ATƏT Rusiya Dövlət Dumasına sentyabrda keçiriləcək seçkini izləməyə müşahidəçi göndərməyəcək. Belə bir qərar son 30 ildə ilk dəfə verilir və Rusiya hakimiyyətinin qoyduğu “böyük məhdudiyyətlər”lə izah olunur.
Qurumun avqustun 4-də bildirməsinə görə, Rusiya hakimiyyəti koronavirus pandemiyasını əsas gətirərək beynəlxalq müşahidəçi sayını azaldıb.
“Rusiyada qarşıda gələn seçkiləri müşahidə etməyimizin mümkün olmayacağından çox təəssüflənirik”, – ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosunun (DTİHB) direktoru Matteo Mekakki deyib.
“Pandemiya ilə bağlı aydın məhdudiyyətlər olmamasına rəğmən Rusiya hakimiyyətinin müşahidəçi sayını azaltmaqla bağlı təkidi bugünkü addımı qaçılmaz edib”, – o, sözlərinə əlavə edib.
Sentyabrın 19-da rusiyalılar parlamentin aşağı palatasının və 39 region parlamentinin üzvlərini, eləcə də doqquz region qubernatorunu seçəcəklər. /azadliq.org /