Radar cəriməsini ödəməmək olar?

Sizcə, radara düşən sürücülər cərimə ödəməkdən boyun qaçıra bilərlərmi? Yəqin bir çoxları düşünür ki, ola bilməz. Ancaq inzibati xətalar məcəlləsinin 415-ci maddəsində göstərilir ki, sürücülər 3 səbəbə görə məsuliyyətdən yayına bilərlər. Bəs bu səbəblər hansılardır? Biz araşdırdıq.
 
Radara düşən və yaxud qayda pozan sürücü bir il boyunca tapılmırsa, onun cəriməsinə xitam verilməlidir... Bunu İnzibati Xətalar Məcəlləsinin 415-ci maddəsinə əsasən demək mümkündür... Bu maddəyə görə, sürücü 3 səbəbə görə inzibati məsuliyyətdən azad ola bilər.
 
Bəzi sürücülər elə düşünə bilərlər ki, 415-ci maddədən sui-istifadə edərək məsuliyyətdən azad olunmaq mümkündür. Ancaq bu, belə deyil. Radara düşən sürücünün ünvanına əvvəlcə məktub göndərilir. Əgər poçtalyon həmin şəxsin ünvanını tapa bilmirsə, bu zaman qayda pozan avtomobilin görüldüyü yerdə saxlanılması üçün qərar verilir və bu qərar 1 il qüvvədə olur.
 
Digər tərəfdən, cərimə ilə bağlı ünvana göndərilən məktubdan imtina ilə bağlı da bəzi sürücülər yanlış fikirdədirlər. Belə ki, bəzi sürücülər elə bilirlər ki, əgər onun yaşadığı ünvana və yaxud iş yerinə gətirilən məktubdan imtina etsələr, məsuliyyətdən yayına bilərlər. Bu hal da qanunvericilikdə nəzərdə tutulub.
 
İnzibati Xətalar Məcəlləsinin digər maddəsinə əsasən isə, əgər hər hansı bir şəxs qayda pozarsa və onun törətdiyi pozuntu 2 ay ərzində rəsmiləşdirilməzsə, bu zamanda həmin işə xitam verilir. Qanuna əsasən, yol hərəkəti qaydalarını pozan və haqqında qərar qəbul edilən sürücülər bu cəriməni ödəməkdən yayına bilmirlər. Həmin sürücülər ömürlərinin sonuna qədər bu cəriməni ödəməyə məcburdurlar. Əks halda məhkəmənin qərarı ilə hətta həmin şəxslərin əmlaklarına həbs də qoyula bilər.