Azərbaycanın hərbi nümayəndə heyəti İranda ordu akademiyasına baş çəkib

Azərbaycanın hərbi nümayəndə heyəti İran ordusunun komandanlıq və Baş qərargah Akademiyasına baş çəkib.
 
Maide.Az "İslaminSesi"ə istinadən xəbər verir ki, Azərbaycan heyəti İran akademiyasının müxtəlif nailiyyətləri və tədris təcrübəsi ilə tanış olub.
 
Hərbi akademiyanın müdiri, briqada generalı Hüseyn Vəlivənd Azərbaycanın hərbi ekspertlərinin nümayəndə heyətiylə görüşdə, akademiyada aparılan elmi-tədqiqat işlərindən danışıb. O, qeyd edib ki, İran ordusunun komandanlıq bə Baş qərargah Akademiyası dost və müttəfiq ölkələrdən tələbələri qəbul edir və Azərbaycan vətəndaşları da burada təhsil ala bilər.
 
Azərbaycan hərbi nümayəndə heyətinin başçısı Rəhim Cəfərov, öz növbəsində, hərbi təlimin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycan Respublikası İranın nailiyyətlərindən və hərbi təcrübəsindən istifadə etməkdə maraqlıdır.
 
Hüseyn Vəlivənd və Rəhim Cəfərov iki qardaş xalq arasındakı dostluğun əlaməti olaraq akademiya ərazisində ağaç əkiblər.
 
Onlar qeyd ediblər ki, İran və Azərbaycanın müdafiə əməkdaşlığı xüsusən tədris və tədqiqat sahələrində daha da gücləndirilməlidir.