250 yaşlı insan - 7

Dördüncü fəsil: Həzrət Fatimeyi-Zəhra (s.ə)

Realist və məntiqi baxışla yanaşsaq, bəşəriyyət İslama, Qurana, peyğəmbərlərin və son peyğəmbərin təlimlərinə borclu olduğu kimi, Fatimeyi-Zəhraya (ə) da borcludur. Bu həqiqətdir. Tarix boyu həmişə belə olub, bu gün də belədir. İslam nuru və Fatimeyi-Zəhra (s.ə) mənəviyyatı günbəgün daha da parlayacaq və bəşəriyyət onu daha yaxşı dərk edəcək. Bizim borcumuz özümüzü bu ailəyə mənsubluğa layiq etməkdir. Təbii ki, Peyğəmbər (s) ailəsinə, onların yaxınlarına və onların vilayəti ilə məşhur olanlara mənsub olmaq çətindir. Ziyarətdə oxuyuruq ki, biz sizi sevməklə tanınırıq. Bu məsələ bizim üzərimizə əlavə vəzifələr qoyur.

Allah-Taala mübarək Kövsər surəsində əziz Peyğəmbərə (s) bol xeyir müjdəsi verib buyurdu: "Həqiqətən Biz sənə Kövsər (bol xeyir) bəxş etdik".[1] Burada "kövsər" deyərkən Fatimeyi-Zəhra (s.ə) nəzərdə tutulur. Bu, Peyğəmbərin (s) gətirdiyi din qaynağından hər gün bütün bəşəriyyətə, bütün məxluqlara çatan xeyirlər məcmusudur. Çoxları onu gizlətməyə və inkar etməyə çalışmış, amma bacarmamışlar: "Kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu (dinini) tamamlayacaqdır"[2].

Biz özümüzü bu nur mərkəzinə yaxınlaşdırmalıyıq. Bu mərkəzə yaxınlaşmağın nəticəsi və xüsusiyyəti işıqlanmaqdır. Biz boş sevgi ilə yox, əməllə işıqlanmalıyıq; həmin sevginin, vilayətin və imanın bizə diktə etdiyi və bizdən istədiyi əməllə. Bu əməllə bu ailədən və ona bağlı olmalıyıq. Əli (ə) evində xidmətçi olmaq asan iş deyil; "Salman biz Əhli-beytdəndir"[3]  sözü kiçik söz deyil. Əhli-beyt tərəfdarları və şiələri olan bizlər onların bizi özlərindən və öz yaxınlarından bilmələrini gözləyirik. Ürəyimiz istəyir ki, Əhli-beyt bizim haqqımızda belə fikirdə olsun, amma bu asan deyil. Bu yalnız iddia ilə əldə olunmur. Bunun üçün əməl, fədakarlıq, bənzərlik və onlar kimi əxlaqa sahib olmaq lazımdır.

Siz görün Fatimeyi-Zəhra (s.ə) hansı yaşında bütün bu fəzilətlərə sahib oldu, hansı ömürdə bütün bu nailiyyətləri əldə etdi? Qısa ömürdə - 18, 20, yaxud 25 il ərzində. Bütün bu fəzilətlər əbəs əldə olunmur. Allah-Taala seçilmiş bəndə olan həzrət Zəhranı (ə) sınadı. Allah-Taalanın işləri əsaslı və hikmətlidir, bəxş etdiyini hansısa səbəbdən bəxş edir. O Özünün bu xalis bəndəsinin fədakarlığını, mərifətini, ilahi məqsədlər uğrunda qurban getdiyini bilir və məhz buna görə Öz mərhəmətini ona şamil edir.

Bir hədisdə deyilir ki, Fatimeyi-Zəhranın (ə) nurundan səma mələklərinin gözü qamaşır.[4]  Biz bu parlaqlıqdan necə istifadə etməliyik? Biz bu parlaq ulduzun köməyi ilə onun yüksək dərəcələrə çatdığı doğru yolu - Allaha sarı gedən bəndəlik yolunu tapmalıyıq. Allah bu insanın maddi aləmdəki imtahandan yaxşı çıxacağını bildiyinə görə onun xəmirini belə yoğurdu. Allah-Taala hətta o xəmirə xüsusi lütf göstərirsə, onun bir hissəsi imtahandan necə çıxacağını bildiyinə görədir. Əslində çoxlarının xəmiri yaxşı idi, amma imtahandan çıxa bildilərmi?! Bizim Fatimeyi-Zəhranın (ə) həyatının bu hissəsinə öz xilasımız üçün ehtiyacımız var. Şiə kitablarında göstərilən hədisə əsasən, Peyğəmbər (s) buyurdu ki, Ey Fatimə, ey mənim əzizim, mən Allah qarşısında səni heç bir şeydən ehtiyacsız edə bilmərəm;[5]  yəni öz başına çarə qılmalısan. Və o, uşaqlıqdan qısa ömrünün sonuna qədər bu işi gördü.

Siz görün o həzrət necə yaşamışdır. Ailə qurmazdan öncə çox böyük bir atası olan qız uşağı idi. Amma o zaman elə işlər gördü ki, onu "Ümmü-əbiha" – yəni atasının anası adlandırdılar.[6]  O zaman rəhmət və nur elçisi, yeni dünyanın banisi, qlobal və həmişəyaşar inqilabın möhtəşəm rəhbəri İslam bayrağını ucaltmaqda idi. Ona əbəs yerə atasının anası demirlər. O həzrətin atasının anası adlandırılması onun xidmətinə, işinə, mücahidliyinə və fəaliyyətinə görədir. O həzrət istər Məkkədə, istər çox çətin keçən Əbutalib dərəsində, istərsə də anası Xədicənin dünyadan köçüb Peyğəmbəri (s) yalqız qoyduğu zaman atasının yanında oldu və onun dərdini bölüşdü. Qısa müddətdə baş verən iki hadisədən - Xədicənin və Əbutalibin vəfatından sonra Peyğəmbərin (s) qəlbi sındı. Peyğəmbər (s) az vaxt ərzində bu iki şəxsiyyəti əldən verib yalqız qaldı. Fatimeyi-Zəhra (s.ə) o günlərdə özünü göstərdi, kiçik əlləri ilə Peyğəmbərin (s) üzündən qəm tozunu sildi. "Ümmü əbiha" - atasının anası, Peyğəmbərin (s) təsəlli verəni deməkdir. Bu künyə o günlərdə yarandı.

Həzrət Zəhranın (ə) doğum tarixinə dair fərqli rəvayətlər vardır. Bu baxımdan, o, altı, yaxud yeddi yaşında olarkən Əbutalib dərəsinə köç məsələsi qarşıya çıxdı. Əbutalib dərəsi dövrü İslamın erkən çağında çox çətin bir dövr sayılır. Peyğəmbərin (s) dəvəti başlanmışdı, Məkkə xalqı, xüsusən cavanlar və qullar tədricən Peyğəmbərə (s) iman gətirirdilər. Əbu Ləhəb, Əbu Cəhl və digər zalım başçılar Peyğəmbəri (s) və onun ətrafındakıları Mədinədən ixrac etməkdən başqa yol qalmadığını düşündülər. Onlar belə də etdilər: onlarla ailəni, Peyğəmbəri (s), onun qohumlarını və Əbutalibin özünü - Əbutalib də böyük şəxsiyyətlərdən idi - uşaqlı-böyüklü Məkkədən çıxardılar. Bəs onlar haraya getsinlər? Təsadüfən, cənab Əbutalibin Məkkənin təxminən bir neçə kilometrliyində yerləşən bir dərədə mülkü vardı. Oranın adı Əbutalib dərəsi idi. Ora dağ yarığı və kiçik bir dərə idi. Məkkədə gündüzlər hava isti, gecələr isə olduqca soyuq keçirdi. Siz görün nə qədər dözülməz bir vəziyyət yaranmışdı. Onlar üç il bu dərədə yaşadılar; nə qədər aclıq çəkdilər, çətinlik gördülər, Allah bilir. Peyğəmbərin (s) çətin dövrlərindən biri bu dövr idi. Bu dövrdə əziz Peyğəmbərin (s) vəzifəsi təkcə bir cəmiyyəti idarə etmək deyildi. O, məşəqqətə düşmüş bu insanlar qarşısında öz hərəkətini müdafiə etməyi bacarmalı idi.

Bildiyiniz kimi, vəziyyət yaxşı olanda rəhbərin ətrafına yığışan insanlar da razı qalırlar. Deyirlər Allah atasına rəhmət eləsin ki, bizi belə yaxşı vəziyyətə çıxarıb. Çətinlik görəndə isə hamı deyinir ki, biz bunu istəmirdik, o buna bais oldu. Əlbəttə, güclü imanı olanlar dayanırlar. Hər halda, bütün çətinliklər Peyğəmbərin (s) çiyninə düşürdü. Çox çətin olan bu psixoloji durumunda onun dayağı və ümidi olan cənab Əbutalib, həmçinin Peyğəmbərə (s) ən böyük psixoloji köməyi göstərən Xədiceyi-kübra bir həftənin içində dünyadan köçdülər. Çox qəribə bir vəziyyət yarandı: Peyğəmbər (s) tək-tənha qaldı.

Mən bilmirəm siz indiyədək bir işçi qrupun başçısı olmusunuzmu və bir toplumun məsuliyyətinin nə demək olduğunu bilirsinizmi? Belə bir şəraitdə insan doğrudan da çarəsiz qalır. Bu şəraitdə Fatimeyi-Zəhranın (s.ə) roluna baxın. Tarixi məlumatlar arasında bu məqamları tapmaq lazımdır. Lakin təəssüf ki, belə məsələlər üçün fəsil ayırmırlar. Fatimeyi-Zəhra (s.ə) Peyğəmbərə (s) bir ana, müşavir və təbib kimi olub və məhz buna görə ona “Ümmü əbiha”, yəni atasının anası demişlər. Bu, o zamana, yəni bu qızın altı-yeddi yaşı olan vaxta aiddir. Əlbəttə, ərəb cəmiyyətlərində və isti yerlərdə qızlar fiziki və psixoloji cəhətdən daha tez inkişaf edirlər - məsələn, bizim indiki 10-12 yaşlı qızlarımız qədər. Bu, məsuliyyət hissidir. Bu, bir gənc üçün örnək ola bilməzmi: öz ətrafına qarşı tez məsuliyyət hiss edib fəaliyyətə başlamaq, malik olduğu böyük potensialı xərcləmək, yaşı misal üçün, əllini ötmüş və təqribən qocalmış atasının qəm-kədərini bölüşmək?! Bu, bir gənc üçün dərs ola bilməzmi?! Bu, çox əhəmiyyətli məsələdir.

Belə bir dünyada əziz Peyğəmbər (s) elə bir qız tərbiyə edir ki, əlinin Allah rəsulu tərəfindən öpülməsinə layiq olur. Peyğəmbərin Fatimeyi-Zəhranın (s.ə) əlini öpməsini duyğusal səbəblə izah etmək əsla düzgün deyil. Öz qızı olduğuna və onu sevdiyinə görə əlini öpdüyünü düşünmək çox səhv və çox bəsit yanaşmadır. Məgər Allah vəhyi ilə hərəkət edən belə bir dəyərli, ədalətli və hikmətli şəxsiyyət əyilib qızının əlini öpər?! Xeyr! Burada məqsəd başqadır. Bu onu göstərir ki, bu gənc qız, dünyadan köçərkən on səkkizdən iyirmi beşə qədər - on səkkiz də deyiblər, iyirmi beş də - yaşı olan bu xanım insani paklığın zirvəsində durmuş və qeyri-adi bir şəxs olmuşdur. Bu, İslamın qadına baxışıdır.

Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamı onun cihadına, inqilabına və ictimai məqamına nisbətən dəfələrlə yüksəkdir. O, bir insan, gənc bir qadın, əslində isə möhtəşəm bir varlıq, parlaq ilahi nur, saleh bəndə, üstün və seçilmiş bir insandır. Əziz Peyğəmbər (s) Əmirəlmömininə (ə) buyurdu ki, qiyamət günü sən mömin kişiləri cənnətə doğru aparacaqsan, Fatimə də mömin qadınları. O, Əlinin (ə) tayı və bərabəridir. İbadət mehrabında duranda Allahın minlərlə yaxın mələyi ona salam verir və müqəddəs Məryəmə müraciət etdikləri şəkildə deyirlər: "Ey Fatimə! Həqiqətən Allah səni seçmiş, pak və bütün qadınlardan üstün etmişdir".[7] Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamı belədir.

Bir qadın gənclik çağında elə mənəvi məqama nail olur ki, bəzi hədislərə əsasən, mələklər onunla danışır və həqiqətləri ona göstərirlər. Onun bir ləqəbi mühəddəsədir - yəni mələklərin danışdığı və həmsöhbət olduğu şəxs. Bu, xilqətin və dünyanın bütün qadınları qarşısında mənəvi məqam və uca zirvədir. Fatimeyi-Zəhra (s.ə) bu böyük zirvədə durub bütün dünya qadınlarına müraciət edir, onları bu yola səsləyir. Tarix boyu – istər qədim cahiliyyətdə, istər iyirminci əsrin cahiliyyətində qadını təhqir etməyə, aşağılamağa, onu zahiri zinətlərə və bəzəklərə vurğun kimi təqdim etməyə, modaya, paltara, bəzək-düzəyə, qızıl-zinət əşyalarına bağlamağa, həyatın eyş-işrətinə alışdırmağa və bu yola sövq etməyə çalışan şəxslərin məntiqi Fatimeyi-Zəhranın (s.ə) mənəviyyat günəşinin istiliyindən qar kimi əriyir, məhv olur. İslam dəyərli və üstün şəxsiyyət olan Fatiməni (ə) qadın nümunəsi və örnəyi kimi təqdim edir. Onun zahiri yaşayışından, cihad və mübarizə həyatından, elmi natiqliyindən, fədakarlığından, evdarlığından, analığından, mühacirətindən, bütün siyasi, hərbi və inqilabi işlərdə iştirakından və böyük kişiləri təzimə vadar edən hərtərəfli üstünlüklərindən əlavə, uca mənəvi məqamı, rükusu, səcdəsi, ibadəti, duası, münacatı, ruhani mahiyyəti, mənəvi parlaqlığı, Əmirəlmöminin (ə) və Peyğəmbərlə (s) bərabər mənəvi həyatı olmuşdur. Qadın budur. İslamın göstərdiyi qadın örnəyi budur.

Fatimeyi-Zəhranın (s.ə) həyatında diqqətəlayiq bir məqam var. Biz o həzrətin mənəvi məqamlarına toxunmaq istəmirik, bu məqamları anlayıb dərk etməyə qadir də deyilik. Həqiqətən insani mənəviyyat və bəşər təkamülü zirvəsində duran belə bəndələri yalnız Allah tanıyır, məqamlarını görür. Fatimeyi-Zəhranı (s.ə) Əmirəlmöminin (ə), böyük atası və məsum övladları tanıyırdılar. O dövrün və sonrakı dövrlərin insanları və bu dövrdə yaşayan bizlər onun mənəvi nurunu görə bilmərik. Parlaq mənəviyyat nuru hər kəsin gözünə görünməz, bizim yaxıngörən və zəif gözlərimiz o parlaq insaniyyət nurunu görməyə qadir deyil. Bu baxımdan Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamları haqda danışmırıq. Lakin o həzrətin adi həyatında mühüm bir məqam var. Bu məqam həm əri və övladları ilə rəftarında və ailə daxilində müsəlman bir qadının, həm də Peyğəmbərin (s) vəfatından sonrakı mühüm siyasi hadisələrdə mübariz, qeyrətli və yorulmaz bir insanın vəzifələrini yerinə yetirməsidir. O, məscidə gəlib çıxış edir, mövqe bilidirir, müdafiə edir və danışır. O, sözün əsl mənasında yorulmaz və dözümlü bir mücahid, həm də eyni zamanda bir abid, qaranlıq gecələrdə namaz qılan, ibadət edən, Allah qarşısında təzim göstərən bir insandır. Bu gənc qadın qədim ilahi övliyalar kimi Allahla raz-niyaz və Allaha ibadət edir.

Bu üç cəhətə birgə malik olmaq Fatimeyi-Zəhranın (s.ə) həyatının parlaq cəhətidir. O həzrət bu üç sahəni bir-birindən ayırmadı. Bəzi adamlar elə bilirlər ki, ibadət, dua və zikrlə məşğul olurlarsa, siyasi fəaliyyət göstərə bilməzlər. Bəzi adamlar elə bilirlər ki, siyasətlə məşğul olan, Allah yolunda mübarizə aparan qadın ev qadını ola, analıq və evdarlıq vəzifələrini yerinə yetirə bilməz; belə bir kişi də ev və ailə kişisi ola bilməz. Elə bilirlər bunlar bir-birinə ziddir, halbuki İslama görə bu üç xüsusiyyyətin bir-biri ilə ziddiyyəti yoxdur və kamil bir insanın şəxsiyyətində bir-birini tamamlayırlar.

Siyasi və ictimai mübarizə cəhətindən həzrət Zəhranın (ə) şəxsiyyəti mühüm və böyükdür. Belə ki, dünyanın bütün siyasi və inqilabçı qadınları onun qısa və dərin həyatından dərs götürə bilərlər. Bu qadın inqilab evində doğuldu, bütün uşaqlıq çağını böyük, unudulmaz və qlobal bir mübarizə halında olan atanın ağuşunda keçirdi. Bu xanım uşaq ikən Məkkə mübarizəsinin çətinliklərini daddı, Əbutalib dərəsində yaşadı, Məkkə dövrünün çətinliyini, qorxusunu və müxtəlif acılarını duydu. Mədinəyə hicrət edəndən sonra bütün həyatı Allah yolunda cihadda keçən bir insanın həyat yoldaşı oldu. Fatimeyi-Zəhra (s.ə) və Əmirəlmömininin (ə) on bir ilə yaxın müştərək həyatları dövründə heç bir il, bəlkə də heç bir yarım il olmadı ki, bu ər Allah yolunda cihad etməsin, döyüşə getməsin, bu böyük və fədakar xanım da mücahid bir insanın, əsgərin və döyüş meydanının daimi sərkərdəsinin ləyaqətli həyat yoldaşı kimi vəzifələrini yerinə yetirməsin. Deməli, Fatimeyi-Zəhranın (s.ə) həyatı qısa olsa və təxminən iyirmi ildən artıq sürməsə də, bu yaşayış cihad, mübarizə, fəaliyyət, inqilabi iş, inqilabi dözüm, dərs, çıxış, nübüvvəti, imaməti və İslam quruluşunu müdafiə və nəhayət şəhadətdən ibarət olan geniş bir dəryadır. Bu, Fatimeyi-Zəhranın (s.ə) çox əzəmətli, fövqəladə, həqiqətən bənzərsiz olan və istər bu gün, istərsə də gələcəkdə bəşəriyyətin xatirəsində parlaq və müstəsna bir nöqtə olan cihad həyatıdır.

Fatimeyi-Zəhra (s.ə) həm də böyük bir alimdir. Əllamə Məclisi deyir ki, Fatimeyi-Zəhranın (s.ə) Peyğəmbərin (s) vəfatından sonra Mədinə məscidində söylədiyi nitqi güclü natiqlər və böyük alimlər izah etməlidirlər; yəni bu qədər dərin məzmunludur. Fatimeyi-Zəhranın (s.ə) bu çıxışı üslub zərifliyi baxımından Nəhcül-bəlağənin ən gözəl və ən dərin sözləri kimidir. Fatimeyi-Zəhra (s.ə) Mədinə məscidində xalq qarşısında bədahətən bu nitqi söyləmiş, ən yaxşı, ən gözəl və ən güclü ifadələrlə bəlkə də bir saat söhbət etmişdir.

Bizlər bədahətən nitq söylədiyimizə görə bu sözlərin nə qədər əzəmətli olduğunu anlayırıq. 18, 20, uzaqbaşı 24 yaşlı bir qız bütün müsibətlərinə və çətinliklərinə rəğmən, məscidə gəlir və izdiham qarşısında hicabla çıxış edir. Əlbəttə, o həzrətin yaşı dəqiq məlum deyil. Çünki doğulduğu ilə dair fikir ayrılıqları mövcuddur. Bu çıxışın bütün sözləri tarixdə qeyd olunmuşdur.

Ərəblər güclü yaddaşları ilə məşhur idilər. Bir nəfər 80 beytlik bir qəsidə oxuyurdu, məclis bitəndən sonra 10 nəfər onu alıb yazırdı. Dövrümüzədək gəlib çatan bu qəsidələr çox zaman belə qalmışdır. Şeirlər ictimai yerlərdə oxunur və qeyd olunurdu. Bu çıxış və hədislər də çox zaman belə qalıb; oturub yazıb, əzbərləyib və günümüzədək saxlayıblar. Boş sözlər tarixdə qalmayıb; hər söz qalmır. O qədər söz deyilib, o qədər çıxışlar edilib, o qədər fikirlər irəli sürülüb, şeirlər söylənib, amma qalmayıb və heç kəs onları yada salmır. Tarixin bu çıxışı öz ürəyində saxlaması və üstündən 1400 il keçəndən sonra oxuyan hər bir insanın ona pərəstiş etməsi onun möhtəşəmliyini göstərir. Məncə bu, gənc bir qız üçün örnəkdir.

Fatimeyi-Zəhranın (ə) həyatı hər cəhətdən fəal, çalışqan, psixoloji tərəqqi və təkamül yolunda keçmiş həyatdır. Onun gənc həyat yoldaşı daim cəbhədə və döyüşdədir, Fatimeyi-Zəhra (s.ə) isə bütün problemlərə rəğmən, müsəlmanların müraciət etdiyi şəxsdir. İnsanların problemlərini həll edən Peyğəmbər (s) qızı bu şəraitdə çox başucalığı ilə ailəni idarə edir, Həsən (ə), Hüseyn (ə) və Zeynəb kimi övladlar tərbiyə edir, Əli (ə) kimi həyat yoldaşını qoruyur və Peyğəmbər (s) kimi bir atanın razılığını qazanır. Fəthlər başlayanda və qənimətlər gələndə Peyğəmbər qızı digər qız və qadınların istədiyi dünya ləzzətlərinə və dəbdəbəyə üz tutmur.

Fatimeyi-Zəhranın (s.ə) ibadəti nümunəvi bir ibadətdir. İslam dünyasının abid və zahidlərindən olan Həsən Bəsri Fatimeyi-Zəhra (s.ə) haqda deyir: “Peyğəmbərin qızı o qədər ibadət edir və mehrabda dayanırdı ki, ayaqları şişirdi”.[8]  İmam Həsən Müctəba (ə) buyurur ki, bir cümə gecəsi anam səhərə qədər ibadət etdi; gecədən dan yeri sökülənə qədər ibadətlə məşğul oldu. O deyir: “Eşitdim ki, həmişə mömin kişi və qadınlar üçün, xalq üçün, İslam dünyasının ümumi məsələləri üçün dua etdi. Səhər olanda dedim ki, ey anam, özün üçün bir dua etmədin, gecədən səhərə qədər başqalarını dua etdin. Cavabda buyurdu: “Əvvəl başqaları, sonra özümüz”.[9]  Bu, yüksək ruhiyyədir. O həzrətin müxtəlif sahələrdə mübarizəsi də nümunəvidir; İslamı, imaməti, vilayəti müdafiə etməkdə, Peyğəmbəri (s) dəstəkləməkdə, İslamın ən böyük əsgəri və həyat yoldaşı olan Əmirəlmömininə (ə) baxmaqda. Əmirəlmöminin (ə) Fatimeyi-Zəhra (s.ə) barədə buyurub ki, bu xanım məni qəzəbləndirmədi və bir dəfə də sözümdən çıxmadı.[10]  Bütün böyüklüyünə və əzəmətinə rəğmən, Fatimeyi-Zəhra (s.ə) evdə İslamın istədiyi kimi bir xanım və həyat yoldaşıdır.

İbadəti, nitqi, elmi, düşüncəsi, ağlı, cihadı, mübarizəsi, bir qız kimi, bir həyat yoldaşı kimi və bir ana kimi rəftarı, yoxsullara yardımı – hər şeyi öz yerində idi. Peyğəmbər (s) yoxsul bir qocanı Əmirəlmömininin (ə) evinə göndərib deyir ki, get istəyini onlardan al. Fatimeyi-Zəhra (s.ə) Həsən və Hüseyni (ə) bir heyvan dərisinin üzərində yatızdırırdı, ondan övladlarının yatağı kimi istifadə edirdi. O, evdə başqa bir şeyin olmadığını görüb həmin dərini yoxsula verib deyir ki, bunu sat və pulundan istifadə et. Bu, Fatimeyi-Zəhranın (s.ə) hərcəhətli şəxsiyyətidir. Bu, örnəkdir. Müsəlman qadının örnəyi budur.

Müsəlman qadın elm, mənəvi və əxlaqi özünüislah uğrunda çalışmalı, hər bir növdən olan cihad və mübarizədə öncül olmalı, dünyanın bərbəzəyinə və dəyərsiz dəbdəbəyə etinasız yanaşmalı, iffəti və paklığı yüksək həddə olmalı, yad və veyil nəzərləri öz-özünə uzaqlaşdırmalı, evdə həyat yoldaşının və övladlarının aramlığına, ailənin asayişinə və həyatın dincliyinə səbəb olmalı, şəfqətli və mehriban ağuşunda, həmçinin məna və sevgi dolu sözləri ilə psixoloji cəhətdən sağlam övladlar tərbiyə etməli, komplekssiz, xoş əhval-ruhiyyəli, psixi və sinir cəhətindən sağlam insanlar yetişdirməli, cəmiyyətin kişi və qadın şəxsiyyətlərini ərsəyə gətirməlidir! Ana hər bir qurucudan mühüm və dəyərlidir. Ən böyük alim çox mürəkkəb elektron cihaz ixtira edə bilər, qitələrarası raketlər və kosmik gəmilər düzəldə bilər, amma bunların heç biri böyük insan yetişdirmək qədər əhəmiyyətli deyil. Ana insan yetişdirir. Və müsəlman qadının örnəyi budur.

 

Beşinci fəsil: İmam Həsən (ə)

İmam Həsən Müctəbanın (ə) dövrü, o həzrətin Müaviyə ilə sülhü, yaxud sülh adlanan məsələ erkən çağ İslam inqilabının ümumi prosesində taleyüklü və misilsiz bir hadisə idi. Ondan sonra buna bənzər hadisə baş verməmişdir. Bu cümləni bir qədər izah etmək və sonra əsas mətləbə keçmək istəyirəm. İslam inqilabı - yəni İslam təfəkkürü və Allah-Taalanın göndərdiyi İslam adlı əmanət birinci dövrdə bir hərəkat, mübarizə və böyük inqilab prosesi kimi özünü göstərdi. Bu, Allah rəsulunun Məkkədə uyğun düşüncəni elan etdiyi, tövhid və İslam düşmənlərinin də vuruşduğu və inkişafına mane olduğu zamana aiddir. Peyğəmbər (s) mömin qüvvələrin köməyi ilə bu hərəkatı idarə etdi, Məkkədə çox ağıllı, güclü və mütərəqqi bir mübarizə başlatdı. Bu hərəkat və mübarizə on üç il sürdü. Bu birinci mərhələ idi.

On üç ildən sonra bu təfəkkür Peyğəmbərin (s) təlimləri, şüarları, idarəçiliyi, fədakarlığı və digər amillər sayəsində hakimiyyətə və bir ümmətin ictimai-siyasi quruluşuna çevrildi. Bu, Allah rəsulunun Mədinəyə hicrət etdiyi, oranı özünə mərkəz seçdiyi, orada İslam hökuməti qurduğu və İslamın hərəkatdan hökumətə çevrildiyi zamana aiddir. Bu ikinci mərhələ idi.

Bu proses əziz Peyğəmbərin (s) həyatının on ilində, ondan sonra beş xəlifə dövründə və İmam Müctəbanın (ə) təxminən altı ay sürən xilafətinə qədər davam etdi. Bu zaman İslam hökumət formasında idi, bir ictimai sistem hakim idi; yəni hökumət, ordu, siyasi, mədəni və hüquqi işlər, xalqın iqtisadi münasibətləri idarə olunur və sürətlə inkişaf edirdi. Bu proses həmin formada davam etsəydi, bütün yer üzünü əhatə edərdi. İslam dini buna qabiliyyətli olduğunu göstərdi.

İmam Həsənin (ə) dövründə müxalif cərəyan güclü inkişaf edib bir maneəyə çevrilə bildi. Bu cərəyan İmam Müctəbanın (ə) dövründə deyil, illər öncə yaranmışdı. Əgər etiqadi məsələləri kənara qoyub yalnız tarixi faktlara əsaslansaq, iddia edə bilərik ki, o heç İslam dövründə də yaranmamışdı. Peyğəmbərin (s) hərəkatı zamanı, yəni Məkkə dövründə mövcud olan qüvvələrin davamı idi. Osmanın hakimiyyətə gəlməsi ilə xilafət Bəni-Üməyyənin əlinə keçəndən sonra görmə qabiliyyətini itirmiş Əbu Süfyan yaxın adamları ilə bir məclisdə oturmuşdu. Soruşdu ki, burada kimlər var. Cavabı eşidib hamısının özlərinki olduğunu, məclisdə yad adamın olmadığını biləndən sonra onlara müraciətlə dedi: "Xilafəti top kimi bir-birinizə ötürün".[11] Yəni xilafətin başqasına keçməsinə qoymayın. Bunu sünni və şiə tarixçilər yazmışlar. Bunlar etiqadi məsələlər deyil və biz ümumiyyətlə etiqadi baxımdan danışmırıq. Mən məsələlərə bu aspektdən yanaşmağı xoşlamıram, yalnız tarixi cəhətləri deyirəm. Əbu Süfyan o zaman müsəlman idi, lakin Məkkənin fəthindən sonra, yaxud fəthinə yaxın müsəlman olmuşdu. Qürbət və zəiflik çağında deyil, İslamın qüdrətlənməsindən sonra bu dini qəbul etmişdi. Bu cərəyan İmam Müctəbanın (ə) dövründə zirvə həddinə çatdı və Müaviyə ibn Əbu Süfyanın timsalında onun qarşısına çıxdı. Bu cərəyan münaqişəyə başladı, İslam hökumətinin - yəni hakimiyyət İslamının qarşısını aldı, problemlər yaratdı və İslam hakimiyyəti prosesinin inkişafına praktik maneəyə çevrildi.

İmam Həsənin (ə) sülhünə dair dəfələrlə demişik, kitablarda da yazmışlar ki, hətta İmam Əlinin (ə) özü də İmam Həsən Müctəbanın (ə) yerində olsaydı, həmin şəraitdə başqa bir iş görə bilməzdi. Heç kəs deyə bilməz ki, İmam Həsənin (ə) filan işi şübhəlidir. Xeyr! O həzrətin işləri güclü məntiqi əsaslara tamamilə uyğundur. Allah rəsulunun ailəsində ən cəsur görünən kimdir? Dini qorumaq üçün düşmən qarşısında ən qeyrətli görünəni kim olmuşdur? Hüseyn ibn Əli (ə). O həzrət bu sülhün bağlanmasında İmam Həsənlə (ə) ortaq idi. Sülhü yalnız İmam Həsən (ə) bağlamadı, o və İmam Hüseyn (ə) birgə bu işi gördülər. Lakin İmam Həsən (ə) öndə idi, İmam Hüseyn (ə) isə onun arxasında. İmam Hüseyn (ə) qardaşının sülh ideyasının tərəfdarlarından idi. Xüsusi bir məclisdə dəliqanlı və cəsur səhabələrdən biri İmam Həsənə (ə) etiraz edəndə İmam Hüseyn (ə) ona qarşı çıxdı.[12]  Heç kəs deyə bilməz ki, İmam Hüseyn (ə) İmam Həsənin (ə) yerində olsaydı, bu sülh baş tutmazdı. Xeyr! Bu sülh imzalananda İmam Hüseyn (ə) İmam Həsənin (ə) yanında idi. Əgər İmam Hüseyn (ə) tək olsaydı da, həmin şəraitdə eyni işi görər və sülh müqaviləsini imzalayardı.



[1]Kövsər/1

[2]Səff/8

[3]"Əl-Kafi", c. 2, səh. 254

[4]"Bihar əl-ənvar", c. 43, səh. 173

[5]"Ət-Təəccüb", səh. 94

[6]"Bihar əl-ənvar", c. 43, səh. 16

[7]Yenə orada, səh. 24

[8] İbn Şəhr Aşub, "Əl-Mənaqib", c. 3, səh. 341

[9]"Bihar əl-ənvar", c. 43, səh. 81-82

[10]Yenə orada, səh. 134

[11]Təbrisi. "Əl-İhticac", c. 1, səh. 234

[12]İbn Əbilhədid. "Şərh Nəhcül-bəlağə", c. 16, səh. 15