Tofiq Yaqublunun apelyasiya məhkəməsi olub

Sentyabrın 3-də Şəki Apellyasiya Məhkəməsində İsmayıllı hadisələrinə görə təqsirləndirilən şəxslərin, o cümlədən Müsavat başqanının müavini Tofiq Yaqublunun işi davam etdirilib. 
 
Vəkili Nemət Kərimlinin “Yeni Müsavat”a verdiyi məlumata görə, prosesdə T.Yaqublu müdafiə və ittiham tərəfinin suallarını cavablandırıb: “Ötən prosesdə Tofiq Yaqublu ifadə vermişdi. Bu prosesdə isə müdafiə və ittiham tərəfinin suallarına cavab verdi. Yeni bir söz olmadı. Tofiq bəy bu hadisədə özünü günahkar bilmədiyini, ittihamın qondarma və sifarişli olduğunu çıxışında qeyd etdi. Onun İsmayıllıya nə vaxt gəlməsi, necə saxlanmasını təkrar olaraq danışdı”.
 
N.Kərimli T.Yaqublunun vəziyyətinin yaxşı, əhval-ruhiyyəsinin yüksək olduğunu bildirdi. Vəkil Yaqublu ilə Müsavatın qurultayı, namizədlərdən kimə dəstək verəcəyi barədə müzakirə aparmadıqlarını söylədi. Vəkil əlavə etdi ki, İsmayıllı məhbuslarından olan Səttar Ağamalıyevin vəkili vəsatət qaldırıb. Vəsatətdə Mingəçevirin indiki polis rəisi Ələsgər Bədəlovun məhkəmədə iştirakı istənilib. Məhbusun vəkili deyib ki, daha 4 şahid ifadə verməlidir və onlara çağırış vərəqəsi göndərilməyib. 
 
Dövlət ittihamçısı isə bundan qabaq belə bir vəsatət verilmədiyini söyləyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hakim vəsatətlərdən üçünün təmin olunduğunu qeyd edib. Apelyasiya məhkəməsinin növbəti prosesi sentyabrın 4-də davam etdiriləcək. 
 
T.Yaqublu Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib. O, İsmayılı hadisələrində əhalinin iğtişaşlara təhrik etməkdə ittiham olunub. Yerli və beynəlxalq təşkilatlar müsavatçını vicdan məhbusu elan edib.