Hüquq müdafiəçilərinin həbsinə- Reaksiya

Ümid Partiyası tanınmış hüquq müdafiəçilərinin həbsi ilə bağlı bəyanat yayıb.
 
Ümid Partiyasının Mətbuat Xidmətindən Maide.az-a daxil olan məlumata görə, bəyanatda deyilir:
 
"Avqustun 8-də səhər saatlarında Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev polislər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. Sonra onun evində və ofisində axtarış aparılıb. O vəzifəli şəxsin səlahiyyətlərini və qrant vəsaitini mənimsəmədə ittiham olunur. Eyni gündə digər tanınmış hüquq müdafiəçisi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov həbs olunub və təşkilatın ofisində prokurorluq işçiləri axtarış aparmağa başlayıblar. Habelə avqustun 2-də İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə ona 3 ay həbs-qətimkan tədbiri seçilib.
 
Ümid Partiyası baş verən həbsləri ictimai-siyasi aktivlərə qarşı repressiyaların davamı olduğunu və Azərbaycanın beynəlxalq aləmdə yüksək olmayan nüfuzuna ciddi zərbə vurduğunu bəyan edir, hakimiyyəti həmin şəxslərin uzun illər insan haqlarının müdafiəsi ilə aktiv şəkildə məşğul olduqlarını, beynəlxalq insan haqları təşkilatları tərəfindən yüksək səviyyədə tanındıqlarını nəzərə almağa, haqlarında seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsinə, dərhal azadlığa buraxılmasına, istintaqın ədalətli və şəffaf aparılmasına, vətəndaş cəmiyyətinə qarşı basqıları dayandırmağa çağırır".