Üzeyir Cəfərov: “Eyforiya gözlərimizi kor etməməlidir”

(Silahlı Qüvvələr islahatların aparılmasına, mühüm qərarların və kadr dəyişikliklərinin qəbul edilməsinə ehtiyac var. Aprel müharibəsinin yekunları bunu göstərir. Milli ordunun keçmiş briqada komandirinin müavini,  hərbi ekspert Üzeyir Cəfərov Turan-a müsahibəsində bildirib).

“Bu gün, Qarabağda aprel döyüşlərindən sonra çoxları təhlil, yekun çıxarma və proqnozlarla məşğuldur. Əldə edilmiş uğurlar və azad edilmiş ərazilər hər şeyin çox rahat olduğunu və heç bir problemin olmadığını göstərmir. Əksinə, müharibə bir sıra mühüm məsələləri üzə çıxarıb ki, onların həlli Azərbaycan üçün uzunmüddətli və bəlkə də həlledici əhəmiyyət kəsb edir”, - Ü.Cəfərov bildirib.

Onun sözlərinə görə, ilk növbədə itkilərin sayı və nədən baş verməsi çox ciddi şəkildə təhlil edilməli, bəzi məsələlərə aydınlıq gətirilməli, araşdırmalar aparılmalı, uğurların və uğursuzluqların səbəbləri göstərilməlidir. Təqsirkarlar olubsa, hansı tədbirlərin görüldüyü açıqlanmalıdır. Aydındır ki, bir çox məsələlər yayıla və açıq şəkildə müzakirə oluna bilməz, amma bu, o demək deyil ki, ictimaiyyət məlumatsız qalmalı və ya yanlış məlumat almalıdır.

Belə ki, ilk növbədə cənub istiqaməndə  birləşmələrimizin yüksək səviyyəsini qeyd etmək lazımdır, onlar əla əks-əməliyyat həyata keçirib, demək olar ki, itkisiz 20 kv. kilometrə yaxın ərazini, o cümlədən strateji Lalətəpə yüksəkliyini azad ediblər.

“Əməliyyatın şimal istiqamətində isə xüsusi təyinatlılar yaxşı hərəkət edirdi, onlar düşmənin arxa cəbhəsində tapşırıqları yerinə yetirib strateji yüksəklikləri ələ keçirib. Amma məhz bu istiqamətdə xeyli itkilərimiz olub ki, onlardan bir çox hallarda qaçmaq olardı. Düşünürəm ki, bu əks-həmlə əməliyyatının bəzi mühüm məqamları,  uzlaşdırılmamalar və qərarların gecikmələri ciddi təhlil predmeti olmalıdır”, - ekspert vurğulayıb.

Ü.Cəfərov hesab edir ki, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin işini həm gücləndirmək, eyni zamanda baş verənləri də qiymətləndirmək lazımdır. Bu idarənin ekstremal şəraitdə fəaliyyəti bir çox suallar doğurub.

Ü.Cəfərov məhz nələr edilməlidir sualına cavabda deyib: “Biz itkilərlə barışmayan və itirilmiş ərazilərin qaytarılması üzrə planlarını gizləməyən Ermənistanın təxribatlarına hərtərəfli hazırlaşmalıyıq. Buna görə mühüm və prinsipial məsələlər mümkün qədər tez həll edilməlidir”.

İlk növbədə müharibə göstərib ki, təcrübəli döyüş komandirlərinə, əvvəlki müharibənin iştirakçılarına həddindən artıq çox ehtiyac var və onlar heç bir maneə olmadan sıraya qaytarılmalıdır. Aprel döyüşləri xüsusi təyinatlılarımızın – sıravi heyətin və komandirlərin yüksək səviyyəsini göstərib.

Belə ki cənubda gözəl əməliyyat həyata keçirən birləşmə komandiri Mais Bərxudarov da keçmiş xüsusi təyinatlıdır. Amma bu gün bu zabitləri hazırlayıb yetişdirənlər iş başında deyil. Bugünki döyüşçülərin formalaşdırılmasında və hazırlanmasında Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-leytenant Talib Məmmədovun böyük zəhməti və rolu var.

Kəşfiyyat bölüyünün komandirindən Frunze adına Akademiyanın məzununa qədər yol keçən bu təcrübəli general bu gün xidmətdə - iş başında deyil. Müharibə aparan dövlətdə bu necə ola bilər? Mən bunu yalnız bir şeylə izah edə bilərəm – Ali Baş Komandanın bu təcrübəli, peşəkar zabitlərlə bağlı kifayət qədər ətraflı məlumatının olmaması və yada ona yanlış məlumatların verilməsidir.

Sabiq birləşmə komandiri general-mayor Qabil Məmmədovun da adını çəkmək lazımdır. Əfqanıstanda xidmət keçən  bu iki zabit, eyni zamanda Qarabağ savaşının ilk illərində öz ləyaqətli xidmətləri, bilik və yüksək bacarıqları ilə düşmənə sarsıdıcı zərbələr vuraraq Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılmasında misilsiz xidmətlər göstəriblər.

İki “Azərbaycan Bayrağı” ordeninin sahibi, keçmiş briqada komandiri, Silahlı Qüvvələrin ən uğurlu əməliyyatlarından sayılan Horadiz əməliyyatının icraedicilərindən biri olan polkovnik  Şair Ramaldanov, habelə sabiq briqada komandirləri polkovnik Balay Nəsibov, polkovnik Xətai Baxışov, polkovnik Güloğlan Bağırov, polkovnik Çingiz Əliyev, polkovnik Rasim Muxtarov, polkovnik Əzizağa Qənizadə, polkovnik Nizami Bayramov və döyüş təcrübəsi olan və orduda iştirakı yalnız mənəvi və döyüş əhval-ruhiyyəsini artıracaq onlarla digər savadlı, təcrübəli zabitlər haqqında da eyni şeyi demək olar. Onları əvvəlki vəzifələrinə təyin etməyə belə ehtiyac yoxdur, birləşmə və ya düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin komandirlərinin müşaviri təyin etmək kifayətdir”, Cəfərov belə hesab edir.

“Hadisələrin gedişatı onu göstərir ki, düşmən ciddi şəkildə hazırlaşır və qüvvə toplayır. Ermənilərin bizim üçün ən uyğunsuz bir vaxtda itirilmiş əraziləri qaytarmaq məqsədilə təxribat həyata keçirə biləcəyini düşünmək üçün hər cür əsas var. Bunu həm dolayı, həm də birbaşa dəlillər göstərir. Biz beynəlxalq vasitəçilərin bunun olmayacağı barədə vədlərinə güvənə bilmərik”, - ekspert cəbhədə vəziyyətin necə inkişaf edəcəyi barədə sualın cavabında bildirib.

“Bu gün Ermənistan cəmiyyətində iki meyl var: yeni müharibə olsa daha çox itki olacaq və ikincisi, apreldə darmadağın edilməkdən Rusiyanın xilas etdiyi azərbaycanlılara dərs vermək lazımdır.

Göründüyü kimi, ermənilər arasında, nə qədər cəfəng də görünsə, ikinci meylin tərəfdarları daha çoxdur. Buna görə bizim hərbi rəhbərliyimiz tətbiq edilə biləcək A, B, C, D  planları hazır olmalıdır.

Həmin planların reallaşmasında zabit heyətinin və komandirlərin rolu, onların nüfuzu aparıcı rol oynayacaq. Xəritədə hamı ox çəkə bilər, amma heç də hər bir briqada komandiri tankın üstünə oturub əsgərləri arxasınca apara bilməz. Aprel müharibəsi bir daha sübut etdi ki, ugur belə komandirlərin olduğu yerdədir”, - Ü.Cəfərov bildirib.

Ermənistan tərəfin döyüş qabiliyyətini necə qiymətləndirməsi barədə sualın cavabında ekspert Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişikliklərinin olduğunu qeyd edib.

“Bu, Yerevanda nə dərəcədə ciddi nəticələrin çıxarıldığının və Ermənistan rəhbərliyinin orduda ciddi uğursuzluq və problemlərin olduğunu etiraf etməkdən qorxmadığının göstəricisidir. Biz eyni şəkildə hərəkət etməli və uğurların verdiyi eyforiyadan uymamalıyıq”, - Ü.Cəfərov vurğulayıb.

Eyni zamanda sirr deyil ki, döyüş əməliyyatlarının başlaması ilə erməni əhali tələsik Qarabağdan çıxmağa başlayıb, hərbi qulluqçular arasında isə fərarilik artıb, nizamnamədənkənar münasibət halları və hətta qətl hadisələri artıb.

Ermənilər artıq orduda korrupsiyanın və kriminalın yüksək səviyyədə olduğunu və buna görə müdafiə nazirinin və baş qərargah rəisinin birbaşa məsuliyyət daşıdığını etiraf etməkdən çəkinmirlər. Lakin cəmi bir neçə ay əvvəl Ermənistan cəmiyyətinin öz ordusu haqqında fikri bunun tam əksi idi.

Bu gün artıq Serj Sarkisyana istefa vermək və ya itirilənləri geri almaq barədə açıq çağırışlar səslənir. Və təsadüfi deyil ki, ermənilər general Samvel Babayanı orduya qaytarıb.

Ermənilərin 1993-1994-cü illərdə ki ən böyük uğurları onun adı ilə bağlıdir. Bir neçə il əvvəl Ermənistandan qovulsa da onu ölkəyə qaytarıb  Qarabaga göndəriblər.

“Bütün bunlar cəbhədə növbəti gərginləşmənin qaçılmaz olduğunu göstərir. Biz hazır olmalıyıq, düşməni qiymətləndirməmək olmaz və ən əsası, biz ermənilərin  bizi qəflətən yaxalamasına imkan verməməliyik”, - Ü.Cəfərov vurğulayıb.