Bakı Beynəlxalq Avtovağzal Kompleksi Ramazan bayramı ilə əlaqədar olaraq iyulun 25-dən 30-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Avtovağzal Kompleksindən İnterAz-a verilən məlumata görə, bayram günlərində gücləndirilmiş iş rejiminə səbəb sərnişindaşımada intensivliyin artması ilə bağlıdır.
Kompleksin əməkdaşlarının sözlərinə görə, yay mövsümündə hər gün 10-11 min sərnişin daşınırdısa, bayram vaxtı bu rəqəmin 15 minə çatacağı gözlənilir. Buna görə də marşrutlara buraxılan avtobusların sayı artırılacaq.
Belə ki, adi günlərdə xəttə 400-450 avtobus buraxılırdı. Bayram günlərində isə onların sayı 550-600-ə çatdırılacaq.
Qeyd edək ki, avtovağzalda qiymət intizamına nəzarət komissiyası yaradılıb. Sərnişinlər biletlərin qiymətinin qanunsuz artırılması halları ilə qarşılaşarlarsa, dispetçer məntəqəsinə müraciət edə bilərlər./