14 yaşlı Sanay Qəhrəmanlıya hücum olunub

Ötən gün Bakıda Elmlər Akademiyası metrostansiyasının yaxınlığında 14 yaşlı Sanay Qəhrəmanlıya hücum olunub.
 
Maide.Az  xəbər verir ki, zərərçəkənin anasının sosial şəbəkələrdə yayımladığı mlumat və video görüntülərinə görə,  azyaşlı qıza hücum edən şəxs Suraxanı sakini, Tural Gəray oğlu Qarayev olub. 
 
T. Qarayev küçədə 14 yaşlı qıza qarşı nalayiq ifadələr işlədib, söyüşlər söyüb və ona qarşı fiziki güc işlədib.
 
Anası Zümrüd Yağmur deyir ki, Tural Qarayev qızı Sanay Qəhrəmanlını aprelin 16-da da izləyirmiş. 
 
“Dünən Tural Qarayev Sanayı dərsdən çıxanda izləyirmiş, sonra uşaq dükanların birinə girib onu itirmək istəyib. Amma bir az sonra dükandan çıxıb yolu keçərkən boz rəngdə avtomobil onun qarşısında dayanıb, yaxşı ki, Sanay tez ordan uzaqlaşıb. Doğrusu, intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı paylaşımı üzündən Sanaya təhdid vardı, amma bu dərəcədə olacağına inanmırdım. Aprelin 16-da Sanayın izlənməsini də ictimailəşdirmədim, çünki bu həddə davam edəcəyi ağlıma gəlməzdi”.
 
Z.Yağmur bildirib ki, hadisə metronun “Elmlər Akademiyası” tərəfdə, saat 17 radələrində olub. Həmin vaxt yeniyetmə ingilis dili kursundan çıxıb, yanında rəfiqəsi olub, səkini keçəndə Tural Qarayev hücum edib, əvvəlcə söyüb, sonra vurub. 
 
Hadisə ilə bağlı 14 yaşlı qız S. Qəhrəmanlı Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsində izahat verib. 
 
Qeyd edək ki, S. Qəhrəmanlı AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun qızıdır.