İsraildən Qəzzaya hava hücumu

İsrail kəşfiyyat təyyarələri yenidən Qəzzaya hava hücumu edib. 
 
Maide.az-ın məlumatına görə, Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudra "Anadolu" agentliyinə bildirib ki, İsrailin Qəzzaya təşkil etdiyi hava hücumunda 30 yaşlı Mazin Fərəc əl-Cərba ilə 23 yaşlı Mərvan Həsən dünyasını dəyişib, 20 yaşlı 1 nəfər isə yaralanıb.
 
Şahidlər də İsrailə aid kəşfiyyat təyyarələrinin Qəzzanın orta hissəsində yerləşən əl-Beric qaçqın düşərgəsindəki bir qrup fələstinlini hədəf aldığını söyləyiblər.
 
Təyyarələrin Qəzzanın şimalındakı Beyt Lahiyə vilayətinə də hava hücumu etdiyi, hücumda ölən və yaralanan olmadığı bildirilir. 
 
İordan çayının qərb sahilində Tulkerm və Əl-Xəlil şəhərlərində İsrail əsgərləri ilə fələstinlilər arasında baş verən qarşıdurmalarda isə 7 fələstinli yaralanıb.
Verilən məlumata görə, 17 yaşlı fələstinli Məhəmməd Hüseyn Əbu Hudayrın öldürülməsi hadisəsini Əl-Xəlil şəhərinin Bab əz-Zaviyə məhəlləsində etirazla qarşılayan fələstinlilərlə İsrail əsgərləri arasında qarşıdurma baş verib. Qarşıdurmada əsgərlər odlu silahdan istifadə ediblər, 1 nəfər yaralanıb.