA...