Çoxlu dərs kitabları daha çox pul qazanmaq üçün vasitədir

Gültəkin Hacıbəyli: `Gəl indi uşağa sarmaşan və dırmaşan bitkilərin fərqini izah et`

Keçmiş deputat, Milli Şura üzvü Gültəkin Hacıbəyli sosial şəbəkədə Azərbaycanda dərslik problemləri ilə bağlı maraqlı bir məsələyə toxunub. G.Hacıbəylinin həmin fikirlərini təqdim edirik:
 
Orta məktəb dərslikləri haqqında çoxdan yazmaq istəyiridm. Aranızda məktəbli valideyni olanlar məni yaxşı anlayacaq. Dərsliklər, proqram, gerçəkdən bərbad vəziyyətdədir. Uzun illər ərziində dövlət hesabına çap edilən dərsliklər yaxşı mənimsəmə yeri olduğundan, bu sahəyə rəhbərlik edənlər öz qohum-əqrabalarını başına yığıb tez-tez yeni dərsliklər icad ediblər ki, maliyyə imkanlarını genişləndirsinlər. Biri dərsliyi qızına yazdırıb, biri yaxın dostuna və s. Nəticə də göz qabağında. 4-cü və 5-ci siniflər Azərbaycan dili yox, “Ləhcəlogiya” öyrənirlər. İki il boyu uşaqlara ancaq normativ xarakter daşımayan, ədəbi dil normalarından uzaq olan ləhcə tələffüzü öyrədirlər. Məsələn, oğlumun iki dəfə testdən “ağacdələndən” sözünün “ağajdələnnən” kimi, “dovğa” sözünün isə “dooğa” kimi tələffüz olunduğunu bilmədiyi üçün balı kəsilib.
 
Birincisi, mən övladımdan ədəbi dilin tələffüz normalarına uyğun danışmağı tələb edirəm və o da belə danışır. “Ləhcəlogiya”ya gəldikdə, hər dialetk və şivənin öz tələffüz qaydası var. “Dooğa” Bakı dialektinə uyğun tələffüzdür, Füzulidə “döyqa”, bizdə, Goranboyda “döyğa” deyirlər. Şimal bölgəsinə “duvqa”, “duvğa” deyənlər də var. Bu qeyri-normativ variantlardan birini “normalaşdırıb” uşaqların düz iki ilini bu qədər mənasız işlərə sərf etməyə siz ad verin. Oğlum 6-cı sinifdə oxuyur. Hər dəfə onun biologiya dərsliyinə baxanda ürəyim ağrıyır. Məsələn, kök haqqında uşağa o qədər artıq informasiya verirlər ki, onu bu yaşda mənimsəyib yadda saxlamaq uşaq zehninin imkanları xaricindədir. 11 yaşlı uşaqları bu qədər lazımsız və artıq inormasiya ilə yükləməyin nə mənası var axı?! Dərslikdə sərilən gövdələr haqqında məlumatda deyilir ki, bu gövdələr sürünən, sarmaşan və dırmaşan olmaqla üç yerə bölünür. Sən demə, üzüm, noxud dırmaşan bitki imiş. Gəl indi uşağa sarmaşan və dırmaşan bitkilərin fərqini izah et.