`Ölkəmizdə baş verən hadisələr dünyadakı hadisələrin oxşarıdır`

Sərdar Hacıhəsənli: `Qüds və Qarabağın taleyindəki bənzərlik işğalda qalma səbəbinin vəhdətidir`

Nüfuzlu din xadimi, ilahiyyatçı alim Sərdar Hacıhəsənli “İslamın Səsi” saytının Qüds günü ilə bağlı suallarını cavablandırıb.
 
- Qüds günü və onun əhəmiyyəti barəsində nə deyə bilərsiniz? 
- Bismillahir-rəhmanir-rəhim Qüds günü mübarək Ramazan ayının axır cüməsidir ki, bu gündə müsəlmanlar torpaqları işğal olunmuş Fələstin xalqına dəstək nümayiş etdirir və daha bir dəfə işğalçı siyasəti pisləyirlər.
 
- Ərazilərimizin 20 faizi işğal altında olduğu halda Qarabağ deyil, Qüds günü keçirmək nə qədər doğru hesab olunur? 
-Bilirsiniz, Qarabağ məsələsinə gəldikdə bu, ölkəmizin başlıca problemidir. O səbəbdən Qarabağ bizə ildə qeyd olunacaq bir gün deyil, hər günümüzün proritet məsələsidir və bu məsələnin həllinə nail olana qədər yaşadığımız hər saat və gün Qarabağ günü olmalıdır. Necə ki, Fələstin xalqına keçən hər gün Qüds günüdür. Eyni zamanda, unutmamalıyıq ki, ölkəmizdə baş verən hadisələr elə dünyada baş verən hadisələrin ya davamı, ya da oxşarıdır. Bu gün biz azərbaycanlı müsəlmanlar olaraq dünyada baş verən haqsızlığa və millətlərin taleyinə biganə qalmamaq şüarı veririksə və dünya ictimaiyyətini ikili standartlardan uzaq olmağa çağırırıqsa, fərqi yoxdur Qüds günü ya Qarabağ günü adlansın, mahiyyət eynidir. 
 
- Ölkəmizdə baş verən hadisələr dünyada baş verən hadisələrin ya davamı ya oxşarıdır dedikdə nəyi nəzərdə tutursuz? 
- Fələstinin və Azərbaycanın Qarabağ bölgəsinin taleyi bir növ oxşardır. Həm Fələstində, həmdə Qarabağda insanlar öz doğma torpaqlarından didərgin salınmış, əvəzində dünyanın müxtəlif ölkələrindən, yəhudi və erməni soylu insanlar Qüds və Qarabağda yerləşdirilmişdir. Amma o ərazilərin tarixi vətəndaşları öz yurdlarından zorla kənarlaşdırılaraq, ən ağır şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamaqdadırlar.
 
İkinci tərəfdən, hər iki xalqın taleyi ilə əlaqədar dünya ictimaiyyəti susmaqda və bu böhranların həllini bir neçə on illiklərin yaddaşına tapşırmaqdadırlar. Qüds və Qarabağın taleyində ən mühüm oxşarlıq isə işğal olunma və işğalda qalma səbəbinin vəhdət təşkil etməsidir.  Hər iki məkan dünyaya hakim güc mərkəzlərinin plan və  dəstəyi əsasında işğal olunub. Elə bu güc vahidlərinin dəstək və arxa durması nəticəsində də həmin ərazilər işğaldan qurtula bilmir.
 
Bu səbəbdəndir ki, Beynəlxalq Millətlər Təşkilatı tərəfindən verilmiş bəyanatlar və sanksiyalar əməli təsirə malik deyil və kağız üzərində qalır. Çünki işğalçıların arxasında hegemon dövlətlər durmaqdadır. Bu baxımdan, Qüds günü çox böyük əhəmiyyət kəsb edir. Çünki məsələ təkcə bəzi ərazilərin işğal olunması deyil, işğalçı siyasətə və onun himayətçilərinə etirazdan ibarətdir. Əgər dünya ictimaiyyəti bu tarixi ədalətsizliklər qarşısında yenə də səs çıxarmayıb sussa belə,biz etirazı ön planda qərar verməliyik, çünki biz oxşar taleyi yaşayırıq.
 
İnanın, bu gün dünyanın yaşadığı işğalların səbəbi dünən yaşanan işğalçılığa laqeyd qalmaqdan qaynaqlanır. Əgər dünya ictimaiyyəti geridə qalmış on illər ərzində  terrorçu və işğalçını himayə etmək əvəzinə, onun önündə dursaydı, bu gün terrorçu və işğalçının dövlət yaratmasının şahidi olmazdıq. Məhz işğalçı və terrorçunun fərdi şəkildən çıxıb leqallaşaraq dövlət halına gəlməsi, artıq bəşəriyyətin faciəsidir. Qeyd olunan Qüds günü isə dünyadakı bütün ədalətsizliklərə qarşı bir hayqırıdır.
 
- Mövzu ilə bağlı son olaraq  nə demək istəyərdiniz? 
- Allah insanı yaradaraq yer kürəsini onun sülh içində və rahat yaşaması üçün nəzərdə tutdu. İnsanlar öz xoşbəxtlikləri naminə işğalçı və yırtıcı siyasəti kənara qoymalı və Allahın onlara bəxş etdiyi ərazilərdə dinindən və dilindən asılı olmayaraq birgə dinc yaşamalıdırlar. Necə ki, işğaldan öncə Fələstin torpaqlarında müsəlmanlarla yanaşı, yəhud və məsihilər, yaxud Azərbaycanın Qarabağ torpaqlarında türklərlə yanaşı, erməni və başqa millətlər dinc şəraitdə yaşayırdılar.