Eldəniz Quliyev: “Heç bir beynəlxalq təşkilatdan kömək istəmirəm, çünki günahsızam”

Daxili işlər naziri Ramil Usubov və Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyev arasında məhkəmə çəkişməsi davam edir. Artıq proses sona yaxınlaşır. Hər şey Nəsimi Rayon Məhkəməsinin verəcəyi son qərardan asılıdır. 
 
Tanınmış ziyalı musavat.com-a açıqlamasında məhkəməsi ilə bağlı bunları deyib: “Məhkəmə ilə bağlı son durum bundan ibarətdir ki, iş linqvistik ekspertizaya göndərilib. Bu cavabdan sonra yəqin ki, konkret söz demək mümkün olacaq. Gedən proseslərdən sonra onu deyə bilərəm ki, növbəti məhkəməyə qədər DİN əməkdaşları məni izləyəcəklər. Arxamca daim maşın gəzir. Ölkədən çıxmağım yasaqlanıb. Bütün bunlar həbs ediləcəyimdən xəbər verir. Hədə-qorxular olmur. Sadəcə, daim izləndiyimi müşahidə edirəm”.
 
Eldəniz Quliyev təzyiqlərə məruz qalmasının Azərbaycan hakimiyyətinə başucalığı gətirməyəcəyini bildirdi: “Demokratik cəmiyyətdə təhqir olmayan fikrə görə insanı bu qədər küncə sıxışdırmaq doğru deyil. Bu, hakimiyyətə başucalığı gətirmir. Bütün bunlar Milli Şuradakı fəaliyyətim, eləcə də Ziyalılar Birliyindəki aktiv siyasi işlərimlə birbaşa əlaqədardır”.
 
Kinodramaturq təzyiqlərlə bağlı heç bir yerli və beynəlxalq təşkilatlara müraciət etmədiyini də qeyd etdi: “Hesab edirəm ki, haqlıyam. Yüz faiz haqlı olduğuma görə köməyə ehtiyacım da yoxdur. Ümumiyyətlə, təbiətimdə yoxdur ki, mənə qarşı olan təzyiq, təqiblərlə bağlı kimdənsə kömək istəyim. Xüsusilə beynəlxalq təşkilatlardan. Çalışıram ki, problemlərimi özüm həll edim. Həbsim onların məğlubiyyəti deməkdir”.
 
Eldəniz Quliyev demokratik düşərgənin, cəmiyyətin ona qarşı təzyiqlərə biganə qalması kimi fikirlərlə razılaşmadığını diqqətimizə çatdırdı: “Mənə qarşı olanlara demokratik düşərgə kifayət qədər sərt təpki göstərərək, etirazını nümayiş etdirdi. İlk növbədə, Rüstəm İbrahimbəyov, daha sonra Müsavat başqanı İsa Qəmbər, Lalə Şövkət, AXCP lideri Əli Kərimli, KXCP, ADP və bütün siyasi partiyalar bəyanatlarla çıxış edərək, mövqelərini bildirdilər. Avropada yaşayan azərbaycanlılar da dəstək verdilər. Bu cür dəstəkdən qürurlandım. Kifayət qədər dəstək oldu. Bu baxımdan mənə dəstək verilməməsi ilə bağlı səslənən fikirlərlə razı deyiləm”.
 
E.Quliyev bildirdi ki, köhnə ofisindən çıxarılandan bir müddət sonra yeni ofisə köçüb.