Yağış yağdı, sürücülər və piyadalar «işə düşdü»

«O yerdə ki, normal yol yoxdur, hansısa mədəni davranışı tələb etmək real görünmür»

Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq edib. BDYPİ-nin ictimai əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyev bildirib ki, yağışlı hava şəraiti ilə əlaqədar qəsdən piyadanın üzərinə su sıçradan sürücülər cəzalanacaq. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 155.1.5 maddəsinə əsasən, su və ya palçığı yolda piyadaların və nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradan sürücülər 40 manat cərimə olunur.
 
Şöbə rəisi eyni zamanda bildirib ki, piyadalar da diqqətli olmalıdır, yollarda harada gölməçə varsa, piyadalar bir qədər kənarda dayanıb avtomobilin hərəkətinin bitməsini gözləməlidir. Kamran Əliyev qeyd edib ki, bu cür kobud davranışla üzləşən piyadalar avtomobilin dövlət nişanını, markasını, rəngini, hadisənin harda və nə vaxt baş verdiyi haqda məlumatları əldə edərək polis bölməsinə və “902”-yə müraciət edə bilərlər.
 
Lakin DYP-nin bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi sürücülər bu qaydalardan yeni xəbər tutsalar da, bəziləri hesab edir ki, qanun yaxşı qanundur, amma gərək yollarda da vəziyyət yaxşı olsun ki, sürücü özü də bilmədən suyu ətrafa sıçratmasın.
 
Millət vəkili Fazil Mustafa bildirib ki, yağışlı havada sürətlə hərəkət edilməsinə görə xəbərdarlıqla tam razıdır, buna görə istənilən tənbeh tədbiri doğru yanaşmadır: «Lakin qeyd olunan maddənin əslində yolların keyfiyyətsiz vəziyyətinə bəraət qazandırmaq üçün nəzərdə tutulduğunu təxmin etmək olar. Təbii ki, burada əsas nöqsan Milli Məclisə aiddir ki, bu cür izahı mümkün olmayan bir maddəni qəbul edib. Əlbəttə, sürücüləri xəbərdar etmək lazımdır ki, yağışlı havada piyadaların üst-başını suya-palçığa bulaşdırmamaq üçün diqqətli olsunlar, daha mədəni hərəkət etməyə çalışsınlar. Digər tərəfdən, belə havalarda yol polisinin onsuz da çətin işinə daha da çətinlik yaratmasınlar, hərəkətin tənzimlənməsi qaydalarına daha intizamla əməl etsinlər. Həqiqətən də bunlar yol mədəniyyəti baxımından vacib məsələlərdir. O yerdə ki, suyun dərhal axıb getdiyi yollar var, mədəniyyət də tələb olunmalıdır. O yerdə ki, normal yol yoxdur, hansısa mədəni davranışı tələb etmək bir qədər real görünmür”.
Millət vəkili qeyd edib ki, bütün hallarda 40 manat cərimə həqiqətən absurd məsələdir və bu barədə fikirlərini Milli Məclisdə bildirəcək: “Əgər yol müasir standartlara cavab verirsə, onun üzərində niyə su gölməçəsi və palçıq qalmalıdır? Niyə yolun kənarına lazımi standartda səkilər nəzərdə tutulmamalıdır ki, piyadalar ən azı təhlükəsiz hərəkət etsinlər və su sıçramasından qoruna bilsinlər? Su gölməçəsi basmış yolun bir tərəfindən digər tərəfinə keçməyə məcbur olan piyadanın ayaqqabısına su dolanda, cəriməni kim ödəyəcək? Ona görə də, piyadaların haqqını qoruduğumuz qədər, sürücülərin də vəziyyətini doğru anlamaq lazımdır. Bir-iki məhdud tərbiyəsi olan sürücüdən başqa böyük əksəriyyət kimsənin üstünü bulaşdırıb söyüş eşitmək istəməz. Ona görə də xüsusi istisna hallar xaric, bu maddənin tətbiqi ciddi mübahisə yaradacaq».
 
Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, hava yağmurlu olarkən sürücü sürəti elə hesablanmalıdır ki, yoldakı su nə qədər ətrafa sıçraya bilər: “Bu kimi hallara adətən ara küçələrdə rast gəlinir. Qanunvericilikdə o da nəzərdə tutulub ki, ara küçələrdə sürət 20 km/saat-dan yüksək ola bilməz».
 
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov belə bir cərimənin tətbiq olunmasını müsbət hal kimi qiymətləndirir. O “Üç nöqtə”yə açıqlamasında qeyd etdi ki, burada söhbət avtomobilin hər dəfə piyadanın üstünü çirkləndirməsindən getmir: “İnzibati Xətalar Maddəsinin 155-ci maddəsində konkret yazılıb ki, sürücü palçığı, suyu piyadanın üstünə qəsdən sıçradan zaman cərimə olunur. Amma yollardakı problemdən dolayı piyadanın üstünə su, palçıq sıçrayarsa, buna görə heç kim məsuliyyət daşımır. Palçığın piyadanın üstünə sıçramasına görə yolu tikən məsuliyyət daşımalıdır”.
 
Ə.Hüseynov deyir ki, qanunvericilikdə yolların tikintisinə, təmirinə, lazımi səviyyədə saxlanmasına görə məsuliyyət daşıyan qurumların və onların vəzifəli şəxslərinin hüquqi məsuliyyəti ilə bağlı boşluqlar var: “Dünyanın heç bir ölkəsində yolda problem olanda maşın piyadanın üstünə su sıçradıbsa, yolun sahibi məsuliyyətdən qaça bilmir. Sürücü hər yerdə tormoz verə bilməz. Tormoz versə, arxadan gələn maşın vura bilər, tıxac yaranar. Yolda problem varsa, o maşını sürüb gedəndə piyadanın üstünü çirkləndirir. Piyada da polisə şikayət edir. Polis də gəlib həmin şəxsin palçığa batmış geyiminin, özünün şəklini çəkir. Paltar sıradan çıxırsa və ya təmizliyə ehtiyacı varsa, maddi ziyan ödənilməlidir. Bununla piyadaya həm də mənəvi zərər dəyir. İctimai yerdə üstü palçıqlı gəzməyə məcburdur. Həmin şəxs hadisəni rəsmiləşdirib məhkəmədə istehlakçı kimi iddia qaldırır. Lap 1000 manat kompensasiya tələb etsin. Bunu belə etmək lazımdır. İntizamsız piyada yola çıxır və intizamsız sürücü də onu vurub öldürür. Burada sürücünü cərimələyirlər ki, piyadanı vurub öldürüb. Amma başqa variant da var. Həmin o yolu tikən qurum və ya şəxs yolun düz ortasına bir qalaq daş yığıb. Yenə də sürücü gəlib, özünü çırpıb ölür, sərnişin ölür. Heç kimə «gözün üstə qaşın var» demirlər. Uzağa getməyək. Rusiya, Belarus, Ukrayna, Qazaxısanda həmin halda tikinti qalağının orada olmasına görə məsuliyyət daşıyan adamı, tikintini aparanı, yaxud, yolun sahibini məsuliyyətə cəlb edirlər. İstərdim, bu kimi hallar Milli Məclisdə müzakirə olunsun. Nəyə görə Azərbaycanda yolların tikintisinə, təmirinə, lazımi vəziyyətdə saxlanmasına görə məsul olan qurumların və vəzifəli şəxslərin hüquqi məsuliyyəti ilə bağlı bu qədər boşluqlar var və heç kim də bunu görmür?».