Məşhur holdinqin rəhbərinə qarşı şok ittihamlar

“Tikdiyim binadan 29 mənzili iki yüksək vəzifəli məmura bağışladı”

Maide.az xəbər verir ki, "Bizim Yol" qəzeti Azərbaycanda mənzil fırıldaqlarının səbəbi və səbəbkarlarını araşdırmağa davam edir. Ötən saylarımızda tikinti maqnatı sayılan iş adamı İlham Qasımov və Sahib İbrahimovun bir-birinə qarşı ittihamlarla dolu müsahibələrini, ardınca da cənab Qasımovdan narazı Mirhasil Zahidovun başına gələnləri yazmışdıq. Daha bir iş adamı redaksiyaya zəng edərək eyni oyunların "qurbanı"na çevrildiyini dedi. Özü fırıldaq etməkdə günahlandırılan "Fəqan-1" MMC-nin rəhbəri Rauf Hüseynov bir müddət əvvəl mətbuatda tikdiyi binadan mənzil alanların haqqını son qəpiyinə qədər verdiyini, heç kimə borclu qalmadığını demişdi. Bu gün isə cənab Hüseynov xeyli mənzil sahibinə borclu qaldığını etiraf edir. Amma bu məsələdə ortağını günahlandırır. 

Onun sözlərinə görə, hələ Sovetlər İttifaqı dövründən çox zəngin bir adam olub, daim gəlirli işlərdə çalışıb. Vaxtilə neft şirkətində işləyib, sonradan özünə aid müəssisələr yaradıb, dövlətin elan etdiyi tenderlərdə tikinti aparmaq hüququ qazanıb. Bir sözlə tikinti adamı olub. Deyir ki, ortağının ucbatından indi kasıbçılıqla üz-üzə qalıb. Amma bu ortaqlar nə İ.Qasımovdur, nə də S.İbrahimov. O, S.İbrahimovun qardaşı Tağı İbrahimovun adını çəkir: "Mən "Şərur İnşaat"ın prezidenti İsfəndiyar Axundovla bir yerdə işləyirdim, yəni həmin şirkətin rəhbərlərindən biri olmuşam. 2002-ci ildə Salyandan dostum Nurəddin mənə dedi ki, bir nəfər ortaq olaraq bir yerdə ev tikmək istəyir. Məni  Tağı İbrahimovla tanış elədi. Yer üçün 150 min dolları mən ödədim. Tağı 3 bloklu 16 mərtəbəli bina üçün sərəncamı da mənim pulumla ailə şirkəti olan "Nehrəm" Mənzil Tikinti Kooperativinin (MTK) adına aldı və məni də kooperativin sədri təyin elədi".
 
"Mən "krışayam", hamıya cavab verəcəm" 
 
Dediyinə görə, o vaxtkı İnqilab, indiki Həsən Əliyev küçəsi 33 ünvanda yer götürüb tikməyə başlayıblar: "Tikinti üçün bütün vəsaiti mən xərcləyirdim. Tağı pul qoyacağını desə də, vəsait vermədi. 16 mərtəbəli 3 bloklu binanın birincisini tikib qurtardım. Oturub hesablaşdıq, mənzillərdən gəliri yarı-yarıya böldük. Zirzəmi hissəsindəki qeyri-yaşayış sahəsini mənimlə bölüşdürmədi, hamısını özü götürdü. Halbuki yarısını mənə verməli idi. "Sonra hesablaşacağıq", dedi. Baxmayaraq ki, 1 qəpik də qoymamışdı, satışdan daxil olan pulun 50 faizinə şərik oldu. Həmin binanın yanında fərdi evlər də vardı. "Gəl buranı da alaq", dedi. Camaat Tağını tanımır, etibar etmirdi. Mən orada yaşayan sakinlərlə razılaşıb yeri şəxsi vəsaitim hesabına 2.4 milyon manata aldım. Torpaqla birlikdə ikinci blokun tikintisinə ümumilikdə 3 milyon 883 min manat pul vəsaiti qoymuşdum. Amma o, yenə bir qəpik də pul xərcləmədi. Sərəncam bir idi, "Nehrəm" MTK-nın adınaydı, uzaqlaşa bilmirdim. Müqavilə də bağlamışdıq, deyirdim "eybi yox müştəri gəlir, mənzil satıram", ya da borca girirdim. Belə-belə işi yola verirdim. O, deyirdi ki, "ATV məndədir, mən "krışayam", hamıya cavab verəcəm". Bizdən aldığı puldan da heç kimə vermirdi. "Dövlət qurumlarına vermək" adı ilə iki dəfə 315 min və iki dəfə də 365 min manat məndən pul götürüb, amma heç birinə də pul verməyib. Ondan heç bir "krışalıq" görmədim, bütün problemləri özüm yoluna qoyurdum. İkinci bloku tikəndə payıma düşən mənzilləri satmağa başladım. Tikintiyə qoyulan sərmayənin 100 faizini, ümumi gəlirin isə 50 faizini götürməli idim. Mənfəətin 50 faizini də o satmalı idi. Öz hissəmə düşəni 2009-cu ilə qədər satdım. O isə mən satdığım mənzillərin hamısını təzədən 2012-2013-cü illərdə satıb. İkinci blokda bünövrəni qazdırıb 9 mərtəbə tikdim, sonra vəsaitim qurtardı. 9 mərtəbə tikilmişdi, amma 16 mərtəbə tamamilə satılmış, pulu mənzil sahiblərindən alınmışdı. Dəfələrlə ona dedim ki, "Tağı, tikintiyə sən də pul qoy, təkbaşıma gücüm çatmır". O da gah "300 min verəcəm", gah "500 min verəcəm", gah da "700 min verəcəm" desə də, vermədi. Onda mən öz evlərimi, daşınar-daşınmaz əmlakımı girov qoyub pul götürdüm, binanı tikməyə başladım. Yenə də pul qurtardı. Əvvəlki kimi deyildi ki, müştəri gəlib bu başdan evin pulunu ödəyib alsın". 
 
"Borcunu mənim  pulumla ödədi" 
 
Bina 9-cu mərtəbəyə çatanda aralarında münaqişə yaranıb: "Bir gün gəlib "gəl bir podrat müqaviləsi imzalayaq, bundan sonra binanı mən tikəcəm", dedi. Məni kənarlaşdırıb özü tikməyə başladı. İşi kürəkəninə tapşırdı. Tikilən binadan mənzillər müqabilində zavodlardan beton, armatur və digər tikinti materialları alırdı, işçiləri də onlar verirdilər. Özü heç bir iş görmürdü. Qoyduğu xərc elə böyük vəsait deyildi. Niyyəti sadəcə məni işdən aralamaq idi. Bu arada Tağı "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla qohum olmuşdu.  Mənim xəbərim olmadan, məsləhətləşmədən, hələ tikinti tamamlanmamış 16 mənzilimi götürüb təzə qohumuna borc qarşılığında verib. 13 mənzili isə başqa bir vəzifəli qohumuna verib. Aralarında olan haqq-hesabı mənim evimlə əvəzləşdirdilər. Ona olan borcunu mənim haqqımdan ödədi. Sonradan o  qohumluq pozuldu.  Onlara mənzilləri verdiyini sübut edən dislokasiya sənədi var. İndi evlərin kimin adına olduğunu bilmirəm, amma iki şərik arasında olan "qara mühasibatlıq"da hansı nömrəli evlərin kimə verildiyi qeyd olunub. Tağı İbrahimov evlərin satışını "Nehrəm" MTK-nın möhürü ilə həyata keçirirdi, mən isə "Fəqan-1" MMC adından satırdım. Müqavilədən kənara çıxmamışam, payıma düşən sərmayənin 100 faizi və gəlirdən 50 faizi satmışam. Yəni qoyulan sərmayə götürüldükdən sonra yerdə qalan gəlir yarıya bölünə bilərdi. O isə öz payından başqa mənim 2009-cu ildə satdığım evləri də 2012-2013-cü illərdə götürüb ikinci dəfə başqa adamlara "Nehrəm" MTK adından satıb".  
 
"İndi adım "moşennik"dir"
 
R.Hüseynovun sözlərinə görə, ortağı onunla haqq-hesabı yarı-yarımçıq görəndən sonra gedib təzədən sərəncam alıb, 18 mərtəbə tikməyə başlayıb: "Mən onun təməlini 22 mərtəbə üçün hesablamışdım. Özü əvvəldən belə istəmişdi. Sonradan dedi ki, 16 mərtəbə olacaq. Ortaq olduğumuz vaxt məni aldatdı, işbirliyimiz pozulandan sonra mərtəbənin sayını artırıb. Tikintidə ən çox xərc təməldə gedir. Binanın təməlini qoyan mən, hazırın naziri olan o. Üçüncü blokun özülünü  mən qazmışdım, o isə heç bir iş görməyib. Sonradan müştərilərlə mənim aramda konflikt yarandı, onlar mənə qarşı çıxmağa başladılar. Hər kəs mənzilindən narahat idi, deyirdilər ki, "bizim orada evimiz yoxdur". Xalqın arasında məni bu şəkildə hörmətdən saldı. Xahiş-minnətlə onlardan 21 evi geri aldım. Onu da İnqilabdakı binadan yox, kürəkəninin adına olan "Qlobal" MTK-nın Yasamalda tikdiyi evlərdən verib. Camaatı güc-bəla ilə yola gətirdim, xahiş elədim ki, razılaşsınlar. Yasamalda kvadrat metri 350-450 manata olan evlər mənim adamlarıma 550 manata başa gəldi. Həm mərkəzdən uzaq, həm də baha. Amma mənzilləri geri necə aldığımı da deyim. "Gənclik"də milyonçular məhəlləsi, Yusif Vəzir Çəmənzəminli küçəsində 7.5 sot torpaqda qızımın adına olan mülkü girov qoyub 178 min manat pul götürmüşdüm, həmin vəsaitlə binanı tikirdim. Onu verə bilmədik, faizi şişdi, Tağı axırda mənim şəxsi mülkümə də göz dikdi, düzüb-qoşub özünə götürdü.  Borcu o, bağlamalıydı, bağladı, amma girovda olan evimi çıxarıb qızımın adına keçirmək əvəzinə mən xaricdə olanda kürəkəninin adına keçirib. Biz evdən çıxan vaxt mülk üçün 2.1 milyon manat təklif etmişdilər, satmamışdım. İndi onu satıbmı, satmayıbmı, xəbərim yoxdur". 
 
Camaat ondan şikayət edirmiş. O da mülk sahiblərini sakitləşdirdmək üçün əmlakını, obyektlərini satıb bir hissəsinə pul verdiyini deyir: "Ümumilikdə 2.1 milyon manat vəsait ödədim. Amma yenə də borcum qalır, bu gün də adım "moşennikdir". Pulu faizlə tapırdım, sonra camaatın pulunu qaytara bilmirdim, məcbur olub uşaqlarımın, özümün əmlakımı satırdım. Qızlarımın mərkəzdə, oğlumun yenə mərkəzdə və Mehdiabadda 13 sot həyəti olan "full" təmirli mülkünü satdım, qızlarımın, oğlumun mənzillərini vermişəm. Bütün işlərim dayanıb, hazırda heç bir işim yoxdur. Dəyəri 1.6 milyon olan 16 mənzili borcluyam. Camaat o mənzillərin pulunu ödəyib, Tağı İbrahimov da zəbt edib. Pulu verəndən sonra onun mənə borcu "Gənclik" meydanındakı villam və 4 milyon manat da qazancdır. Heç 4 milyon manat yazmayın. Komissiya gəlib otursun, hesablasın ki, "Gənclik"də tikilən 18 mərtəbəli evdən qazancım nə qədərdirsə, onu mənə versin. Mən şikayət edəndə məktub yazırlar ki, "gedib öz aranızda həll edin". Məndən şikayət olanda isə ödəməyə məcbur edirlər. Haradan ödəyim? Mənzil sahiblərinin çoxu tanış adamlardır, şikayət etməsinlər deyə, gedib xahiş edirəm. Bütün mülkümü, əmlakımı Tağı əlimdən alıb. İmişlidəki fermer təsərrüfatımı da götürüb. Məndən şikayət etmişdilər. Tağının verdiyi evlər yarımçıq idi, mənzil haqqı olan adam da götürmürdü. Onun əvəzinə fermanı verdim. İndi dostum bağda yer verib, özümə yüngülvari bir sığınacaq tikib yaşayıram. Qızlarımın, mənim evimizdəki bahalı mebelləri bağda bir küncə yığmışam. Odun kimi manqala qoyub yandırmaqdan başqa heç nəyə yaramır. Çünki qoymağa ev yoxdur". 
 
"Türkiyədə ada alıb, Ağac Emalı Zavodu, "Karamel" fabriki də onundur"
 
R.Hüseynov deyir ki, hazırda onun satdığı 16 mənzil mübahisəlidir: "Tağının isə problemi yoxdur, çünki mənim evlərimi satıb. Onun mənzil satdığı adamlar evlərini təmir edirlər, mənim satdıqlarım isə əmlaksız qalıb. həmin binadan 4 mənzil də mənim özümə borcludur. Evlərin hamısı 2 dəfə satılıb. Prokurorluğa müraciət etmişəm, deyirlər ki, bu iş mülki işdir. Gedib aranızda həll edin. Xuliqanlıq edilib, mənim əlimdən evlər alınıb, adını da "mülki iş" qoyurlar. Mən öz mülkümü könüllü olaraq ona verməmişəm. Azərbaycan Respublikasında Mənzil İstismar Sahələrindən başqa, nə ki dövlət qurumu var, hamısına müraciət etmişəm. 124 deputata, bir də Milli Məclis sədrinə üst-üstə 125 məktub yazmışam. Mən də o vaxt hörmət elədim, prezident seçkilərində səs-küy olmaması üçün səsimi çıxartmadım. Məhkəmələrə müraciət etmişəm. Camaat isə mənim üstümə düşüb. 16 evdir, vermir ki, onlarla məsələ qurtarsın. Sonra mən öz məsələmi məhkəmə yolu ilə həll etməyə çalışaram. Üçüncü bloku hələ də tikib başa çatdırmayıb. Bina bugünkü günə qədər də tamamlanmayıb. Onun mənə 4 milyon manat gəlirdən, 3 milyon 883 min manat da yatırdığım sərmayədən verəcəyi var. Zəng edirəm, telefonumu götürmür. Axırıncı dəfə dedim ki, "göydə Allah var, bu məsələni həll etmək lazımdır". Hamını söydü, dedi "mən heç nə həll eləmirəm, əlimdən kanalımı alıblar, filan". İşbirliyimiz 2002-ci ildən, problemlərimiz isə 2007-ci ildən başlamışdı. Uzun illər tikinti ilə məşğul olmuşam, məni inşaat sektorunda çox yaxşı tanıyırlar, başqa şirkətlərlə də ortaqlığım olub. O vaxt mənim 3-4 ofisim vardı. Tağı İbrahimov məni müflis elədi, onları dağıtdı. Bu yaxınlarda eşitmişəm ki, Novxanıdakı bağ evini 4 milyon manata satıb. Camaatın borcunu verə bilər. Bakıdakı Ağac Emalı Zavodu onundur, keçmiş "Karamel" fabrikinin yerində binalar tikdirib, Türkiyədə özünə ada alıb. Bu tərəfdən Bakida işbirliyi qurduğu iranlılara da "atıb". Hazırda xaricə gedib-gəlir".