İran `Nabukko`ya qoşulur

"İran "Nabukko" qaz kəməri ilə Avropaya qaz nəql etməyə hazırdır". 
 
Bu sözləri İran neft nazirinin beynəlxalq əlaqələr üzrə müavini Əli Məcidi mətbuata açıqlamasında deyib. 
 
O bildirib ki, İran yaxın vaxtlarda qazın Avropaya çatdırılmalasının mümkün marşrutlarının müzakirəsi üçün Avropadan iki nümayəndə heyəti ilə görüşüb. Onun sözlərinə görə, bu marşrutlar Türkiyə, İraq, Suriya, Qafqaz ölkələri və Qara dənizdən keçə bilər. Bu halda, Türkiyədən keçən marşrut daha yaxşı variant kimi görünür. 
 
Nazir müavinin sözlərinə görə, "Nabukko" İran qazı olmadan faydasız olacaq. Əli Məcidi həmçinin, "Şah Dəniz" yatağının Avropanın qaz təlabatı üçün üçün kifayət etməyəcəyini söyləyib. 
 
Qeyd edək ki, "Nabukko" layihəsi 2013-cü ildən qeyri-müəyyən vaxta kimi dondurulmuşdu. Buna əsas səbəb kimi isə qaz kəmərinin nəql olanacaq həcmlərinin yetərincə olmaması göstərilmişdi. TANAP və TAP kəmərlərinin işə salınmasıyla Azərbaycan qazının Avropaya nəql edilməsi prosesi gedir. İranın Qərbin sanksiyalarından yaxa qurtarması isə rəsmi Tehranın yenidən Avropa bazarında aktiv iştirakçı olmasına gətirib çıxaracaq.