Musa Quliyev: `Beynəlxalq təşkilatlar bu mövqelərindən utanmalıdırlar`

Beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan təmas xəttindəki gərginliklə bağlı bəyanatlarının mənası yoxdur və hadisələrin gedişinə heç bir təsir göstərmir.
 
Bu barədə millət vəkili Musa Quliyev son günlər cəbhədə baş verən hadisələrə beynəlxalq təşkilatların, nüfuzlu dövlətlərin münasibətini şərh edərkən bildirib.
 
Millət vəkili deyib ki, belə açıqlamalarla əslində həmin qurumlar öz varlıqlarını göstərmək istəyirlər:
 
"Beynəlxalq təşkilatların müəyyən bir gücü, qüdrəti, qabiliyyəti olsaydı, indiyə qədər bu məsələnin həlli üçün konkret addım atardılar. Onların elementar ədalət hissi olsaydı, işğalçının, işğala qalanın kim olduğunu deyərdilər. Heç olmasa özlərinə bir sual verərdilər ki, necə olub ki, bir milyon azərbaycanlı qaçqın düşüb".
 
Onun sözlərinə görə, bu gün Ukraynaya olan münasibətin 5-10 faizi belə 25 il ərzində Azərbaycana göstərilməyib:
 
"Bu onu sübut edir ki, dünyada ədalətsiz yanaşma, ikili standartlar, yalançı xristian həmrəyliyi mövcuddur və Azərbaycanın bir müsəlman dövləti kimi dünyada, Qafqazda qüdrətinin artmasını istəməyən qüvvələr var.