Ərdoğan: Nəcəfdə şiələr öldükcə sünnilər deyil, düşmənlərimiz qazanır

Məhərrəm ayı münasibəti ilə Türkiyənin Prezident Sarayında görüş keçirən prezident Rəcəb Tayyib Ərdoğan, "Biz Kərbəlada birlikdə Yezidin ordusunun qarşısında olan insanlarıq. Dersimdə zülmün qarşısında olan insanlarıq. Sivasda Qazi Məhəlləsində, Çorumda, Kahramanmaraşda hər cür ölümün qarşısında birlikdə dayanan insanlarıq. Heç kimin ölümünə sevinmərik, heç kimin yaşamasına kədərlənmərik. Eyni torpaqların və mədəniyyətin insanlarıyıq, eyni yolun yolçularıyıq" deyib.
 
Maide.az xəbər verir ki, Ərdoğan çıxışında 10 Məhərrəmin bir ibrət tarixi, insanlığa ən böyük dərslərin verildiyi tarix olduğunu bildirib: "Əfəndimiz Hüseyn və Əhli-Beytin 10 Məhərrəmdə uğradığı fəlakət bir ibrət vəsiqəsi, insanlıq üçün bir dərsdir. Həzrəti Hüseyn Haqq yoluna qoyduğu canı ilə bizə, yaxşı və pis arasındakı fərqi öyrətmişdir. Həzrəti Hüseyn 10 Məhərrəm günü bizə haqq və batil mübarizəsini göstərmişdir. Həzrəti Hüseyn Əfəndimiz Kərbəlada bizə fədakarlığı, cəfakarlığı, haqda stabilliyi və səbri öyrətmişdir. Amma ən əhəmiyyətlisi, Həzrəti Hüseyn bizə Kərbəlada can fəda edərək, fitnədən qaçmağı, nifaqdan uzaq dayanmağı, yəni qardaşlığı, yəni birliyi öyrətmişdir. Kərbəla ortaq tariximizdə və ortaq yaddaşımızda son dərəcə ağrılı, amma son dərəcə ibrətlik, dərin dərslərlə və hikmətlərlə dolu bir hadisədir".
 
Ərdoğan nə Türkiyədə 77 milyonun fərdləri arasında, nə də İslam coğrafiyasının xalqları arasında həllə edilməyəcək heç bir məsələ olmadığını vurğulayıb. Axan hər damla qanın qardaş qanı, axan hər damla qandan sevinənin isə qardaşlarımızın düşməni olduğuna işarə edən Ərdoğan, "Dostu və qardaşı məyus etməkdən, düşməni sevindirməkdən bir an əvvəl imtina etmək, ağılı, vicdanı olan hər insanın məsuliyyətidir. Nəcəfin ziyarətgahlarında şiələr öldükcə, sünnilər deyil, düşmənlərimiz qazanır. Bağdadın məscidlərində sünnilər öldükcə şiələr deyil, ayrılıq qazanır. Şamın, Hələbin, Humusun, İdlibin, Hamanın yoxsul küçələrində uşaqlar öldükcə fitnə qazanır. Mosulda, Kərkükdə insanlar öldükcə müsəlmanlar deyil nifaq qazanır", - deyə bildirib.