Hansı valyuta daha etibarlıdır?

Vüqar Bayramov: “Uzun müddətli yığım üçün dollar, qısa yığım üçün isə manat daha məqsədəuyğundur”

Azərbaycanda dollar-manat münasibətləri heç də həmişə dünya valyuta bazarlarında baş verənlərə uyğun dəyişmir. Buna görə də, əlində müəyyən qədər pulu olan vətəndaş və investorlar valyuta seçimində çətinlik çəkirlər. İnsanların bəziləri pulu qızıla yatırmağın daha məqsədəuyğun olduğunu düşünsə də, bunun əksini düşünənlər də var. Bəs vətəndaşlar pullarını hansı valyutaya çevirib yığsalar daha məqsədəuyğun olar? Hansı valyuta daha etibarlıdır?
 
Maide.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov uzun müddətli yığım üçün dolların, qısa müddətli yığım üçün isə manatın daha məqsədəuyğun olması barədə "Yeni Müsavat"a belə deyib: “Dünya bazarında qızılın qiymətində azalmalar müşahidə edilir. Son bir ildə qızılın qiymətində müşahidə edilən doqquz faizlik azalma və son iki ildəki iki rəqəmli azalma insanların pullarını qızıla çevirməsinə marağı azaldıb. Qızılın alış və satış qiyməti arasındakı fərq, vətəndaşa qızılı almaq və onu pula çevirmək heç də gəlir gətirmir. Ona görə də artıq yığım vasitəsi kimi son illərdə valyuta daha çox diqqəti cəlb edir. Valyutalarla bağlı problem isə ondan ibarətdir ki, xarici valyutaların dəyəri bəzi hallarda süni şəkildə azaldılır. Məsələn, Avropa Birliyinin avro məzənnəsində dollara nisbətən son 6 ayda təxminən 7 faiz azalma müşahidə edilir. Baxmayaraq ki, avronun dəyəri 2013-cü ilin sonu 2014-cü ilin əvvəllərində kəskin şəkildə möhkəmlənirdi. 2015-ci ildə avro məzənnəsində yenidən müəyyən artımlar proqnozlaşdırılır. Çünki adətən bir valyuta məzənnəsinin aşağı düşməsi sonrakı mərhələdə həmin valyuta məzənnəsinin yüksəlməsinə gətirib çıxarır. Amma bütün hallarda nəzərə almaq lazımdır ki, söhbət əhali üçün yığımlardan gedir ki, o yığımlar daha yaxşı və sığortalanmış olmalıdır”.
 
V.Bayramov yığım üçün dollar və manatın daha çox diqqəti cəlb etdiyini dedi. Ekspert bildirdi ki, uzun müddətli yığım üçün dollar, qısa yığım üçün isə manat daha məqsədə uyğundur: “Yığım üçün valyuta olaraq manat və dollar daha çox diqqəti cəlb edir. Amma manatın dollara nisbətən məzənnəsi stabildir. Dolların məzənnəsinin dəyişməsindən asılı olmayaraq manatın dollara nisbətən məzənnəsində hər hansı dəyişikliklər baş vermir. Amma digər tərəfdən, manat və dolların yığımı aparılan zaman burada müddət çox önəmlidir. Əgər vətəndaş qısa müddətli dövrdə yığım aparmaq istəyirsə, o zaman manatla yığımların aparılması daha məqsədəuyğundur. Çünki, qısa müddətli dövrdə manatın məzənnəsinin aşağı düşməsi riski yoxdur. Məsələn vətəndaş bir il müddətinə yığım aparmaq istəyirsə, manatla yığım aparması daha məqsədəuyğundur. Amma vətəndaş digər valyuta ilə yığım aparan zaman alış-satış məzənnəsində uduzur. Misal üçün dollarla yığım aparan şəxs manatı dollara çevirməlidir və əgər onu bir ildən sonra istifadə edəcəksə, sonradan yenidən manata çevirməli olur.
 
Adətən məzənnə kursu stabil qalsa belə, yığım aparan şəxs alış-satış fərqində uduzur. Bu baxımdan qısa müddətli yığım üçün manat daha sərfəlidir. Amma uzun müddəti, tutaq ki, 2 ildən artıq bir müddətdə yığım aparılması nəzərdə tutulubsa, dollarla yığım aparılması daha sərfəlidir. Nəzərə almalıqyıq ki, Azərbaycan manatı stabil olsa belə, onun işləmə dairəsi məhduddur. Azərbaycan manatı ölkəmizdə, ən yaxşı halda qonşu ölkələrdə müəyyən alqı-satqılarda istifadə oluna bilər. Amma dollara yığım vasitəsi kimi dünyada daha çox müraciət edən var. Bu baxımdan uzun müddətli dövrdə digər valyutalardan fərqli olaraq dolların məzənnəsinin aşağı düşəcəyi proqnozlaşdırılmır və gözlənilmir. 
 
Ona görə də, uzun müddətli yığımların dollarla, qısa müddətli yığımların isə manatla aparılması məqsədəuyğundur. Əgər orta müddətli dövrdə yığım aparılırsa, valyuta səbətindən istifadə oluna bilər.Yığım aparan şəxsin misal üçün 10 min manat vəsaiti varsa, onun təxminən 7 min manatını dollarda, 3 min manatını isə manatda saxlaya bilər. Vəsaitin müəyyən hissəsini avroda saxlamaq da mümkündür. Yəni orta müddətli dövrdə valyuta səbətindən istifadə etmək daha məqsədə uyğundur”.