Azərbaycanda radikal dini qrupların biznes şəbəkəsi – şok faktlar

Onların illik 5 milyonluq dövriyyəsi və himayə olunan biznesi var; ekspert isə bu şəbəkənin qurulmasında dini həmrəyliyin böyük rol oynadığını deyir

 

Azərbaycanda radikal dini qrupların maliyyə mənbələri, onların nəzarətində olan biznes şəbəkəsi mövzusu bu ilin əvvəlində gündəmə gəlib. Həmin vaxt mətbuatda dolaşan məlumatlarda Azərbaycandan Suriyaya göndərilən savaşçıların burdakı xüsusi qruplar tərəfindən hazırlandığı, maliyyələşdirildiyi bildirilirdi. Hətta bir neçə dəfə Milli Məclisdə, o cümlədən ayrı-ayrı rəsmi şəxslər də Azərbaycanda radikal dini qruplara məxsus biznes şəbəkəsinin olduğu qeyd olunurdu. 
Ötən ayın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda radikal dini qrupları “yemləyən” biznes şəbəkəsinin olduğunu bildirmişdi. M. Qurbanlı bildirmişdi ki, onlarda radikal dini cərəyanların üzvlərinə məxsus dükanların, hətta böyük ticarət obyektlərinin olması haqda məlumatlar var. Komitə sədri demişdi ki, bəzi şəxslər bu biznesdən radikal qrupları maliyyələşdirmək üçün istifadə edir. 
 
 
Sitat: “Mən ərazilərə gedəndə onların o obyektləri ilə də maraqlanmışam. Bəli, məlumat var ki, onlar arasında artıq əldə etdikləri vəsaitdən radikal mərkəz yaradaraq yeni üzvlər cəlb edirlər və sair. Bununla da təbii ki aidiyyəti qurumlar artıq məşğul olur. Çünki radikal, ekstremizmə meylin qarşısını almaq üçün onların iqtisadi bazasını sarsıtmaq lazımdır. Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanda müxtəlif vasitələrlə maliyyə vəsaiti toplayıb bunu hansısa terrorçu qrupa və terrorçu niyyətlərə yönəltsinlər. Əgər kimlərsə burada vəsait əldə edib bundan Suriyaya, İŞİD-ə və başqa yerlərə gənclərimizi göndərmək üçün istifadə edəcəksə, bunun qarşısı alınacaq və dərhal bu vəsaitin mənbəyi məhv ediləcək”.
Yeri gəlmişkən, bu ilin yayında Bakıda xüsusi xidmət orqanları bir neçə əməliyyat keçirərək vəhhabilərə məxsus olduğu və ya onların maliyyələşməsinə xidmət edən biznes qurumlarının rəhbərlərini həbs edib. Ancaq bütün bu məlumatlar həm də Azərbaycanda məhz radikal dini qruplara məxsus böyük biznes şəbəkəsinin olması ilə bağlı iddiaları təsdiqləyir. 
 
 
Bir qədər əvvəl isə mətbuat üçün brifinq keçirən ekspert Aydın Əlizadə radikal dini qrupların maliyyə şəbəkəsi haqda maraqlı faktlar səsləndirmişdi. Onun sözlərinə görə, sələfilər üçün toplanan ümumi illik maliyyə təxminən 5 milyon dollar həcmindədir. Bu məbləğə həm xaricdən göndərilən yardımlar, həm biznes strukturlarına yatırılmış maliyyə və sələfilərin özlərinin idarə etdiyi biznes əməliyyatlarından gələn gəlir, həm də zəkat formasında vəhhabi üzvlərdən yığılan vəsaitlər daxildir. Bu pulların hamısı təbliğata, nəşr vəsaitlərinə, “dəvətçi”lərin əmək haqlarına, bir sıra hallarda məsul şəxslərin ələ alınmasına və s. sərf olunur.
O bildirib ki, eyni zamanda dini radikalizmin səbəbləri kimi təkcə xaricdən dəstəklənən təbliğat və radikal qruplara gənclərin cəlb edilməsi üçün ayrılan maliyyə vəsaitləri deyil, həmdə nəsillərin dəyişməsi, cəmiyyətdəki sosial ədalətsizlik halları, insanların psixoloji problemləri, geriçi xalq adətləri, işsizlik və yoxsulluq, dövlətin radikal dini təbliğata qarşı öz ideologiyasını qoya bilməməsi də göstərilə bilər.
Ancaq maraqlıdır, Azərbaycan kimi biznes üzərində böyük nəzarətin olduğu bir ölkədə radikal dini cərəyanların, dövlət üçün potensial təhlükə mənbəyi hesab olunan qrupların böyük biznes qurması necə mümkün olub? Əlbəttə, aydın məsələdir ki, bu məsələdə həmin qrupların dəstəkçiləri faktoru unudulmamalıdır. Məsələ burasındadır ki, əldə etdiyimiz məlumatlarda Azərbaycanda sələfi qruplarını himayə edən güclü “əllər”in olduğu qeyd olunur. Diqqətçəkən odur ki, hökumət orqanlarında sələfi qruplarını himayə edən nüfuzlu dairələr var. Məhz bu himayə nəticəsində  ticarət mərkəzlərində böyük sayda sələfi camaatı işləyir və böyük biznes şəbəkəsi yarada bilib. Ərəb ölkələri və Çinlə böyük ticarət şəbəkəsi qurmuş sələfi camaatı üzvləri və eləcə də radikal vəhhabilər Azərbaycanda monopoliyada olan ticarət markaları və bir sıra məhsulların böyük həcmdə dövriyyəsini təşkil edir. Bu işdə xaricdən, xüsusən də Dubaydan varlı ərəb iş adamlarının böyük dəstəyi olsa da, Azərbaycanda da bu şəbəkəyə şərait yaradan nüfuzlu məmurlar və iş adamları var. Bizə çatan məlumatlara görə, Azərbaycan hakimiyyətində olan bəzi şəxslər məhz ərəblərlə olan güclü biznes əlaqələri səbəbilə yerli sələfi icmalarını himayə edir. Bunun nəticəsində ölkədə bir sıra məhsullar, yüngül sənaye məhsulları məhz bu qrupun nəzarətindədir. Bu səbəbdən də hazırda adı gedən ticarət mərkəzlərində, o cümlədən Bakının mərkəzində bir sıra ticarət şəbəkələrində camaat nümayəndələrinə məxsus çoxlu sayda obyektlər fəaliyyət göstərir. Bizə çatan məlumata görə, hakimiyyətdə bir çoxları sələfi qrupların bu qədər fəallaşması, güclənməsində məhz onlara yaradılan bu cür ticarət imkanları və əldə etdikləri qazancdır.
 
 
Mövzunu “Yeni Müsavat”a şərh edən keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev deyir ki, Azərbaycan tolerant bir dövlətdir və heç kim dini əqidəsinə və inancına görə təqib edilmir. Lakin ekspertin fikrincə, tolerantlıq mühitindən istifadə edərək qanunsuz əməllərini həyata keçirməyə cəhd edən hər bir şəxs qanun qarşısında cavab verməlidir: “Göründüyü kimi, ölkəmizdə islam dininin müxtəlif təriqətinə və cərəyanlarına inanc gətirən şəxslərin  bir sıra ticarət və biznes sahələrində də geniş fəaliyyət göstərməsinə şərait yaradılıb. İstər İranla, istərsə də ərəb ölkələri, Pakistan, Əfqanıstan, İndoneziya və digər müsəlman ölkələri ilə də geniş ticarət əlaqələri mövcuddur”.
Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda vəhhabi adlandırılan qrupların geniş biznes şəbəkəsi var. A.Nağıyev deyir ki, əsasən bu qurumların leqal biznesi bir sıra istiqamətlərdə ixtisaslaşıb: “Kimsə bu biznesdən gələn gəlirin xərclənmə təyinatından, kimsə hansısa qeyri – leqal fəaliyyətin maliyyələşməsindən narahatdır. Məlumdur ki, vəhhabilərin əsas biznes fəaliyyəti divar kağızı, müxtəlif ətirlər, bir sıra velosiped markalarının, avtomobil ehtiyat hissələrinin satışı, cehiz qab-qacaq, qızıl-zinət əşyalarının satışı, stomatoloji avadanlıqların gətirilməsi və s. ilə bağlıdır. Diqqətlə təhlil edərkən məlum olur ki, bu məhsullar əsasən Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və s. mənşəlidir. Yəni birinci fakt onların inancı ilə bağlıdır və necə deyərlər öz din qardaşlarına inandıqları üçün biznes qurmaq imkanları yaradılır. İkincisi isə bu çeşidlərin distribütor imkanlarının məhz dini baxımdan onlara həvalə edilməsi, üçüncüsü isə nisyə mal mübadiləsi və sərfəli faizlə kredit şərtləridir. Yəni müəyyən müddət ərzində bir neçə dəfə verilən malların əvəzində pul vəsaiti alınmır, həmin vəsait dövriyyədə artdıqdan sonra və bizneslə məşğul olan şəxsin artıq öz “maya pulu” əldə olunduqdan sonra satışdan əldə edilən vəsait geri qaytarılır. Yəni hər üç variantda dini baxışlar böyük rol oynayır və həmrəylik nəticəsində maliyyə vəsaitinin artması ilə nəticələnir”.
A.Nağıyev deyir ki, bu qrupların biznesinin qeyri-leqal olması, vergidən yayınması mümkün deyil: “Düşünmürəm ki, bu biznes sahələri digərlərindən fərqli olaraq kim tərəfindənsə himayə edilir və ya vergidən yayınır. Xeyr, bu mümkün deyil, yəni ümumi qayda və qanun onlar üçün də şamil və tətbiq edilir. Vəsaitlərin artması ancaq və ancaq, yuxarıda qeyd etdiyim kimi əsasən istehsalçı dövlətlərin və bu istehsala rəhbərlik edən fərdi biznesmenlərin dini həmrəyliyi nəticəsində və eyni zamanda əqidə və inanc baxımından alıcıların da dini baxışlarının eyni olması  ilə genişlənə bilər”.
 
Hüseyn Dəmirçi/  musavat /