Ərəstun Oruclu: “2014- cü il hətta 2013-cü ildən də uğursuz il oldu”

“Bu ili nəticələndirərkən müsbət istiqamətdə bir şey demək mümkün deyil. Bu ildə bir sıra hadisələrin şahidi olduq ki, bu hadisələr ölkənin perespektivi üçün müsbət heç nə vəd etmir”. Bunları Deyerler.org-a ilin sonu ilə bağlı ölkənin siyasi mənzərəsini şərh edərkən politoloq Ərəstun Oruclu deyib. O ilk olaraq siyasi həbslərə diqqət çəkərək deyib ki, ölkədə siyasi sifarişli həbslər kütləviləşdi: “Bu il vətəndaş cəmiyyəti tam sıradan çıxarıldı. Medianın durumu bir qədər də ağırlaşdırıldı, jurnalistlər həbs olundu. Siyasi partiyalar ölkənin ictimai-siyasi həyatında heç bir rol oynamır. Hakimiyyət faktiki olaraq ölkəni total nəzarətə götürdü. Təbii ki, bunun da həmişə öz çıxarları var və bu baxımdan biz bunların da şahidi olduq. Biz artıq gördük ki, ölkədə siyasi mübarizə getmir. Artıq hakimiyyətin qarşısına vətəndaşlar çıxır. Biz son aylarda bir çox yerlərdə sıravi vətəndaşların məmurlara qarşı müqavimət göstərdiyini, hətta xəsarət yetirdiyinin də şahidi olduq. Bu hakimiyyətin xalqla davranşının məntiqi nəticəsidir. Bu cür nəticələrdən biri də ölkənin bir çox cavanlarının ən radikal cərəyanlara qoşulmasını göstərmək olar. Biz Azərbaycanın faktiki beynəlxalq təcridə dorğu getdiyinin şahidi oluruq. Bu il qədər Azərbaycanın ünvanına heç bir vaxt tənqidi fikirlər səsləndirilməmişdi. Çoz təəssüflər olsun ki, bundan da nəticə çıxarılmadı. Hakimiyyət vəziyyəti bir qədər də ağırlaşdırdı. Mən yüksək ehtimal ilə deyə bilərəm ki, üzümüzə gələn il bundan da ağır olacaq”. /