ZƏMANƏNİN İMAMI – ELMİ-İDEOLOJİ SIĞINACAQ

ZƏMANƏNİN İMAMI – ELMİ-İDEOLOJİ SIĞINACAQ

Məlum olduğu kimi, məsum rəhbərlər (ə) cəmiyyətin həqiqi alimləri və müəllimləridirlər. İnsanlar həmişə onların dərin elm və maariflərindən faydalanmışlar. Qeyb dövründə bütün sahələrdə birbaşa ilahi elm mədəni olan imam Zamandan (ə) faydalanmaq mümkün olmasa da, o həzrət müxtəlif yollarla şiələrin elmi-ideoloji çətinliklərini həll etmişdir. Kiçik qeyb dövründə imam Mehdi (ə) tərəfindən “Tovqiat” adlanan məktublar vasitəsilə camaat və alimlərin bir çox suallarına cavab verilmişdir. (“Kəmalud-din”, c.2, fəsil 45, s.235-286.) Buna o həzrətin İshaq ibn Yəqubun suallarına cavab olaraq yazdığı məktubunu misal göstərə bilərik. Məktubda imam Mehdi (ə) buyurur: “Allah səni hidayət və sabitdəm etsin. Bizim xanədanı inkar edənlər və əmim uşaqları haqqında sual soruşmusan. Bil ki, Allahın heç kim qohumluğu yoxdur. Məni inkar edən məndən deyil. Məni inkar edənin axır-aqibəti də həzrət Nuhun (ə) oğlu kimi olacaq... Mal-dövlətinizi paklamamış sizdən qəbul etməyəcəyik... Bizə göndərdiyiniz malları pak olduqları üçün qəbul edirik. Bizim malımızı halal bilərək yeyən şəxs, şübhəsiz ki, atəş yemişdir... Məndən faydalanmaq isə buludlar arxasında günəşdən faydalanmaq kimidir. Ulduzlar səma sakinlərinə sığınacaq yeri olduğu kimi, mən də yer üzündəki insanlara sığınacaq yeriyəm. Sizə faydası olmayan məsələr haqqında sual soruşmayın. Sizdən öyrənilməsi istənilməyən məsələlər haqqında da özünüzü zəhmətə salmayın. Mənim zühurumun tezləşməsi üçün çox dua edin ki, sizin qurtuluşunuz ondadır. Salam olsun sənə, ey İshaq ibn Yəqub! Salam olsun hidayət ardıcıllarına!(“Kəmalud-din”, c.2, fəsil 45, hədis 4, s.237.)

Kiçik qeyb dövründən sonra da şiə alimləri dəfələrlə etiqadi, elmi-ideoloji suallarını o həzrətə çatdıraraq cavablarını almışlar.

Müqəddəs Ərdəbilinin şagirdlərindən olan Mirəllam deyir: “Bir dəfə gecə yarısı Nəcəfi-Əşrəfdə imam Əlinin (ə) mübarək türbəsinin həyətində ikən, birdən bir nəfərin türbəyə doğru getdiyini gördüm. Ona yaxınlaşdıqda, gördüm ki, ustadım Şeyx Əhməd Müqəddəs Ərdəbilidir. Özümü ona göstərmədim O, türbəyə yaxınlaşdı. Lakin qapı bağlı idi. Birdən qapı açıldı və içəri daxil oldu. Bir azdan sonra türbədən çıxdı və Kufə şəhərinə doğru hərəkət etdi. Mən isə onu izləyirdim. O, Kufə məscidinə daxil oldu və imam Əmərəlmöminin Əlinin (ə) başına qılınc zərbəsi dəyilən mehraba yaxınlaşıb bir az gözlədi. Sonra məsciddən çıxdı. Nəcəfə doğru getməyə başladı. Hənnanə məscidinə daxil oldu. Mən birdən asqırdım və o, səsimi eşitdi. Məni gördükdə tanıdı və “Mirəllam sənsənmi?” səsləndikdə dedim: “Bəli.” Dedi: “Burada nə edirsən?” Dedim: “Ustad, imam Əlinin (ə) türbəsinə girdiyiniz vaxtdan bəri mən də sizinlə birlikdəyəm. Sizə and verirəm bu qəbrin sahibinin hörmətini, bu axşam şahid olduğum hadisələrin siriini mənə açıqlayın!” Ustadım dedi: “Bir şərtlə deyərəm ki, həyatda olduğum müddətdə heç kimə açıb deməyəsən.” Mən ona söz verdikdən sonra dedi: “Bəzən, bir sıra məsələlərin həllində çətinlik çəkirəm. Onların həlli üçün Əmərilmöminin Əliyə (ə) təvəssül edirəm. Bu axşam da bir məsələni həll etməkdə çətinlik çəkdim. Üzərində çox fikirləşdim. Sanki birdən qəlbimə düşdü ki, o həzrətin hüzuruna gedib, sualı ondan soruşum. Türbəyə çatdığım zaman gördüyün kimi qapı öz-özünə açıldı və içəri girdim. Məsələnin cavabını Həzrətdən (ə) almaq üçün mütəal Allaha yalvardım. Qəflətən pak qəbirdən belə bir səs eşitdim: “Kufə məscidinə get və Qaimdən (ə) soruş. Çünki o, zəmanənin imamıdır. Sonra (Kufə məscidinin) mehrabına yaxınlaşdım. Məsələni İmamdan (ə) soruşub cavabını aldım. İndi də evə gedirəm.” (“Biharul-ənvar”, c.52, s.174.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru