Əmmar Həkim: `Zorakılıq və ekstremizm mədəniyyətini məhv etməliyik`

İraq Ali İslam Məclisinin sədri Seyid Əmmar Həkim bölgədə zorakılıq və ekstremizm mədəniyyətinin yox edilməsini istəyib.
 
Maide.az xəbər verir ki, bu barədə açıqlama verən Ali İslam Məclisinin sədri amerikalıların İraqdan çıxmasına işarə vuraraq, bu gün Amerikanın dünyanın 80 ölkəsində var olduğunu, işğal etdikləri yerlərdən bir daha çıxmadığını, ancaq İraqın işğaldan sonra amerikalıların tamamilə çıxdıqları və hakimiyyətin xalqın əlinə keçdiyi ilk ölkə olduğunu bildirib.
 
Kimlərin regionda radikalizm və mənfi cəhətləri dəstəklədiyini çox yaxşı bildiklərini, məntiqlərinin tamamilə aydın olduğunu, məntiqsiz və ağılsız insanların hər zaman başqalarına hörmətsizlik etdiklərini və başqalarının fikirlərinə əhəmiyyət verməməyə hazır olduqlarını, ancaq bunu İslamın qətiyyən qəbul etmədiyini bildirən Seyid Əmmar, "Onların ilk məqsədləri regionda etibarı yox etmək, müharibə törətmək, məzhəb və etnik fitnələr yaratmaqdır. Ancaq əmin olun ki, onlar da təhlükədədir və hazırda da bu təhlükə ilə üz-üzədirlər", - deyib.
 
İŞİD terror təşkilatının bu gün İraq və Suriyada olduğuna işarə vuran Əmmar Həkim, insan öldürmə və maşınlara bomba yerləşdirmə taktikasını bu terror təşkilatlarına öyrədən ölkələrdən bu dəstəkdən imtina etmələrini istəyərək, sözügedən terrorçuların sabah öz ölkələrinə qayıdanda eyni terror aktlarını bu dəfə öz ölkələrinə yönəlik edəcəklərini deyib.