Azərbaycanı kütləvi zəhərləyənlər

Milyonlarla şəhər sakini hər gün toksiki maddələr qəbul edir

Hər gün Bakıda və Azərbaycanın digər şəhərlərində milyonlarla insan su vasitəsi ilə çox təhlükəli kimyəvi maddə - bisfenol A qəbul edir. 

2010-cü ildən ABŞ ərzaq və dərman məhsullarının keyfiyyətinə nəzarət agentliyi (Food and Drug Administration, FDA) tərəfindən insan sağlamlığı üçün zərərli sayılmış bu maddədən Azərbaycanda geniş yayılmış plastik su çənlərinin və su qablarının istehsalında istifadə edilir. 

Bisfenol A plastik kütləyə bərkidici kimi qatılır. Bu maddə suda zəif həll olunsa da, çənlərdə uzun müddət qaldıqda suya diffuziya edə bilir və insan orqanizmi üçün təhlükə yaradır. 


Bakı binalarının damlarında su çənləri 

FDA-nın bu məlumatları 2013-cü ildə Avstraliya Universiteti tərəfindən də təsdiqlənib. Universtetin əməkdaşı Kris Uinderin rəhbərlik etdiyi alimlər qrupu müəyyən edib ki, strukturu qadın cinsiyyət hormonu estorgenin strukturuna bənzəyən bisfenol A maddəsi beynə və reproduktiv sistemə təsir edir, qadın və kişilərdə müxtəlif onkoloji xəstəliklərin yaranmasına səbəb olur. Bunların sırasına prostat və süd vəzi xərçəngi geniş yayılıb. 

Bisfenol A maddəsi spermatozoidlərdə DNT-nin deformasiyasına səbəb olmaqla kişi sonsuzluğunun əsas səbəblərindən biri sayılır. Bisfenol A şəkər diabeti, ürək-damar xəstəlikləri və autizmin törədicilərindən də biridir. FDA bu maddəni hətta ən kiçik miqdarda belə təhlükəli sayır.

Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov havaların isti vaxtında Bakıdakı su çənlərindən suya qarışan toksiki maddələrin daha da çoxaldığını bildirir: “Plastik qablara doldurulmuş suların üzərinə 20 dərəcədən soyuqda saxlanmasının vacibliyi boş yerdən yazılmır. Daha yüksək temperaturlarda toksiki maddələrin diffuziyası xeyli artır. Plastik çənlərdə saxlanan suyu məişətdə yalnız təmizlik məqsədi ilə işlətmək olar. Ailələrin içməli suyu isə yalnız şəbəkədən götürərək şirəli və şüşə qablarda saxlaması vacibdir”,- deyə Dövlət Məmmədov ANS PRESS-ə bildirib.


Dövlət Məmmədov - Su İstehsalçıları Birliyinin sədri 


Əslində, suyun bu cür işlədilməsi Bakıda sovet illərində geniş yayılmışdı. Onda plastik qablarda paketləşmiş içməli su və plastik su çənləri yox idi. Şəhər əhalisi suyu əsasən şirli vedrələrdə saxlayırdı. Həmin illərdə xərçəng, sonsuzluq və şəkər diabeti xəstəliklərinin səviyyəsinin qat-qat aşağı olması Avstraliya Universitetinin alimlərinin doğru nəticə çıxardığını ehtimal etməyə imkan verir. 

Dövlət Məmmədov Bakı sakinlərinin alternativ su mənbələrindən istifadəsini də məqsədə uyğun sayır: “Şollar suyu gələnə qədər Bakı sakinləri quyu suyu içirdilər. Şəhərdə kəhriz sistemi də qurulmuşdu - təkcə İçərişəhərdə üç ovdan vardı. İndi quyuların bir qismi doldurulsa da, həmin ovdanlar (xüsusi su evləri) yenə də qalmaqdadır. Amma hələ ki, həmin quyulardan və ovdanlardan istifadə etmək olmaz. Çünki yalnız quyu daimi işlədildikdə suyu təmiz olur. Təsadüfi deyil ki, kənd yerlərində yeni qazılmış quyu 40 vedrə su çıxardıqdan sonra təmiz sayılır”. 

Bakının tarixi göstərir ki, su quyuları və ovdanlar bu şəhəri çox bəlalardan xilas edib. 1918-ci ildə mart qırğınları zamanı erməni quldur dəstələri Bakının bütün mərkəzinə və ətraf kəndlərə hücum edərək əhalini qırsalar da İçərişəhərə girə bilmədilər. İçərişəhər camaatı qala qapılarını bağlayaraq müdafiə olundu. Erməni silahlıları qalanı topa tutdular və hətta Seyid Yəhya Bakuvinin türbəsini zədələdilər. Amma İçərişəhər camaatı evlərini tərk eləmədi. 


İçərişəhərdə ovdan 

Bu amil 1918-ci il sentyabrın 15-də Bakını erməni işğalından azad etməyə çox yardım elədi. 6 aylıq işğal dövründə İçərişəhər sakinlərini məhz su quyuları xilas elədi. Bəlkə də, 1950-ci illərdə İçərişəhərdə su quyularının kütləvi doldurulmasının tələb edilməsi, ovdanların xaraba günə qoyulmasında da düşmən əli olub. 

Azərbaycan artıq müstəqil dövlətdir və zamanında buraxılmış bu səhvləri düzəldə bilər. Ölkənin hər bir kəndi və şəhəri müstəqil su mənbələrinəı malik olmalıdır ki, müharibə və təbii fəlakətlər kimi istənilən fövqəladə vəziyyətdə problem yaranmasın. 

Bu baxımdan su quyularının xüsusilə də kənd yerləri üçün böyük önəmi var. Dövlət Statistika Komitəsinin rəsmi hesablamalarına görə, kənd yerlərində yaşayanların 46 faiz içməli su kimi quyu suyundan istifadə edir. Əhalinin tükənməyən ekoloji təmiz su ilə təmin edilməsi baxımından bu mənbəyin xüsusi rolu var.

Kənd evlərinin su ilə təminatında müxtəlif mənbələrin rolu 

Mənbə: Dövlət Statistika Komitəsi 

Adətən, həyətində quyu olan ailələr çəndəki sudan yalnız təmizlik məqsədi üçün istifadə edirlər. Nəticədə, plastik qabda saxlanmış və tərkibinə bisfenol A qarışmış sudan, yəni xərçəng və sonsuzluq problemlərindən uzaq olurlar. Əhalinin reproduktiv sağlamlığı baxımından hökumət bu mənbəni qorumalı, ovdanların, kəhrizlərin və su quyularının daimi istifadəsini təmin etməlidir.