Strateji obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilib

Sülhəddin Əkbər: «Düşmən təkcə cəbhə zonasında müharibə aparmır, ona görə də vətəndaşlar ayıq-sayıq olmalıdır»

Dünəndən etibarən “Bakı Metropoliteni”nin stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib. Sərnişinlər əvvəlki vaxtlardan fərqli olaraq, metroya ciddi yoxlanılaraq buraxılır.
 
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “lent.az”a açıqlamasında deyib ki, təkcə stansiyalarda yox, platforma və metroya aiddiyyəti olan bütün sahələrdə təhlükəsizlik gücləndirilib. Həm də təhlükəsizliyə təkcə polis əməkdaşları yox, metropolitenin öz əməkdaşları da nəzarət edir: “Sərnişinlərdən də diqqətli olmaları xahiş olunur. Ölkədə mövcud olan son durumu nəzərə alaraq, hər bir vətəndaş diqqətli olmalıdır”.
 
Maraqlıdır, təhlükəsizlik tədbirlərinin bu həddə gücləndirilməsi cəbhə bölgəsində vəziyyətin gərginləşməsilə bağlıdır? Hərçənd, təkcə metroda deyil, dəmiryolunda, AZAL-da da nəzarət gücləndirilib.
 
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyir ki, neçə illərdir müharibə şəraitindəyik və Ermənistanın  atəşkəsi intensiv şəkildə pozması nəticəsində müharibənin yenidən alovlanması görülən təbdirləri gerçəkləşdirib. Müharibə vəziyyətində olduğumuz üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsi labüddür. Ekspert qeyd edir ki, düşmən təkcə cəbhə zonasında müharibə aparmır:
 
“Eyni zamanda, ölkənin bütün sahələrində təhlükə yaratmaq istəyir. Görülən tədbirləri müsbət hesab edirəm. Təkcə metro stansiyalarında deyil, hava limanında da, bütün strateji obyektlərdə, insanların kütləvi toplaşdığı yerlərdə də təlükəsizlik tədbirləri gücləndirilməlidir. Vətəndaşlar çox ayıq-sayıq olmalıdır. Onlar şübhəli bir hərəkət və şübhələndikləri adamlar barədə hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər”.