Həbsdə olan jurnalist Nicat Əliyevin 25 yaşı oldu

Həbsindən öncə medianın o qədər də tanımadığı, jurnalistika fəaliyyətinə yenicə başlayan, ailə qurduğu gündən iki həftə keçməmiş şərlənərək həbs olunan bu gəncin 25 yaşı tamam olur.
 
...İki il bundan qabaq səhv etmirəmsə, aprel ayı idi. Ofisə yenicə daxil olmuşdum ki, hüquqşünasımız Bakı Ağır Cinayətlər Məhkəməsində “azadxeber.org” (indi “net”dir, o zaman belə idi) adlı saytın redaktoru Nicat Əliyevin məhkəmə prosesinin olduğunu və oraya getməyin vacib olduğunu dedi. Düzünü deyim ki, altı il media sahəsində olduğuma baxmayaraq, bir az təəccübləndim, çünki belə bir saytın və redaktorun olduğundan xəbərsiz idim. Məhkəməyə gedəndə həyətdə saysız-hesabsız insan kütləsini, dəstəkləyənləri görəndə isə təəccübüm ikiqat artdı. Hətta bir az utandım ki, bir belə dəstəkçisi olan jurnalisti tanımıram. Zala daxil olduq, məhkəmə başladı. Prosesin sonunda gizlin də olsa, Nicatın barmaqlıq arxasından ilk video və foto görüntüsünü əldə edə bildim. 22-23 yaşlı gəncin özünün təsəlliyə, ürək-dirəyə ehtiyacı ola-ola, zalda olan əzizlərinə, onu dəstəkləməyə gələnlərə “darıxmayın, səbrli olun, Allah bizimlədir” deyə təsəlli verməsi yaşının azlığına baxmayaraq, onun necə mətin bir iradəyə sahib olduğunu göstərirdi...
 
Səni təbrik edirik, Nicat! Bu gün sən doğum gününü barmaqlıq arxasında, ailəndən, dostlarından uzaqda - həbsdə keçirirsən. Biz sənin günahsızlığına inanırıq, həmişə də səni – tutduğun yolu, məqsədini dəstəkləyəcəyik. İnşallah, səni azadlıqda görmək istəyi ilə!
 
Xatırladaq ki, 2012-ci il, may ayının 20-də Avroviziya mahnı müsabiqəsi ərəfəsində saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il, yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb. Fevralın 15-də Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Nicat Əliyevin istintaq müddətinin yenidən 2 ay uzadılması barədə qərar çıxarılıb. 9 dekabr 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Nicat Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub. 27 iyun 2014-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi ilkin instansiya məhkəməsinin qərarının qüvvədə saxlanıldığını elan edib.
Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları N. Əliyevin hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya mahnı müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdiyinə görə həbs edildiyini hesab edir.
 
Fərqanə Novruzova