Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətini kəskin tənqid edir

Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar sessiyasında Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti kəskin tənqid edib.
 
Sentyabrın 18-də aparılan müzakirələrdən sonra AP Azərbaycan hakimiyyətini insan haqları sahəsində islahatlara çağırıb.
 
Parlamentarilər bu islahatların dərhal həyata keçirilməsini, vətəndaş cəmiyyətinə, müxalifət nümayəndələrinə və müstəqil jurnalistlərə qarşı təzyiqlərin dayandırılmasını, Bakıda kütləvi toplantıların keçirilməsi üçün qadağaların götürülməsini istəyib.
 
AP deputatları Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və Həsən Hüseynlinin həbsini pisləyib, onların dərhal və qeyd-şərtsiz buraxılmasını tələb edib.
 
AP-nin qəbul etdiyi qətnamədə deyilir ki, Azərbaycanla Strateji Modernləşdirmə Tərəfdaşlığına dair danışıqlarda insan haqlarının müdafiəsi şərt kimi qoyulmalıdır.
 
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropa Parlamentinin 18 sentyabr tarixli qətnaməsini «qərəzli» adlandırıb:
 
«Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin edilib.  Siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur».
 
Bəyanatda daha sonra deyilir:
 
«Azərbaycana qarşı məqsədyönlü yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl maraqlarına zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir».