Türkiyənin dərman mafiyasının Azərbaycanla alverinin üstü açıldı

Türkiyənin Səhiyyə Nazirliyi ölkədə fəaliyyət göstərən 57 dərman firmasının çətin tapılan və qiyməti minlərlə dollar olan dərmanları ölkəyə idxal etmək adı altında alaraq bir neçə dəfə baha qiymətə Azərbaycana satdıqlarını üzə çıxarıb.
 
Araşdırma zamanı həmin firmaların Azərbaycan da daxil olmaqla bəzi ölkələrə qanunsuz yollarla 50 milyon dollarlıq dərman satdığı məlum olub. Nəticədə Türkiyə Səhiyyə Nazirliyi ölkədən dərman ixracına qadağa qoyub.
 
Məlumata görə, Türkiyənin daxili ehtiyaclarını ödəmək üçün xüsusi sifarişlə istehsal olunaraq idxal edilən bahalı dərmanların daxili bazarda tapılmadığını görən nazirlik araşdırma başladıb. Məlum olub ki, firmalar idxal etdikləri dərmanları daha yüksək qiymət təklif edən bəzi ölkələrə, o cümlədən Azərbaycana sataraq milyonlarla dollar əlavə gəlir əldə ediblər.
 
Bu dərmanlardan biri “VALCYTE” həbləridir. İnsan orqanizmində virusların artmasını əngəlləmək üçün güclü təsirə malik dərman vasitəsidir və HİV virusuna qarşı tətbiq olunur. Bu dərman İran, Azərbaycan, Makedoniya və Albaniyaya ixrac edilib. Qiyməti 1980 ABŞ dollarıdır.
 
“MS” dərmanı skleroz xəstəliyinin müalicəsində tətbiq olunur. Qutusu Türkiyədə 1932 türk lirəsidir (TL), xaricdə qiyməti isə 1723 dollardır. Bu dərmandan 1054 qutu Türkiyəyə idxal edilsə də firmaların daha sonra həmin dərmanları Azərbaycan və digər ölkələrə baha qiymətə satdığı məlum olub.
 
“Mabthera” xərçəng xəstəliyinin müalicəsində tətbiq olunan dərmandır, qutusu 3 min 43 TL-dir. Araşdırma zamanı məlum olub ki, Türkiyəyə son 20 ayda 3435 qutu dərman idxal edilib, ancaq dərman qutusu 3354 dollardan olmaqla İran, Azərbaycan, Makedoniya və Albaniyaya satılıb.
 
Həmçinin məlum olub ki, Türkiyə firmalarından biri Lenforma xərçəngi xəstəliyinin müalicəsində tətbiq olunan dərmanı 40 avroya ölkəyə idxal edib, daha sonra həmin dərmanı qutusu 80 avroya olmaqla Azərbaycana satıb. Azərbaycan istehsalçı firmadan həmin dərmanı 120 avroya ala bilərdi və Türkiyə firmasının sayəsində dərmanı daha ucuz əldə edib.
 
Əczaçılar deyirlər ki, bu sistem əslində uzun illərdir işləyir. Belə ki, Türkiyə Avropa İttifaqı ölkələrindən bahalı dərmanları güzəştli şərtlərlə idxal edir. Nəticədə həmin dərmanlar Türkiyə bazarına Avropadakı satış qiymətlərindən daha ucuz daxil olur. İdxalçı firmalar isə dövlətin yaratdığı bu güzəştli şəraitdən yararlanaraq idxal etdikləri dərmanları başqa ölkələrə daha baha qiymətə satır. İstehsalçı firmalar isə onların Türkiyəyə satdıqları dərmanlarla bu cür alver edilməsinə qarşı çıxır və Türkiyəyə dərman satmaq istəmir.(Virtualaz)