Bakıda sürücülərin parkomat zülmü: nə qəpik var, nə də nəzarətçi – (Fotolar)

Bakıda sürücülərin dayanacaq zülmü davam edir.
 
Bir müddət əvvələdək sürücülər qadağan olunmuş ərazilərdə avtomobil saxladıqları üçün Dövlət Yol Polisinin (DYP) əməkdaşları maşınları cərimə meydançalarına daşıyırdılar. İndi isə onlar Bakı küçələrində addımbaşı quraşdırılan parkomatların yaratdığı yeni problemlərlə üzləşiblər.
 
Xəbər verildiyi kimi, bu ilin may ayından etibarən Bakının demək olar ki, əksər küçələrinə, hətta ara məhəllələrə belə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən parkomatlar quraşdırılıb. Və parkinq xidməti üçün hətta Avropa ölkələrinə nisbətən yüksək tariflər müəyyən edilib.
 
Ancaq parkomatlardan istifadə üçün nəzərdə tutulan qiymətlərin hədsiz yüksək olması (yarım saatı 50 qəpikdən başlayıb hər saatı 1 manat olmaqla üzü yuxarı gedir.-müəl.) sürücülər üçün yeganə problem deyil. Havaların soyuması və yağışların başlamasından sonra onlar yeni problemlə üzləşiblər. Belə ki, parkomatlarda ödənişi ancaq xırda pulla-qəpiklə həyata keçirmək mümkündür. Sürücüləri qəpiklə təchiz etmək işinə isə parkomatlara nəzarət edən nəzarətçilər baxırdı. Ancaq indi Bakının bəzi küçələrində nəzarətçilər yoxa çıxıb, nəticədə sürücülər qəpiksiz qalıblar. Bu da parkomatlara ödəniş həyata keçirməyi çətinləşdirib
 
Bakıda parkinq probleminin bu tərəfini araşdırmaq üçün bir neçə küçələri gəzib müşahidə apardıq.
 
Bəs nəzarətçilər hanı?
 
Məlum oldu ki, havaların soyumasından sonra parkomatlara nəzarət edən BŞİH işçiləri yoxa çıxıb. Sürücülər isə qəpik axtarmaq üçün avtobuslara, marketlərə və digər sürücülərə üz tutur, kağız pulu xırdalamaq üçün ora-bura vurnuxurlar. Qəpik tapa bilməyən sürücülər isə məcbur qalıb maşınlarını ödənişli dayanacaqlarda qəbzsiz saxlayırlar.
 
Bu  problem hazırda Bakının bir çox mərkəzi küçələrində müşahidə olunur.
 
Virtualaz.org saytının müxbiri Bakının mərkəzi küçələrindən bir neçəsində quraşdırılan parkomatlara baş çəkib. Mərkəzi küçələrdən Zərifə Əliyeva, Rixard Zorge, Üzeyir Hacıbəyli küçələrindəki parkomatların əksəriyyətinə nəzarət edən yoxdur.
“Daldalanmağa yer yoxdur...”
 
Zərifə Əliyeva küçəsinin parklamaya icazə verilən təxminən 800-1000 metrlik hissəsində 6 pakomata nəzarət edən cəmi bir işçi var. Soyuqdan büzüşmüş, daldalanmağa yer axtaran həmin nəzarətçi deyir ki, fiziki baxımdan bu qədər məsafədə parkomatlara nəzarət edə bilməz, ona görə də ancaq iki-üç park aparatını nəzarət edə bilir.
 
Nəzarətçi təsdiqləyir ki, bir neçə gündür digər parkomatlara nəzarət edənlər işə çıxmır. Səbəbini dəqiq bilmir, ancaq təxmin edir ki, nəzarətçilərin işə çıxmaması havaların soyuq olması ilə bağlıdır. Heç kim bu soyuqda gün ərzində 12 saat küçədə durmaq istəmir.  Çünki nəzarətçilərin daldalanması üçün budkalar yoxdur, belə havada bütün günü yağış altında küçədə dayanmağa hər adam tab gətirməz.
 
Qeyd edək ki, pakomat nəzarətçilərinin aylıq əmək haqqısı 300 manatdır.Parkomatların ilk quraşdırıldığı günlərdən nəzarətçilərin isti və soyuq havada harada dayanacağı sual doğuran məsələ idi. BŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi bu məsələnin nəzarətçilər üçün quraşdırılan xüsusi budkalarla aradan qaldırılacağını demişdi Lakin 8 ay keçməsinə baxmayaraq bu məsələ öz həllini tapmayıb. Nəzarətçilər istidə ağac kölgəsində, soyuqda isə yaxınlıqdakı dükanlarda, tinlərdə gizlənir.
 
Yuxarıda qeyd etdiyimiz ünvanlarda daimi olaraq maşın saxlayan sürücülər də parkomata nəzarət edənlərin bir neçə gündür olmamasından şikayətləndilər.
 
Rasim Əliyev adlı sürücü deyir ki, hər gün bu küçədə maşın saxlayır. Lakin son 3-4 gün ərzində nəzarətçilər gözə dəymir. R.Əliyev pakomata ödəniş etmək üçün qəpiyi yaxınlıqdakı marketlərdən və ya avtobus sürücülərindən tapmağa çalışır.  Qəpik olmadığı halda isə maşını qəbzsiz dayanacaqda saxlayır. Ancaq maşınının cərimə dayanacağına aparılacağından ehtiyat edir. Sürücü sual edir: belə vəziyyətdə onun maşınını cərimə dayanacağa aparsalar günah kimdə olacaq?
Qəpik tapmaq üçün marketə, sonra aptekə...
 
Zərifə Əliyeva küçəsində quraşdırılan parkomatlardan birinin yanında bir neçə dəqiqə gözlədik. Maşınlarını park edən sürücülərin kimisi cibindən qəpik ehtiyatını çıxarıb parkomatdan ödəniş qəbzi alır, kimisi də qəpik axtarmağa başlayır. Sürücülərdən biri ödəniş etmək üçün bizdən də qəpik istədi. Qəpiyimizin olmadığını dedik. Sürücü məcbur qalıb bir küçə yuxarıda- Üzeyir Hacıbəylidə olan marketlərdən birinə üz tutdu. Biz də həmin sürücü ilə marketə yollandıq. Marketdə qəpik tapmayan sürücü bu dəfə aptekə üz tutdu. Aptekdən qəpik tapan sürücü sevincək ödəniş edə bildi. Bütün bu proses sürücüyə 20 dəqiqəyə başa gəldi. Və onun bu qədər vaxtı tamamilə mənasız yerə-qəpik axtarmağa sərf olundu.
 
Market satıcısının sözlərinə görə, son günlər qəpik üçün onlara müraciət edənlərin sayı çoxalıb. “Sürücü olduqlarını bilirik. Xahiş edirlər ki, işə tələsirik, nəzarətçi yoxdur deyə qəpik tapa bilmirik. Biz də hər sürücüyə qəpik verə bilmirik. Özümüz qəpiyi avtobus sürücülərindən və metrodan alırıq”- deyə mağaza satıcısı dedi. 
 Qəpik olmayacaq, kartla ödəniş olacaq
 
Bəs, ödəniş etməyən sürücülərin maşınlarını DYP əməkdaşları cərimə meydançasına aparırsa, məsuliyyəti kim daşıyır?
 
Ərazidə olan DYP əməkdaşlarından bu məsələ ilə bağlı münasibət öyrəndik. DYP əməkdaşlarının sözlərinə görə, onlar nəzarətçilərin olub-olmaması məsələsi ilə maraqlanmır. Onlar ödəniş etməyən və qəbzi olmayan maşınları cərimə meydançasına aparırlar. Onlar sürücülərin hansı səbəbdən ödəniş etmədiyini müəyənləşdirə bilmədiklərini deyir. Çünki elə sürücülər var ki, bilərəkdən ödəniş etmirlər.
 
BŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev bir neçə gün əvvəl mətbuata açıqlamasında deyib ki, 2015-ci ilin əvvəlindən parkomatlar nəzarətçisiz işləyəcək. O bildirib ki, sürücülər gələn ilin əvvəlindən etibarən müvəqqəti ödənişli dayanacaqlarda ödənişlərini nağd yolla yanaşı, plastik kartlar vasitəsilə də edə biləcəklər və bundan əlavə, SMS xəbərdarlıq sistemi də fəaliyyətə başlayacaq.
 
Qeyd edək ki, pakomatlarda plastik kartları daxil etmək üçün yer olsa da hələlik bu sistem işlək vəziyyətə gətirilməyib.Avopa ölkələrində parkomatların nəzarətçisiz işlədiyini deyən H.Abdullayev nəzarətçilərin yığışdırılmasının sürücülərin aparatdan istifadə edə bilməsi ilə əlaqəli olduğunu və sürücülərin özlərinin xidmətdən istifadə etməyi öyrənməli olduğunu söyləyib.
 
H.Abdullayev 1 il sonra nəzarətçilərə ümumiyyətlə ehtiyac qalmayacağını da deyib. Xatırladaq ki, parkomatlar yeni quraşdırılarkən, qəpik probleminin olacağı bir neçə dəfə gündəmə gəlmişdi. BŞİH bu məsələnin palastik kartlardan istifadə ilə aradan qalxacağını bəyan etmişdi. Ancaq nəzərə alaq ki, heç də hamının plastik bank kartı yoxdur və parkomatlar kartla ödənişə keçsə bu dəfə kartı olmayanlar neynəyəcək?
 
Qeyd edək ki, Bakı küçələrində quraşdırılan parkomatlar ayda 2 milyon manata yaxın qazanc gətirir...