Azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu Böyük Britaniya mediasında - Foto

Böyük Britaniyanın “The Telegraph” qəzetində dünya şöhrətli amerikalı fotojurnalist Ed Kaşinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyini əks etdirən “Həyata keçməyən arzular” adlı fotosərgisinə dair müsahibəsi və fotoları dərc edilib.

Ed Kaşi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəvəti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyatını foto obyektivə almaq üçün Azərbaycanda səfərdə olub. Fotoqraf “The Telegraph” a verdiyi müsahibədə Azərbaycanın qaçqın və məcburi köçkün problemi ilə üzləşən ilk keçmiş sovet ölkəsi olduğunu bildirib. “Qaçqınlar Ermənistandan, məcburi köçkünlər isə Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayondan olan etnik azərbaycanlılardır”, - deyə E.Kaşi vurğulayıb. O bildirib ki, hazırda Azərbaycan dünya ölkələri sırasında adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə birinci yerdədir.

Müəllifin “Həyata keçməyən arzular” adlı fotosərgisi TEAS tərəfindən Londonda və Brüsseldə təşkil olunub. Ötən həftədən etibarən isə sərgi Dünya Qaçqınlar Günü münasibətilə Parisdə nümayiş olunur.
Müsahibənin mətni və şəkillərlə aşağıdakı linklərdən tanış olmaq mümkündür:

http://www.telegraph.co.uk/culture/photography/10908788/Shoot-Stories-Ed-Kashi.html

http://www.telegraph.co.uk/culture/photography/10912050/Unresolved-dreams-intimate-portraits-of-refugees-by-Ed-Kashi.html?frame=2947790