Cəbhə kəndi - Hacallıda bu il 50 uşaq 1-ci sinifə gedəcək

Artıq bir neçə ildir ki, Hacallı kəndində yeni məktəb binası istifadəyə verilib. Müasir standartlara cavab verən bu məktəbdə təxminən 400 nəfərə yaxın şagird təhsil alır. Məktəb yeni tədris ili üçün də istifadəyə tam hazır vəziyyətdədir. 
Tovuzun düşmənlə sərhəddə yerləşən daha bir kəndi Hacallıdır. Kəndlə ən yaxın düşmən postu arasındakı məsafə təxminən 250-300 metrdir. Hacallı kəndində 360 evdə 2000-ə yaxın sakin məskunlaşıb. 60-cı illərdə tikilən məktəb binası düşmən gülləsindən yararsız vəziyyətə düşüb. Bundan sonra kənddə yeni məktəb tikilib. Bu il Hacallıda 50-dən çox şagird 1-ci sinifə gedəcək. Burada məktəbi hər il orta hesabla 80-90 şagird bitirir. Onların əksəriyyəti ali mətəblərə qəbul olur. Yuxarı sinif şagirdləri ilə söhbətləşdik. Məlum oldu ki, ali təhsil almaq istəməyənlər də var. Digər cəbhə kəndləri kimi Hacallı da daim atəşə məruz qalır. Burda tikilən məktəb binası da düşmən gülləsinə tuş gəlib. Təhlükəyə baxmayaraq “təhsil millətin gələcəyidir” ifadəsini dərk edən bu insanlar öz gələcəklərini qururlar – təhsil alırlar.