Əlil uşaqların sayı azalıb

2015-ci ilin I rübündə təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam reabilitasiya olunub.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
 
Nazirliyin məlumatına görə, cari ilin yanvar-mart aylarında təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1627 nəfəri tam, 1118 nəfər hissəvi reabilitasiya olunub.
 
Ümumilikdə bu dövrdə tam reabilitasiya göstəricisi 3,2% olmaqla, hissəvi reabilitasiya 2%-dən 2,7%-ə yüksəlib. Hesabat dövründə ilkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilən şəxslərin sayı ötən ilin ilk rübü ilə müqayisədə 1515 nəfər (44,4%) azalıb. Cari ilin birinci rübü ərzində ƏƏSMN-nin bərpa müəssisələrində  1227 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq bərpa-müalicə xidməti ilə təmin edilib, habelə bu təbəqədən olan şəxslərə 6354 ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.  
 
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri bu il də uğurla davam etdirilir. Cari ilin birinci rübündə 28 nəfər əlilliyi olan şəxs Türkiyə Respublikasına bərpa müalicəsinə yola salınıb. Bu il ərzində ƏƏSMN tərəfindən 115 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 70 nəfər sağlamlıq imkanları məhdud uşaq, ümumilikdə 185 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndəriləcək ki, bu da ötən illə müqayisədə 20 faizədək çoxdur.