“Uşaqlarda Qurana maraq hissi yaratmaq ailədən başlanmalıdır”

Qədir Məmmədov: `Müsəlman olaraq düşüncə və təfəkkür tərzimiz Qurana uyğun olmalıdır`

"İslaminsesi" saytının ”Quran maarifçiliyi” rubrikasının bu dəfəki qonağı ruhani kərbəlayi Qədir Məmmədovdur.

 

-Sizcə cəmiyyətdə Quran maarifçiliyi hansı istiqamətdə aparılmalıdır? Ümumiyyətlə bu yöndə təbliğat işləri sizi qane edirmi?

 

-Bismillahir Rəhmanir Rahim. Quran İslam dininin əsas sənədi və Peyğəmbərin (s) həmişəlik möcüzəsidir. Allah təala bəşəriyyəti hidayət etmək üçün Quranı nazil etdi. Biz İslam dininin daşıyıcıları olaraq Quranı taxça və sandıqlardan çıxarıb, onu gündəlük həyat tərzimizə çevirməliyik. Bir müsəlman kimi, bizim düşüncə və təfəkkür tərzimiz Qurana uyğun olmalıdır. Bizim əqidə, düçüncə, qərar və əməllərimizin yeganə məhvəri müqəddəs kitabımız olmalıdır. Quranı həyat tərzinə çevirmək üçün isə onu tilavət edib, ayələri üzərində düşünüb və onlardan ibrət almaq lazımdır. Təəssüflər olsun ki, camaatın böyük əksəriyyəti hələ də Quran oxuya bilmir.  Quranı üzündən oxumağı bacarmamaq hər bir müsəlman toplumu üçün böyük bir nöqsandır.

 

- Sizcə orta məktəblərdə din dərslərinin tədris olunmaması cəmiyyətdə hansı fəsadlara yol açır?

 

-Umumiyyətlə, dini təlimlər uşaqlıq çağlarında öyrədilməlidir. Kamillik və gözəllik dini olaraq onun mükəmməl şəkildə təlim edilməsi uşaqların düzgün tərbiyə olunmalarında böyük əhəmiyyətə malikdir. Dini təlimlər İslama  sevgini, vətənpərvərlik və əxlaq normalarına uyğun davranış tərzini uşaqlara aşılaya bilər. Əks təqdirdə isə o boşluq yersiz və mənasız düşüncələrlə doldurulacaq və bunun fəsadları özünü gec-tez cəmiyyət həyatının bütün sahələrində büruzə verəcək. Necə ki, hazırda bu vakumun olması səbəbindən gənc nəsil zərərli, insanlar üçün təhlükəli olan qeyri-ənənəvi təriqət və məzhəblərə meyl göstərir.

 

-İctimaiyyət arasında, xüsusən bölgələrdə insanlar müqəddəs kitabımızın missiyasını yalnış dəyərləndirirlər. Səhv düşüncə isə ondan ibarətdir ki, Quran sadəcə yas məclislərində oxunmaq üçündür. Bu məsələyə münasibətiniz...

 

-Quran insanları hidayət olunmaq, onları qəflət yuxusundan oyatmaq və səadətə çatdırmaq məqsədi ilə nazil olub. Quranı sadəcə yas mərasimlərində oxumaq və bu zaman sadəcə bəzi surələrin tilavətilə kifayətlənmək böyük haqqsızlıqdır. Quran qiyamət günü bəzi insanlara şəfaət etdiyi kimi, bəzi insanlardan da şikayət edəcəkdir.

Peyğəmbərin (s) qiyamət günü ümmətindən edəcəyi şikayətlərdən biri də Quranı özlərindən ayrı saxlamalarıdır. Axı Quran Peyğəmbərin (s) son nəfəsində bizlərə vəsiyyət etdiyi iki qiymətli əmanətdən biridir. Axı niyə biz bir müsəlman olaraq Qurandan ayrı düşmüşük? Niyə Quranın ayələri üzərində düşünmürük? Niyə Quranın ayələrindən ibrət  almırıq? Hansısa müəllifin yazdığı əsəri və ya sevdiyimiz insanların məktublarını dəfələrlə oxumaq, amma müəllifi böyük Allah olan Qurana laqeyd yanaşmaq haqsızlıq deyilmi? Düşünürəm ki, istənilən ictimai -siyasi, milli-mənəvi tədbirlər, beynəlxalq səviyyədə təşkil olunan məclislər Quranla açılıb Qurani Kərimdən söylənən kəlamlarla bağlanmalıdır. Amma təəssüf ki, çox vaxt bu vacib faktor diqqətdən kənarda qalır.

 

- Uşaqlarda Qurana maraq hissi formalaşdırmaq üçün nə etmək lazımdır?

 

-Uşaqlarda Qurana maraq hissi ailədə yaradılmalıdır. Bu baxımdan, valideynlərin üzərinə böyük məsuliyyət yükü düşür. Övlada Quran öyrətmək hədislərdə valideynin öhdəsinə düşən vəzifələrdən biridir. Uşaqları məscid və Quran məclislərinə aparmaq və mənzildə Quran fəzası yaratmaq köməkedici amil ola bilər.