Ən geniş yayılan və ağırlaşmalara, ölümə səbəb olan xəstəliklər sırasında ürək problemləri ilk yerlərdə gəlir. Son illər ürək problemlərinin yaşı xeyli cavanlaşıb. Mütəxəssislər hesab edir ki, ürək problemləri vaxtında aşkarlananda hər hansı fəsada səbəb olmur və əksər hallarda aradan qaldırılır. Ona görə də profilaktiki olaraq müayinələrdən keçmək və ilkin əlamətlərə diqqət yetirmək tövsiyə olunur. Ürəkdə olan problemlər hansı əlamətlərlə özünü büruzə verir?
Maide.Az "E-tibb.az"a istinadla ürək-damar cərrahı, uzman həkim Cabir Gülmalıyevin bununla bağlı açıqladığı məlumatı təqdim edir:
Ürək xəstəlikləri adətən gizli inkişaf etdiyi üçün məsləhət görərdik ki, ürək xəstəliklərinə işarə edən simptomlara diqqət edəsiniz. Bununla da zamanında müdaxilə ilə həyatınızı qurtarmaq mümkün olsun.
Xəstə ürəyin əlamətləri hansılardır?
Tənginəfəslik. Piyada gedəndə, pilləkənlə qalxanda, adi ev işləri görəndə tənginəfəs olursunuzsa, bu, ürəyin zəifləməsinə işarə edir.
Baş gicəllənməsi və ürək döyünməsinin artması.
Sinədə ağrılar - Ağrı qola, çiyinlərə, aşağı çənəyə də "vura" bilər. Sinədə ağrılar sizi tez-tez narahat edirsə, vaxt itirmədən həkimə müraciət edin.
Yuxu problemləri və yorğunluq. Özünüzü daim yorğun hiss edirsiniz, tez yorulursunuzsa, yuxusuzluq sizi narahat edirsə, gecə tez-tez oyanırsınızsa, bu, ciddi ürək problemlərinə işarə edən simptomlar ola bilər.
Ürək tutması və ya infarktdan 1 həftə əvvəl pasiyentlər güclü yorğunluq hiss edir və bu yorğunluq hətta dincələndən sonra azalmır.
Soyuq tər - ürək fəaliyyətinin zəifləməsinə işarə edir.
Ayaqların şişməsi - ürəyin fəaliyyəti zəifləyəndə qan dövranjı pozulur və bu da şişkinliyə gətirib çıxarır.
Dəridə solğunluq - dərinizin rəngi dəyişilib və solğunlaşıbsa, bu, ürək problemlərinə işarədir.
Keçməyən öskürək - ürəyin fəaliyyəti pozulanda maye ağciyərdə yığılmağa başlayır ki, nəticədə üzücü, heç bir müalicəyə tabe olmayan öskürək inkişaf edir.
Əgər sizdə bu simptomlardan bir neçəsi varsa, mütləq həkimə müraciət edin.