Bakı terrora hazırdırmı?

Avropa Oyunlarına hazırlaşan şəhərə ekstremist marağı artır

İndi Bakıda cinayətlərin təxminən 55 faizi şəhər küçələrində quraşdırılmış müşahidə videokameralarının vasitəsi ilə açılır. Daxili İşlər Nazirliyinin (DİN) müxtəlif çinli məmurlarının verdiyi açıqlamalardan bunu görmək olur. Bu məlumatlardan belə görünür ki, 2014-cü ilin birinci yarısında təxminən 5 min cinayət əməli törədilib və bunun təxminən 3 min 600-ü (76%-i) açılıb. Açılan cinayətlərin 2 minində (55%) isə cinayətkarları məhz kameraların hesabına müəyyən eləmək olub. Bir neçə gün əvvəl Qaraçuxur məscidində yanğın törətmək istəyən PKK üzvü Namiq Nəsibovun da izinə məhz videogörüntlərin vasitəsi ilə düşmək mümkün olmuşdu. 
 
Bütün bu uğurlara baxmayaraq, digər inkişaf etmiş ölkələrlə müqayisə etdikdə Azərbaycan paytaxtını heç kameralarla geniş təmin edilmiş saymaq olmaz. Məsələn, 8,4 milyon adamın yaşadığı Britaniya paytaxtı Londonda 700 minə yaxın kamera quraşdırılıb. 3,4 milyon nəfərlik Bakının 1000 nöqtəsində isə cəmi 4 minə yaxın kamera quraşdırılıb. Britaniya paytaxtında quraşdırılmış müşahidə sistemi artıq 10 ilə yaxındır ki, insanları 80% dəqiqliklə tanımağa imkan verir. Azərbaycan paytaxtı barədə isə bunu demək heç cür mümkün deyil. 
 
Texniki cəhətdən bu cür gerilik paytaxt polisinə lazımi təhlükəsizlik səviyyəsini təmin etməyə imkan vermir. Bunu adi yol polisinin işində də görmək olur. Əgər Londonda yol hərəkətinin təhlükəsizliyini təmin eləmək üçün cəmi 440 polis yetərilidirsə, 2,5 dəfə kiçik olan Bakıda yalnız bir növbəyə 700-dən çox yol polisi işçisi çıxır. Londonda kameraların gördüyü bir çox işləri bizdə polislərin özü görür. Kameralar çox vaxt yollarda baş verə biləcək qazaların qarşısını alırlar: yol hərəkət qaydalarını pozan, sürət həddini aşan avtomobilləri dərhal aşkarlayıb tədbir görürlər. 
 
Kameraların geniş miqyasda təchizi şəhərdə mümkün cinayətlərin qarşısını da ala bilər. Azərbaycanın 2015-ci ildə keçiriləcək Avropa Oyunlarına hazırlaşdığı indiki dövrdə bu, xüsusilə vacibdir. Müxtəlif terror qruplaşmaları öz fikirlərini dünyaya çatdırmaq üçün adətən belə tədbirlərini keçiriləcəyi şəhərləri hədəfə götütürlər. Çünki bu tədbirlər diqqət mərkəzində olur. PKK üzvləri Namiq Nəsibov və Elnur Ələkbərovun Qaraçuxur məscidini yandırmaq cəhdi bu arzuolunmaz marağın ilk görüntüsü ola bilər. Oyunlar PKK-nın Suriyadakı əsas düşməni İraq və Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının da hədəfinə çevrilə bilər. Hər halda, məfkurəsi ilə İŞİD-ə yaxın olan “Meşə qardaşları” təşkilatı 2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışmasını hədəfə götürmüşdü və hüquq-mühafizə orqanları kamikadze-terrorçunu son anda aşkar edə bilmişdilər. 
 
Bu ilin fevral ayında keçirilmiş Soçi qış olimpiadasının təcrübəsi göstərir ki, belə tədbirləri mümkün təhlükələrdən qorumaq üçün çox səy göstərmək lazımdır. Həmin dövrdə “İmarat Kafkaz” silahlı qruplaşmasının lideri Doku Umarov olimpiadanın keçirilməsinə mane olmaq üçün Rusiya ərazisində terror hadisələrinə qoyduğu "moratorium"u ləğv etdi və tərəfdarlarını Soçiyə hücum etməyə çağırdı. 
 
Rusiya tərəfi isə Soçini qorumaq üçün şəhərin bütün küçələrini videomüşahidəyə götürdüyünü bəyan etdi. Ümumiyyətlə, Rusiyada vidoemüşahidə məsələsinə xüsusi diqqət yetirilir. 2009-12-cu illərdə Moskvada yaşayış binalarının girişinə 80 min videokamera qoşulub. Şəhər sakin Yeqor Şerbakovun qətlini məhz belə kameralardan biri çəkmişdi və Azərbaycan vətəndaşı Orxan Zeynalov da təsvirdəki adama bənzədiyinə görə həbs edilib. 
 
Həmçinin, Rusiya Soçidə təhlükəsizliyi qorumaq üçün 40 min polis, hərbçi və FHN əməkdaşını cəlb etdiyini bildirdi. Moskva həmçinin pilotsuz uçan aparatlardan, hidrolokatorlardan, aşkarlayıcı robotlardan və yüksək sürətli patrul katerlərindən istifadə edib. 
 
Avropa oyunlarının qorunması üçün Azərbaycan da bu kimi tədbirləri tətbiq etməyə məhkumdur - ən azından ona görə ki, terror təhlükəsinə görə İŞİD “İmarat Kafkaz”dan qat-qat təhlükəli təşkilat sayılır. İŞİD-in tərkibində 15 mində yaxın Qafqaz və Orta Asiya sakinin, o cümlədən bir neçə yüz azərbaycanlının olması da Azərbaycan üçün bu təhlükəni xeyli artırır. 
 
Amma buna baxmayaraq, urbanizasiya və miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarında təhlükəsizliyin təminində heç bir problemin olmayacağını vurğulayır. "Hər şeydən öncə, bu kimi tədbirlərdə təhlükəsizlik beynəlxalq səviyyədə qorunur. Yəni müəyyən standartlar var ki, ona əməl ediləcək və lazım gəlsə, beynəlxalq səviyyədə tədbirlər görüləcək", - deyə ekspert ans-ə bildirib. 
 
Lakin bununla belə, Azər Allahverənov da Bakının videokameralarla təchiz səviyyəsini artırmağı vacib bilir: "Təbii ki, polis Avropa Oyunlarına qələr şəhərdə yeni videokameralar quraşdırmalıdır. Həmçinin, polisin nəzarətindən kənarda olan mövcud resurslardan da istifadə etmək olar. Bakıda çox sayda idarə və təşkilatların, çoxmərtəbəli yaşayış binalarının təhlükəsizlik kameraları da var ki, lazım olanda onları da polisin nəzarətinə vermək olar",- deyə ekspert vurğulayıb.