Cəbhədəkilərə şad xəbər

Cəbhə bölgəsində yerləşən bələdiyyələrə dövlət büdcəsindən daha çox pul ayrılacaq.
 
ANS TV-nin məlumatına görə, “Büdcə sistemi haqqında” qanuna edilən dəyişikliyə görə, dövlət büdcəsindən bələdiyyələrə dotasiyaların ayrılması zamanı nəzərə alınan meyarlar bir qədər genişləndirilib. Dotasiyanın hesablanması zamanı bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onların xüsusi çəkisi, bələdiyyənin gəlir və xərclərilə yanaşı yaşayış məntəqələrinin cəbhə xəttində, sərhəd zonasında, yüksək dağlıq ərazidə yerləşməsi də nəzərə alınacaq. Cəbhə bölgəsinə diqqətin artırılması bu günlərdə xüsusilə aktual məsələlərdən biridir.. 
 
Bələdiyyələrlə İş Mərkəzinin rəsmisi İlyas Kərimovun sözlərinə görə, əsas məqsəd sərhəd bölgələrdə yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və onların həmin ərazidə daha da möhkəmlənib öz fəaliyyətlərini davam etdirərək 
təsərrüfatlarının inkişaf etdirilməsidir. 
 
Bir sözlə cəbhə bölgəsində yaşayan əhalinin üzləşdiyi risqləri nəzərə alaraq onlara diqqəti artırmağa qərar verilib. İndi əsas məsələ dövlətin ayırdığı dotasiyaların insanların həyatını yaxşılaşdırmaq üçün xərclənməsidir. Bu isə bələdiyyələrin üzərinə düşür. /