Tətbiqi fənləri proqrama salırlar, amma müəllim tapılmır

Modern.az saytında «Tələbə şikayətləri – «Azərbaycanda magistr təhsili almaq mənasızdır»-səbəb» sərlövhəli yazı oxumaq olar.

Yazıda Azərbaycanda magistr pilləsində təhsilin beynəlxalq standartlara uyğun olub-olmaması ekspertlərlə müzakirə edilib.

Müəllif xatırladıb ki, magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Amma yazıda qeyd edildiyinə görə, bəzən belə fikirlər səslənir ki, «Azərbaycanda magistraturanı oxumaq mənasızdır».

Yazıda bildirilir ki, bəzən xaricdə təhsilini davam etdirə bilməyən gənclər Azərbaycanda magistratura təhsili alır. Müəllifin qeyd etməsinə görə, tələbələr bakalavr pilləsində keçirilən psixologiya, pedaqogika, fəlsəfə, xarici dil kimi fənlərin «əlavə fənn» adı ilə magistraturada yenidən siyahıya salınmasından da şikayət edirlər.

Təhsil sahəsi üzrə ekspert Kamran Əsədovun modern.az-a açıqlamasına görə, tələbələrin şikayətçi olduqları məsələlər, əsasən, dövlət universitetlərində baş verir. K.Əsədov hesab edir ki, dünya təcrübəsindən istifadə etmək lazımdır. Onun fikrincə, əlavə fənlərin təkrar tədris edilməsi yolverilməzdir. K.Əsədov deyib ki, magistratura dünyada elmi səviyyə kimi qəbul edilsə də, Azərbaycan hələ də bu səviyyəyə çatmayıb.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov da magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsini gərəkli sayır: «Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqat yönümlü fənlərdir.

Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və s. magistrantlara tədris edilir. Məsələn, iqtisadiyyat sahəsini götürsək, bakalavr pilləsində iqtisadiyyatın əsasları, giriş hissəsi, magistraturada isə onun tətbiqi öyrədilir. Bizdə bir problem də var ki, bəzən tətbiqi fənləri proqrama salırlar, amma bunu tədris edəcək müəllim tapılmır…».