“Ya pulumuzu qaytarın, ya da mülklərimizi”

`Sevil massivi`nin zərərçəkmişləri sabah aksiya keçirəcəklər

"Sevil massivi" Mənzil Tikinti Kooperativinin (MTK) bağlanmasından sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar nə mülklərinə sahib ola bilirlər, nə də ödədikləri vəsaiti geri ala bilirlər. 
 
Maide.az xəbər verir ki, zərərçəkmiş vətəndaşlar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən aldadıldıqlarını iddia edərək, noyabrın 14-ü, saat 12.00-da qurumun binası qarşısında etiraz aksiyası keçirəcəklər. Aksiyada tələb edəcəklər ki, onların ya pulları qaytarılsın, ya da mülklərindən istifadə edilməsinə imkan yaratsınlar. Qeyd edək ki, icra hakimiyyəti və Hökməli bələdiyyəsi tərəfindən zərərçəkmişlərin bir hissəsinin pulları geri ödənilib.  
 
Zərərçəkmişlərdən Həsən Hüseynov "Bizim Yol"a bildirib ki, cinayət işinin açılması onların problemini həll etməyib: "Bu ilin iyun ayından MTK rəhbərlərinə qarşı cinayət işi açıldı. Həmin vaxtdan insanlar işindən-gücündən avara qalıb, icra hakimiyyəti ilə bələdiyyənin yollarında qalıblar. Nə pulumuzu qaytarırlar, nə də bir tədbir görürlər. Hüquqlarımız tapdalanır. Abşeron Rayon İcra Hakimiyyəti və Hökməli Bələdiyyəsi tərəfindən sentyabr ayına qədər təxminən 350-yə yaxın zərərçəkmişin pulu qaytarılıb. Sentyabr ayından pul verilmir".
 
Şikayətçi bildirir ki, öz haqlarını əldə etmək üçün müraciət etmədikləri dövlət qurumu qalmayıb: "İyul ayından döymədiyimiz qapı qalmayıb. Nə qədər ərizə yazarlar, nə qədər ora-bura gedərlər axı. Mənim evim tam hazırdır. Evlənib köçürdüm ki, bağlandı, post quruldu. Nəinki  evimə, hətta evimin olduğu əraziyə belə gedə bilmirəm. Nə evimə qoyurlar, nə də pulumu verirlər. Bu ilin sentyabr ayında toyum olacaqdı. Restorana sifariş də vermişdim. Bax, bu problemlərə görə toyumuzu təxirə saldım. Pulumu versəydilər, cəhənnəmə! Neçə illik əziyyətimiz heç oldu, xəyallarım alt-üst oldu. Heç olmasa ikiotaqlı ev alıb evlənərdim. Biz bankdan kredit götürərək torpaq aldıq, ev tikdik. Bizi qoymadılar yaşamağa. Rəsmi qurumlar deyirlər ki, bu işdə korrupsiya və vergidən yayınma halları olub və məsələ araşdırılanadək biz tikinti apara bilmərik, evimizə sahib ola bilmərik".  
 
Qeyd edək ki, bir müddət əvvəl "Sevil massivi" MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs "qanunsuz sahibkarlıq" və "vergi ödəməkdən yayınma"da ittiham olunurlar.