Otellər boş qalıb

«Azərbaycan onsuz da bahalı otellərinə və xidmət haqlarının yüksək olmasına görə xarici turistlər arasında o qədər də populyar deyildi. İndi isə manatın ucuzlaşması, əhalinin gəlirlərinin dollar ekvivalentində kəskin azalması, xarici amillər bu sektorda vəziyyəti bir qədər də çətinləşdirib», - yazan virtualaz.org saytı Azərbaycandakı otellərin müştəri sarıdan vəziyyətini araşdırıb: «318 otağı olan «Fairmont Baku» otelinin əməkdaşı deyir ki, oteldə yerlərin 40%-i doludur ki, bu da təxminən 127 otaq deməkdir. Yəni hazırda otelin yarıdan çoxu boşdur.
 
«Four seasons» otelinin əməkdaşları otaqlardan dəqiq neçəsində qonaq olduğunu deməkdən imtina etsələr də, bildirdilər ki, kifayət qədər boş yer var. Oxşar cavabı «Qafqaz Baku City Hotel&Residence» otelinin əməkdaşları da verdi. Məlum oldu ki, 4-ulduzlu və cəmi 103 otağı olan oteldə yerlərin əksəriyyət boşdur».
 
Sayt yazır ki, rayonlarda fəaliyyət göstərən otellərdə də vəziyyət fərqli deyil. Qəbələdə yerləşən «Qafqaz Riverside Hotel»in əməkdaşı deyir ki, hər qiymətə otaq var, amma qonaqların sayı azdır: «İkinəfərlik standart otağın bir gecəlik qiyməti 80 manatdır, xidmətə səhər yeməyi və internet daxildir. «Suite» otaq 100 manat, «kral» otağı isə 1000 manatdır. Ümumilikdə isə boş otaq çoxdur, çünki qonaq azdır».
 
«Sheki Palace Hotel»də isə özümüzü müştəri kimi təqdim edib boş otaqların sayı ilə maraqlananda öyrəndik ki, minimum qiyməti 90 manatdan başlayan otel otaqlarının əksəriyyəti boşdur. Otelin əməkdaşı deyir ki, qonaq olan və hazırda təmirdə olan otaqları çıxmaqla oteldə cəmi 45 boş otaq var. «Sheki Palace Hotel»in rəsmi saytında isə qonaqlama üçün iş adamları və turistlərə 46 otağın təqdim olunduğu yazılıb. Bu isə o deməkdir ki, oteldə cəmi 1 otaq doludur».