Sənədsiz evlərin taleyi necə olacaq? - Araşdırma

Ölkədə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi səlahiyyətləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçiriləcək. Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"nda əksini tapıb.
 
Yeni qaydaya görə mülkiyyət formasından və təyinatından asılı olmayaraq, tikintisinə icazə tələb olunan obyektin tikintisinin bütün mərhələlərində aparılan tikinti-quraşdırma işlərinə və barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisinə Agentlik və Müfəttişlik tərəfindən dövlət nəzarəti həyata keçirilir. Barəsində məlumatlandırma icraatının tətbiq olunduğu mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisinə dövlət nəzarəti yalnız həmin tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsi istiqamətində həyata keçiriləcək:
 
"Dövlət nəzarəti həyata keçirilərkən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 1 yanvar 2013-cü ildən sonra başlanılmış və tikinti mərhələsində olan hər hansı tikinti-quraşdırma işlərinin aparılması aşkar edildikdə, həmin obyektin sökülməsi barədə Agentlik tərəfindən qərar qəbul ediləcək. Tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyi, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı tələblərinə riayət edilmədən yaşayış evinin tikildiyi müəyyən edildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma işlərinin dayandırılması barədə Agentlik qərar qəbul edəcək. Obyektdə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən yekun sənəd olaraq istismara hazırlıq aktı tərtib olunacaq. Həmin akt sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanacaq. Tikinti obyektinin istismarına icazənin verilməsi barədə sifarişçinin müraciətinə əlavə olunaraq, müvafiq yerli icra hakimiyyəti orqanına təqdim ediləcək. "İstismara hazırlıq aktı"nın formasını Fövqəladə Hallar Nazirliyi təsdiqləyəcək".
 
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov "Bizim Yol" qəzetinə deyib ki, Prezident fərman verirsə, deməli, o sahədə müəyyən boşluqlar var: "Yəqin müvafiq icra hakimiyyəti qurumunun diqqətini həmin sahəyə çəkmək lazım olub. Həmin fərman tikintiyə nəzarətin artırılmasına gətirib çıxara bilər. Özü də fərmanın köhnə tikililərin sökülməsinə aidiyyatı yoxdur. Son vaxtlar bu sahədə standartdan kənarlaşmalar müşahidə edilir. Ona görə də bu sahəyə aradabir qayıtmağa ehtiyac yaranır". 
O ki qaldı 2013-cü ildən sonra tikintisinə başlanmış obyektlərin sökülməsi barədə agentliyin qərar qəbul etməsinə, Nüsrət İbrahimov deyir ki, 2013-cü ildən sonrakı tikililərin statistikası aparılıb, hansının standartlara uyğun olub, hansının standartdan kənar olması barədə qərar qəbul ediləcək: "Hansı ki heç bir standarta sığmır, yəqin onlar haqqında hansısa tədbir görüləcək". 
 
Əmlak bazarı üzrə ekspert Ramil Osmanlı isə deyir ki, söküntü barədə qərarı yalnız məhkəmə verə bilər: "Çünki Mülki Məcəllə bu qaydalardan daha üstün qüvvəyə malikdir. Amma tikintiyə nəzarəti həyata keçirən orqanın qərarı məhkəmə prosesləri zamanı tikinti normalarının pozulmasını əsaslandıran əlavə sübut ola bilər".
 
Bu Prezidentin sənədsiz evlərlə bağlı qəbul etdiyi ilk qərar deyil. 
Ölkə başçısı İlham Əliyev 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. O, Bakıda evlərin qeydiyyata alınması problemi olduğunu və bu problemin həllində xoşagəlməz halların qarşısını tam şəkildə almağın vacib olduğunu söyləyib:
 
"O evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər də irəli sürülə bilər. Rüşvət, əsassız maraqlar da ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm ki, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənsin. Biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürəcəyik. Yoxsa, xoşniyyətli təşəbbüs bəzi adamların tamahkarlığı ucbatından bizə problem gətirər. Ona görə bu mexanizm işlənilməlidir. Çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınsın. Ancaq gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir".
 
Tapşırıqdan 3 il ötsə də icrası gerçəkləşdirilməyib. Üstəlik, Prezident 2012-ci il iyunun 27-də "magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft-qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi üçün komissiya yaradılması" haqqında sərəncam imzalayıb. Bununla bağlı komissiya da yaradılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyanın tərkibinə hökumət nümayəndələri daxil idi. Komissiya sərəncamda göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırıb. Ancaq iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təklifləri üç ay ərzində Prezidentə təqdim etməli olduğu halda, təkliflər hələ təqdim edilməyib. 
 
Prezidentin müşavirədəki çıxışından iki il, komissiya yaradılmasından isə bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə sənədsiz evlərin qeydiyyata alınması, nə də hazırlanmalı sənədləşmə mexanizmindən xəbər var.
 
Bundan başqa, ölkə üzrə tikililərin reyestrinin yaradılması və qeydiyyata alınması üçün 2008-ci ildə Dünya Bankı Azərbaycana 30 milyon dollar həcmində kredit ayırıb. Razılaşmaya əsasən, 20 illik layihə çərçivəsində ölkədə qeydiyyatsız evlərin hamısı sənədləşdirilməlidir. Bunun üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində "Əmlakın Qeydiyyatı Layihəsi" adlı xüsusi tədbirlər planı hazırlanıb.
 
Prezidentin əhalinin xeyrinə verdiyi sərəncamı icra edilmədi. Evlərinin sökülməsi ilə bağlı fərmanı icra ediləcəkmi?