Tale Bağırzadənin şikayətinə Penitensiar xidməti münasibət bildirdi

İlahiyyatçı Tale Bağırzadənin həbsxanadan göndərdiyi müraciətində 12 saylı Cəzaçəkmə Müəssisəsindəki saxlanma şəraitindən gileylənib, müəssisə rəhbərliyinin ona təzyiq göstərdiyini vurğulayıb. İlahiyyatçı hüquqlarının məhdudlaşdırıldığını, yaxınları ilə görüşməsinə icazə verilmədiyini, bəzən gətirilən sovqatı da güc-bəla ilə qəbul etdiyini bildirib.
 
İlahiyyatçının yaxını Ramin Cəfərovun sözlərinə görə, Tale Bağırzade bir həftə əvvəl 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb: Avqustun 27-də telefonla danışdıq. Dedi ki, nə olursa-olsun axıra qədər buradakı şəraitin düzəlməsi üçün mübariz aparacağını söylədi. Yaxınları ilə görüşə bilmədiyi üçün şikayətçidir. İlk dəfə yanına gedən yaxınının adını qeyd ediblər, görüşə ancaq onu buraxırlar. Həmin müəssisədə ayda bir dəfə görüş və sovqata icazə verilir. Avqustun 27-də yanına aparılan qidaları da güclə keçirmək mümkün olub.
 
Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən "AzadXəbər"-ə bildirildi ki, Taleh Bağırovun hüquqlarının məhdudlaşdırılması ilə bağlı iddiaları doğru deyil.