Rusiyalı deputatın oğlu hakerliyə görə ABŞ-da həbs olunub

 
Maide.az-ın məlumatına görə, ABŞ-da rusiyalı Roman Seleznyov hakerliyə görə həbs edilib. O, ən təhlükəli kompyuter dələduzu sayılır və amerikalıların şəxsi məlumatını oğurlamaqda ittiham edilir. Bloomberg agentliyi isə anonim qaynağa əsaslanaraq bildirir ki, həbs olunan şəxs Rusiya Dövlət Dumasının deputatı Valeriy Seleznyovun  (RLDP fraksiyasının üzvü) oğludur.
 
ABŞ-da bir neçə ildir ki, davam edən istintaqın məlumatına görə, 30 yaşlı moskvalı özünün yaratdığtı avtomatlaşdırılmış veb saytdan istifadə edərək  oğurladığı  materialları cinayətkar dəstələrə ötürürmüş.
Roman Seleznyovun harada həbs olunduğu bildirilmir, lakin onu Amerikanın Quam adasında məhkəmə gözləyir.
 
Qeyd edək ki, deputatın oğlu analoji ittihamla bundan əvvəl Nevada ştatında axtarışa verilmişdi.
 
Seleznyovun işi ilə əlaqədar ilkin iclas iyulun 22-nə təyin olunub.