Eldar Mahmudovun 80 qohumu...

Mətbuat keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı mövzunu davam etdirir. Maide.az xəbər verir ki, "Yeni Müsavat" Eldar Mahmudovun antikorrupsiya qanununu da pozduğunu yazır.
 
«Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldı və aydın oldu ki, Milli Təhlükəsizlik Nazirliyində onun 80 qohumu işləyib. Nazir həmin qohumları vasitəsilə hansı işləri görüb, bunu istintaq araşdırmalıdır. Bəs qohumların bir-birinin tabeliyində çalışması qanunidirmi? Belə bir tabeçilik münasibətləri korrupsiya cinayətlərinə yol açmırmı?», - sual edir qəzet.
 
«Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış qəzetə deyib ki, «Korrupsiyaya Qarşı Mübarizə haqqında» Qanunun 7.1-ci maddəsinə görə, icra hakimiyyəti orqanlarında müəyyən edilmiş istisnalar olmaqla, qohumların bir-birinin tabeliyində işləməsi yolverilməzdir: «İstisna halı Nazirlər Kabineti müəyyən etməlidir. Amma bu günə qədər belə bir istisna nəzərdə tutulmayıb. Həmin qanunun 7.2-ci maddəsində göstərilir ki, əgər qohumların bir-birinin tabeliyində işlədiyi müəyyən edilərsə, 1 ay müddətində həmin şəxslər işdən çıxarılmalıdır. Yəni həmin qanunun tələbinə görə Eldar Mahmudovuntabeliyində heç bir yaxın qohumu işləyə bilməzdi. Eldar Mahmudov milli təhlükəsizlik naziridirsə, deməli, o qurumda işləyən bütün şəxslər onun işçiləridirlər və onların arasında nazirin qohumu olmamalı idi. Çox əfsuslar olsun ki, Azərbaycan hüquq dövləti deyil. Buna görə də belə bir problemlər ortaya çıxanda, həlli də qeyri-mümkün olur».
 
M.Baxış deyib ki, 2003-cü ildə qanuni qüvvəyə minmiş «Korrupsiyaya Qarşı Mübarizə haqqında» Qanun bu gün də qüvvədədir və qanunun icrasına nəzarət etməli qurum Baş Prokurorluqdur: «Prokurorluq qanunun icrasına nəzarət etməli olan, məsuliyyət daşıyan orqandır. Eldar Mahmudovun barəsində şikayətlər bu qurumda araşdırılmayıb. Eldar Mahmudovdan sadəcə qorxublar, çəkiniblər. Onun xüsusilə ağır cinayətləri - quldurluq, hədə-qorxu ilə tələb etmə, soyğunçuluq haqda Baş Prokurorluğa daxil olan şikayətlər araşdırılmayıb».